Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil yanacağından 2 milyard 518.3 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.6% çoxdur.
Qeyd edək ki, cari dövrdə alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bəs, yanacağa tələbatın artmasına səbəb nədir?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda benzin və dizel yanacağının satışından əldə olunan GƏLİRLƏR
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bu məbləğə yalnız istehlakçıların yanacaqdoldurma məntəqələrindən aldıqları yanacağa görə ödədikləri vəsaitlər daxil edilib:
“Müstəqilliyimizin ilk illərində Azərbaycanda avtomobillərin sayı 200 minə çatmırdı və təxminən 170-180 min ədəd arasında idi. Hazırda isə onların sayı 1.6 milyon ədəddir. Pandemiyadan sonrakı dövrlərdə onların ölkəyə idxalında kəskin artım baş verib”.
Onun sözlərinə görə, ölkəmizə illik avtomobil idxalı 70-80 min ədəd arasında dəyişir:
“Bu da yanacağa sərf olunan vəsatinin həcminə təsir edir. Əgər bir sürücü ən azı həftədə bir dəfə avtomobili ilə şəhərə çıxırsa və 10 manatlıq yanacaq alırsa, bu da xərclənən vəsaitə daxil edilir və həcmi artırır. Bu gün bir çoxları borc və ya kreditlə avtomobil alır və özünü hamıya göstərir. Yanacağa hətta 3 milyard manat da xərclənə bilər və 10 il sonra bu vəsait 5 milyard manata çata bilər. Yanacaq da çörək kimidir və tələbat olduğu üçün hamı alır”.
Rövşən Ziya, Bizim.Media