Agentlikdən icbari tibbi sığortadan şikayətlərlə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Agentlikdən icbari tibbi sığortadan şikayətlərlə bağlı AÇIQLAMA  

164842

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı problemin olduğunu əks etdirən yazı dərc etmişdik. Yazıda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaş müraciətinə vaxtında məhəl qoymaması, əsassız bəhanələr gətirərək, qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən icbari tibbi sığorta xidmətindən boyun qaçırdığını qeyd etmişdik.  

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-nın sorğusunu cavablandırıb.  

Qurumdan bildirilib ki, “Sumqayıt Hospital”dan xəstəyə icbari tibbi sığorta çərçivəsində göstərilmiş stasionar tibbi xidmət və beyin KT müayinələrinin göstərilməsi ilə bağlı məlumat daxil olub: 

“Təqdim edilmiş tibbi xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ilin oktyabr ayının hesabatına daxil edilib və ödənilməsi üçün ekspertizaya təqdim edilib. Məlumat üçün bildirək ki, sığortaolunanlara cari ayda göstərilmiş xidmətlər ekspertizaya növbəti ayın 5-dən gec olmayaraq təqdim olunur və elektron imza ilə təsdiq edilmiş elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) gün müddətində Qanunun 15-26-cı maddələrinə uyğun olaraq tibbi xidmətlərin tibbi iqtisadi ekspertizası aparılır. Yalnız ekspertizanın icrasından sonra akt tərtib edilir və bundan sonra akt əsasında ödənişlər həyata keçirilir”. 

Agentlik növbəti dəfə soruğumuza yeni açıqlama təqdim edib. Məlumatda bildirilib ki, xəstə ilə bağlı Sumqayıt Hospitaldan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş stasionar tibbi xidmət (tibbi xidmətin kodu: 2.7.17.1) və beyin KT müayinələrinə əsasən Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri üzrə məbləğ ödəniləcək: 
“Agentlik tərəfindən Hospitala ödənilən məbləğ vətəndaşın ailəsinə qaytarılacaq. Onu da qeyd edək ki, vətəndaşlara Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göndəriş vərəqəsi ilə (təcili və təxirəsalınmaz hallar istisna olmaqla) göstərilir”. 

Xatırladaq ki, insult keçirən Sumqayıt sakini TƏBİB-in təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılıb.

Xəstəxanadan bildirilib ki, müəssisəsdə xəstəyə tibbi xidmət göstərilməsi üçün lazım olan avadanlıqlar yoxdur. Bu səbəbdən ağır durumda olan xəstə yenidən təcili tibbi yardım briqadası ilə “Sumqayıt hospital”a aparılıb. Özəl tibb müəssisəsinin günlük qalma xərcləri baha olduğu üçün ailə icbari tibbi sığortadan yararlanmaq qərarına gəlib. Müvafiq qaydalarla hospitalın sığorta bürosu tərəfindən Agentliyə müraciət olunub.

Amma Agentlik xəstənin hospitalda aldığı xidmətlərin dəyərini qarşılamaqdan imtina edib. Səbəb isə gətirilib ki, xəstəyə göstərilən tibbi xidmət, stasionar yatış və KT müayinəsi icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil.  

Bizim.Media məsələni araşdırandan sonra məlum olub ki, bəhs etsiyimiz xəstəyə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.

Üstəlik “Sumqayıt Hospital” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısına aiddir. Belə ki, xəstənin icbari tibbi sığorta xidmətlərindən yararlanmaq hüququ olduğu halda, bundan imtina edilib.  
Bu kimi nümunələrin təkrarlanmaması və digər vətəndaşların da haqqına girilməməsi üçün məsələni gündəmə gətirmişdik.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin