“Kapital Bank”da komissiya haqları niyə YÜKSƏKDİR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Kapital Bank”da komissiya haqları niyə YÜKSƏKDİR? – RƏSMİ AÇIQLAMA

168010

Azərbaycanda banklararası pul köçürmələrində komissiya haqlarının yüksək olması əhali arasında narazılıq doğurur. Bununla bağlı redaksiyamıza şikayətlər daxil olur. Xüsusilə, “Kapital Bank”la bağlı bu yöndə şikayətlər daha çoxdur. Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, çıxış yolu hələ də tapılmayıb.

Komissiya haqları niyə yüksəkdir?

İqtisadçı-ekspert Rəşad Həsənov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, bankların bəzi hallarda tətbiq etdiyi faizlər çox yüksək olur: 
 

MÖVZU İLƏ BAĞLI:

“Kapitala Bank” bir il ərzində 28,5 milyon manat zərər EDİB – HESABAT  


“Xüsusilə, banklararası köçürmələr zamanı bunu müşahidə edirik. “İnterçeyn” xidmət haqlarının böyük olması bir sıra səbəblərdən qaynaqlanır. Burada tətbiq olunan faizlər, dərəcələr, sabit yığımlar birbaşa bankın özünün təşəbbüsü ilə ortaya çıxmış xərc növü deyil. Bu, eyni zamanda, ödəmə sistemlərinin xərclərini də əhatə edir. Çünki burada tərəf təkcə bank deyil. Bank ödəniş sistemlərinin infrastrukturundan istifadə edir. Həmin ödəniş sistemləri müvafiq banklar üçün müəyyən komissiyalar formalaşdırır. 

Bu komissiyaların minimum hədləri olur. Hər bir əməliyyat transaksiya sayılır. Transaksiyada minimum xərclər müəyyən edilir. Bunun nəticəsində də bankların tətbiq etdiyi yığımlar daha yüksək olur. Əlbəttə, bu da müəyyən problemlərə gətirib çıxarır”. 

“Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var”

Ekspert əlavə edib ki, bu kimi hallar nağdsız ödənişlər zamanı tətbiq olunan rüsumlarda da özünü göstərir: 

“Fikrimcə, Mərkəzi Bankın prosesə müdaxiləsinə ehtiyac var. Bu istiqamətdə müəyyən addımlar atılmağa başlayır. “İnterçeyn” xərclərinin yuxarı həddləri müəyyən edildi. Sərt müdaxilələr digər nöqsanlar yarada bilir. Burada bank sektoru müəyyən qədər dominantlıq daşıyır. Bu dominantlıq inhisarçı qiymətlərin formalaşmasına şərait yaradır. 

Qeyri-bank müştəriləri üzrə köçürmələrdə müşahidə edilən sərt rüsumların məbləğinin yuxarı həddinin müəyyən edilməsi mərhələsinə keçid başlamalıdır. Beləliklə, bu istiqamətdə mümkün qədər xərclərin optimallaşdırılması lazımdır. Eyni zamanda, ödəniş sistemlərinin şaxələnməsi və Mərkəzi Bankın müəyyən proqramları icra etməsi bankların müvafiq transaksiyaları üzrə xərclərinin optimallaşmasına səbəb ola bilər”. 

Mövzu ilə bağlı “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr üzrə proses sahibi Arzu Əliyeva sorğumuzu belə cavablandırıb:

Komissiya haqları nəyə əsasən təyin olunur?

"Komissiyalar vəsaitin mənbəyinə, əməliyyata - köçürmə, nağdlaşdırma, alış-veriş və. s, kart tiplərinə və əməliyyatın icra edildiyi ölkəyə əsasən təyin edilir. Qeyd olunan parametrlərin kombinasiyasından asılı olaraq əməliyyatın dəyəri dəyişə bilir. Məsələn, müştəri debet kartı ilə ölkə xaricində ATM-dən nağdlaşdırma əməliyyatı apararsa, bu əməliyyata görə, tarif cədvəlinə əsasən ondan xidmət haqqı tutulacaq. Bu, müştəriyə xidmət edən həmin xarici banka və əməliyyatın baş tutması üçün iki bank arasında hesablaşmanı təşkil edən ödəniş sistemlərinə ödənilən xidmət haqqıdır”.  

“Kapital Bank”ın banklararası komissiya haqlarındakı fərqliliklər nədən qaynaqlanır?

“Kapital Bank”ın emissiya etdiyi bir neçə kateqoriyada kartlar mövcuddur: debit, kredit, əmək haqqı, təqaüd. Kartların təyinatı və kart balanslarında olan vəsaitin mənbəyindən asılı olaraq komissiyaya yanaşma dəyişir. Məsələn, debit kartlarına vəsaitlər müştərinin özü tərəfindən mədaxil olunduğu üçün bu tip kartlarla aylıq 5000 manatadək köçürmə və ya nağlaşdırma komissiyasızdır. Eyni zamanda əməkhaqqı və pensiya kartlarında “Kapital Bank”ın ATM-lərindən vəsaitlərin nağdlaşdırılması limitsiz və tam pulsuzdur. Kredit kartlarında kredit xəttindən köçürmə və ya nağdlaşdırma edərkən xidmət haqqı tutulur”. 

Azaldılma ehtimalı varmı?

“Ümumiyyətlə, hazırda bir çox istiqamətlər üzrə komissiyalar tətbiq edilmir. Öncə qeyd edilənlərlə yanaşı debit, əmək haqqı və təqaüd kartları ilə Birbank mobil tətbiqi üzərindən Kapital Bank kartlarına vəsaitin köçürülməsi komissiyasızdır. Komissiyalar bazarda olan durumdan asıllı olaraq dəyişə bilir. Məsələn, pandemiya zamanı bir çox sosial kartlarla ölkənin bütün ATM-lərindən nağdlaşdırmada heç bir xidmət haqqı tutulmurdu”. 

Ödəniş kartları ilə əməliyyatlarda interçeync xidmət haqları necə tənzimlənir?

“Hazırda “interchange” tariflərinin yuxarı haqqı Mərkəzi Bank tərəfindən təyin edilir. “İntechange” iki bank rasında baş vermiş kart əməliyyatları zamanı tərəflər arasında yaranan xidmət haqqını müəyyən edir. Məsələn “A” bankın kart müştərisi “B” bankına məxsus ATM-dən vəsait çıxararsa, müştəriyə göstərilən xidmət nəticəsində “A” bankı “B” bankına ölkə üzrə təyin edilən “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir. 

Yaxud da əksinə, “A” bankının kart müştərisi “B” bankının POS terminalından alış-veriş edərsə, “B” Bankı “A” bankına ölkə üzrə təyin edilmiş “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir.
ATM üzrə “interchange” tarifi inkassasiya, texniki dəstək və ödəniş sistemlərinin xərclərinə əsasən təyin edilir. “POS” terminallar üzrə “interchange” tarifi isə ödəniş sistemlərinin xərcləri və “POS” terminal avadanlığının texniki dəstək üçün sərf olunan xərclərinə əsasən təyin edilir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin