Xocalının deputatından ÇAĞIRIŞ – “İş adamları Qarabağdakı bərpa işlərinə dəstək olsunlar”

Hazırda oxunan: Xocalının deputatından ÇAĞIRIŞ – “İş adamları Qarabağdakı bərpa işlərinə dəstək olsunlar”

173101

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti və yenidənqurma işləri ilə bağlı geniş məlumat verib. 

Dövlət başçısı özəl sektorun nümayəndələrinə də müraciət edərək onları Qarabağa və Şərqi Zəngəzura investisiyalar qoymağa dəvət edib:

“Bir daha özəl sektora çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş köçkünlərə ŞAD XƏBƏR: Bu il beş şəhərə köç olacaq


“Sahibkarlar bütün işləri dövlətdən gözləməməlidirlər”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan Prezidenti bu çıxışında bütün sahələri əhatə edən fikirlər səsləndirib: 

“Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə özəl sektorun fəaliyyət göstərməsi və müəyyən istehsal sahələrinin yaradılması ilə bağlı da öz sözünü dedi və indidən öz xeyir-duasını verdi. Sahibkarlar isə bundan sonra əsas ağırlığın dövlətin üzərinə düşməsini gözləməməlidir. 

Bu sektor yalnız paytaxtda və ya mərkəzi şəhərlərdə fəaliyyət göstərmək üçün yaradılmayıb. Bütün ərazilərimizdə yeni iş yerlərinin yaradılması və əhalinin işlə təmin olunması, eləcə də bərpa və quruculuq işlərinə kömək etmələri üçün öz xidmətlərini təklif etməlidirlər”.

Deputatın sözlərinə görə, sahibkarların azad olunmuş ərazilərə yatırım etməsi, əhalinin məskunlaşmasına da dəstək verəcək: 

“Dövlət bu gün evlər, mənizllər tikir, əhalinin yaşaması və məşğulluğun təmin olunması üçün hər şeyi edir. Bakıda, Sumqayıtda, Gəncədə və digər mərkəzi şəhərlərdə fəaliyyət göstərən sahibkarlar da öz işlərinin bir hissəsini işğaldan azad edilmiş bölgələrimizdə də qursunlar ki, köçürüləcək əhalinin işlə təminatı tam həll olunsun. 

Dövlət başçısının tapşırığı və göstərişi ilə həm Nazirlər Kabineti, həm də Milli Məclis bu istiqamətdə müəyyən qanunlar və qərarlar qəbul edib. Buna görə də həmin bölgələrdə işləmək istəyən özəl sektorun nümayəndələrinə vergi və digər güzəştlər tətbiq olunur”. 

Müsahibimiz vurğulayıb ki, dövlətimizin başçısı bu istiqamətdə öz mesajını çatdırıb:

“Bundan sonra əsas məsuliyyət özəl sektorun üzərinə düşür. Buna görə də onun tövsiyələrinə və tapşırıqlarına uyğun olaraq sahibkarlar öz işlərini qurmalıdırlar. Hazırda Qarabağda və Şərqi Zəngəzurda müxtəlif istiqamətlər iş sahələri yaratmaq olar. 

Xüsusilə də, turizmin inkişafı ilə bağlı çoxlu işlər qurmaq mümkündür. Hətta bəzi sektorlar üzrə istehsalat sahələri də yaradılmalıdır. Hansısa bir sahibkarın Bakıda və ya digər mərkəzi şəhərlərin birində bir istehsalat sahəsi varsa, onun filialını Qarabağda yarada bilər ki, bununla da köçürülən əhalinin bir qismi üçün işləmək imkanı yaranacaq. Hətta, onlar tikinti ilə də məşğul ola və dövlətə dəstək verə bilərlər”.   

E.Məmmədov Prezident İlham Əliyevin həmin müsahibəsində qeyd etdiyi digər mühüm məqama da diqqət çəkib:

“Prezident torpaqlarımız azad olunandan bu günə qədər görülən işlərlə bağlı xaricdən heç bir dəstək almadığımızı bildirdi. Ancaq dövlət başçısı Özbəkistanın və Qazaxıstanın Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərdiyini diqqətə çatdırdı və bütün qalan layihələrin daxili imkanlar hesabına reallaşdırıldığını vurğuladı. 

Bunlar istisna olmaqla, bütün güc dövlətimizin üzərindədir və bütün işlər dövlət büdcəsinin hesabına icra olunur. Bu gün Azərbaycanda və ölkəmizdən kənarda xeyli sayda çox zəngin iş adamlarımız var. Bu gün dünya ermənilərinin tarix boyu Ermənistana və 3 il əvvələ qədər keçmiş qondarma quruma milyonlarla dollar dəyərindəki yardımlar ayırdığını hələ də unutmaq olmur. Bizim xaricdəki iş adamlarımız da quruculuq və bərpa işlərində dövlətə dəstək olsunlar”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin