Gələn il benzin UCUZLAŞACAQ? – AÇIQLAMA

Hazırda oxunan: Gələn il benzin UCUZLAŞACAQ? – AÇIQLAMA

165755

Gələn il Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir. Bu onunla izah edilir ki, növbəti ildən aksizlər üzrə daxilolmalar artırılacaq. Bu da ölkədə “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərinin yüksələcəyi ehtimalını gündəmə gətirib. Çünki hər iki markadan olan benzinlər ölkəmizə idxal olunur.

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” və “Aİ-98” benzinində bahalaşması 2022-ci ilin iyulunda baş verib. O zaman “Aİ-95”-in litri 1.6 manatdan 2 manata, “Aİ-98” isə 1.9 manatdan 2.3 manata qaldırılıb.

“Qiymətlər arta bilər”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, indiki halda qiymət artımları ilə bağlı nəsə demək doğru olmaz:

““Aİ-95” və “Aİ-98” markalı benzin ölkəmizə idxal edilir, burada istehsal olunmur. İdxal edilən məhsula da təbii ki, aksiz vergisi tətbiq edilməlidir. Əgər yeni ildən adı çəkilən benzin növlərinə aksiz vergisi tətbiq ediləcəksə, onda həmin növ benzinlərin qiyməti artacaq. İdxal etdiyimiz benzinin qiyməti bizdən asılı olmayan səbəblərə görə də bahalaşa bilər. Bu dünya bazarında neftin kəskin bahalaşması ilə bağlı ola bilər”.

“Bakı Neftayırma zavodunun yenidənqurma prosesi başa çatarsa...”

Akif Nəsirli onu da qeyd edib ki, aksiz vergisi tətbiq olunsa da adı çəkilən benzin növlərinin qiymətləri qalxmaya bilər:

“Məlumdur ki, Bakıdakı Neftayırma zavodu yenidən qurulur. Təxminlərimə görə yenidənqurma prosesi 2023-cü ilin ortalarınadək başa çatmalıydı. “Aİ-95” və “Aİ-98” markalı benzinlər həmin zavodda istehsal olunmalıydı. Amma yenidənqurma işləri ləngidiyindən ehtimal var ki, 2024-cü ildə bu proses başa çatsın və zavodda “Aİ-95” və “Aİ-98” markalı benzinlərin istehsalına başlanılsın.

Əgər zavodda istehsal başlasa, onda benzinin qiymətinin qalxma ehtimalı çox azdır. Əksinə, yerli istehsal olsa, “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiyməti aşağı düşəcək. Bu da təbii ki, Tarif Şurasının qərarından asılı olacaq. Çünki yerli benzinin pərakəndə satış qiymətini Tarif Şurası müəyyən edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin