Dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock” “Spot Ethereum – ETF” (iShares Ethereum Trust) üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib.
Bu barədə “SEC Form S-1” sənədində məlumat verib.
Sənədə əsasən, “iShares Ethereum Trust” ŞİRKƏTİ öz ETH aktivlərini “Coinbase Custody Trust Company” platformasında saxlayacaq. Fondun məqsədi, “Kraken” birjasının törəmə şirkəti olan “CF Benchmarks”ın “CME CF Bitcoin Reference Rate” (BRR) göstəricisini etalon kimi istifadə edərək, “ETH” qiymətinin dinamikasını “tam əks etdirmək”dir.
Xatırladaq ki, “BlackRock” artıq carı ilin iyun ayında “Spot bitcoin – ETF” üçün SEC-ə müraciət etmişdi. SEC-in qərarı ilə bağlı son tarix 2024-cu il 10 yanvar ayı müəyyən edilib.
Niyə “Spot Ethereum - ETF” bu qədər diqqət mərkəzindədir?
MÖVZU İLƏ BAĞLI:
“Bitcoin” hansı həddə qədər BAHALAŞACAQ?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev, burada bəzi maraqlı məqamların olduğunu bildirib. Onun sözlərinə görə, bəzi dövlətlərdə kriptovalyutalara hələ də hüquqi status verilməyib:
“Ona görə ki, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmirlər. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb, pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər.
“Spot Etehereum – ETF”, “ETH”in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa “Ethereum” almadan, yəni dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə “Nasdak”, “NYSE” kimi beynəlxalaq birjalarda “Ethereum ETF səhmlərini ala bilər.
“Etehereum ETF” rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan “ETH”yə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir”.
Onun sözlərinə görə, “Spot Ethereum - ETF”-nin təsdiqlənməsi ilə ənənəvi maliyyə və kriptovalyuta bazarları arasında boşluğun aradan götürüləcəyi gözlənilir:
“Kriptovalyutalara əsaslanan “Spot ETF”lərin gələcəkdə təsdiqlənməsi kripto-sənaye üçün əhəmiyyətli bir inkişaf ola bilər. Ona görə ki, bu, investorlara rəqəmsal aktivləri özləri satın almadan və saxlamadan birbaşa çıxış əldə etməyə imkan verəcək. Bununla belə, SEC manipulyasiya risklərini və bazarın kifayət qədər tənzimlənmədiyini əsas gətirərək, spot kripto ETF-ləri üçün heç bir müraciəti hələ təsdiq etməyib”.
Rövşən Ziya, Bizim.Media