Cari ilin sentyabrında illik inflyasiya 5.1% təşkil edib. Bu göstərici ötən ilin sentyabrında qeydə alınmış pik səviyyə ilə müqayisədə 10.5 faiz bəndi aşağıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Yaşayış minimumundakı artım inflyasiya ilə UYĞUNDUR? – TƏHLİL
Mərkəzi Bankın son proqnozlarına görə, inflyasiyanın 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% olacağı gözlənilir.
İnflyasiyaya ərzaq məhsulları qiymətlərində dəyişim də təsir göstərib
Sənəddə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiyanın ötən ilin eyni dövrünə nəzərən 10.9% olduğu göstərilib. Qeyd olunub ki, hesabat dövründə ümumi inflyasiya səviyyəsinin dinamikasına ərzaq məhsulları qiymətlərində dəyişim daha çox təsir göstərib.
Sentyabrda illik ərzaq inflyasiyası 4.5%, orta illik ərzaq inflyasiyası isə 12.4% təşkil edib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər sentyabrda illik 5.9%, orta illik 10.1% artıb.
Xidmətlər son 1 ildə 5.4% bahalaşıb və orta illik xidmət inflyasiyası 9.6% təşkil edib. Ümumilikdə, sentyabrda illik inflyasiyaya 2 faiz bəndi ərzaq, 1.4 faiz bəndi qeyri-ərzaq, 1.7 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.
Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiyası sentyabrda 5.2% təşkil edib. Orta illik baza inflyasiya isə 2023-cü ilin yanvar-sentyabr aylarında 10.9% olub.
Xarici amillərin təsiri də böyük olub
İllik inflyasiyanın dinamikası həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir.
Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, ümumi əmtəə qiymət indeksi sentyabrda illik əsasda 19.8%, o cümlədən enerji qiymətləri üzrə 25.6%, qeyri-enerji qiymətləri üzrə 3.9% enib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi sentyabrda aylıq əsasda 0.1%, illik əsasda 10.7% azalıb. Daxili valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini yumşaldıb.
Bəs, Azərbaycan hökuməti hansı tədbirlər görür?
Hökumət tərəfindən görülən işlər, o cümlədən “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin Sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrası inflyasiyaya azaldıcı təsir göstərməkdədir. Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir.
Gözləntilər nədən ibarətdir?
Faktiki inflyasiyanın azalmasına baxmayaraq proqnoz horizontu üzrə inflyasiyanın xarici mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.
Geosiyasi gərginliyin miqyasının artması, yeni müharibə ocaqlarının yaranması, təbii anomaliyalar dünya bazarında qida və enerji qiymətlərində əlavə artımlara səbəb ola bilər. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını artırıb ki, bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiyanı gücləndirə bilər.
Rövşən Ziya, Bizim.Media