Valyuta dəyişmək istəyənlərə XƏBƏRDARLIQ – “Məbləğ 500 dollardan çox olarsa…”

Hazırda oxunan: Valyuta dəyişmək istəyənlərə XƏBƏRDARLIQ – “Məbləğ 500 dollardan çox olarsa…”

170827

Mərkəzi Bankın (MB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib. Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. 

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 dollar ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min dollardan artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.  

Bəs belə bir limitin qoyulması nə ilə bağlıdır?

Yeni qərarı Bizim.Media-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib ki, bu tələblər maliyyə bazarlarına nəzarət sahəsində müasir təkmilləşdirmələrin aparılmasından irəli gəlir: 
 

MÖVZU İLƏ BAĞLI:

Valyuta mübadiləsi fəaliyyəti ilə bağlı YENİ QƏRAR: Kapital tələb olunacaq 


“Əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində olan bir sıra məsələlər vardı. Amma palata ləğv olunduqdan sonra mərkəzləşdirilmiş qaydada bu sahəyə nəzarət mexanizmlərinə ehtiyac yaranmışdı. Xüsusilə də valyuta mübadiləsi fəaliyyətinə lisenziya alınması üçün ərizə forması, girov vəsaitinin geri alınmasına dair rəyin forması və s. məsələlər öz hüquqi əhəmiyyətini itirmişdi. Ona görə də AMB bu sahədə yeni tənzimləmələrə qərar verdi. 

Yeni qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirilir”.

“Mübadilə yalnız nağd qaydada həyata keçiriləcək”

Millət vəkili bildirib ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində müvafiq sənədləri Mərkəzi Banka təqdim etməli olacaqlar:

“Bunlar əsasən, minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlıdır ki, bununla əlaqədar müvafiq tədbirlər də görülməlidir. Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib. Mübadilə yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək”.

“Sorğu-sual olunma ehtimalınız da mövcuddur”

İqtisadçı-ekspert Xalid Kərimli isə bu qərarın cəmiyyət üçün elə də böyük sürpriz olmadığını bildirdi.

Onun sözlərinə görə əvvəldən də müəyyən limit və sənədlər tələb olunurdu:

“Əgər vətəndaş 500 dollardan çox vəsaiti dəyişmək istəyirsə, o zaman şəxsiyyət vəsiqəsi yanında olmalıdır. Ancaq bu o demək deyil ki, 500 dollara qədər dəyişsəniz, şəxsiyyət vəsiqəsi ratifikasiya olunmayacaq. Yeni qaydalara görə, bir dəfəyə maksimum 20 min dollar dəyişmək mümkün olacaq. Bir il ərzində isə 20 min dollardan çox dəyişilərsə, əlavə sənədlər tələb oluna bilər ki, bu da gəlirlərin mənbəyi və buna görə verginin ödənilib-ödənilməməsi ilə bağlı ola bilər. 

Bu da o deməkdir ki, limitləri tənzimləmək və idarə etmək üçün hətta 1 dollara görə də şəxsiyyət vəsiqəsini ratifikasiya edəcəklər. Yəni hansısa bir formada kim olduğunuzu müəyyən edəcəklər. İllik 20 min dollarlıq vəsaiti dəyişdikdən sonra sorğu-sual olunma ehtimalı da mövcuddur. 

Ancaq 500 dollardan sonra şəxsiyyət vəsiqəsi tələb olunacaq. Çox güman ki, vəsaitlərin kimə satıldığını bilmək üçün surəti çıxarılacaq. İl ərzində 20 min dollarlıq limiti keçmək o demək deyil ki, vətəndaş 200 min manat ala bilməyəcək”. 

Əvvəllər dollar satışına heç bir limitin olmadığını xatırladan ekspert qeyd etdi ki, istənilən şəxs bankdan istədiyi qədər vəsaiti dollarla ala bilərdi:

“Amma bununla belə, aldığı pulun mənbəyini göstərməliydi. Üstəlik, bankda 1 ildə 20 min dollara qədər vəsaiti rahat şəkildə dəyişirdik, amma qeydiyyatı aparılırdı. Burada əsas məsələ odur ki, əvvəllər kağızda yazılmayan məsələlər və məcburiyyət normaları indi qaydalar şəklində müəyyənləşib və daha proqressiv olub”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin