“Şahdağ Turizm Mərkəzi”nin vergidən yayınması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Şahdağ Turizm Mərkəzi”nin vergidən yayınması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

161590

Hesablama Palatası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi” QSC barədə sensasion məlumat paylaşıb. Məlumatda bildirilir ki, ötən il Mərkəz 1,2 mln. manat məbləğində əmlak vergisi ilə bağlı ödəməni dövlət büdcəsindən yayındırıb.

Başqa hansı qanun pozuntuları var?

Bundan əlavə, Cəmiyyətin işçilərinin sayı və balansında olan əsas vəsaitlərin mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması təmin edilməyib. Rəsmi məlumatda qeyd olunan maraqlı məqamlardan biri də odur ki, şirkət Bakı şəhəri üzrə DVX-nin Milli Gəlirlər Baş İdarəsində deyil, Qusar rayonu üzrə 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınıb.

Audit zamanı müəyyən edilib ki, mərkəz həm də qanunsuz elektrik enerjisi istehsal edib. Belə ki, Cəmiyyətin tərkibində Qusar-Ləzə yolunun 29-cu kmdə yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası fəaliyyət göstərir. Stansiyada “Azəriqaz” İstehsalat Birliyindən alınmış təbii qazdan istifadə edilməklə, ümumi elektrik enerji gücü 10,5 mvt olan elektrik enerjisi istehsal edilib, amma müvafiq icazə Energetika Nazirliyindən alınmayıb.

“1,2 milyonluq fərq aradan qaldırılıb”

Qeyd olunan məlumatlarla bağlı Dövlət Turizm Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “Şahdağ Turizm Mərkəzi” QSC-də Hesablama Palatasının dövlət vəsaitlərinin və əmlakının idarə olunması auditi 24.02.2023-18.03.2023-cü il tarixində keçirilərək auditor hesabatı 01.01.2021-31.12.2022-ci ili əhatə edib. İllik vergi bəyannaməsi təqdim olunduqdan sonra qeyd olunan 1.2 mln manatlıq fərq aradan qalxıb və 2.6 mln manat əmlak vergisi tam olaraq bəyan olunub.

Xüsusi olaraq qeyd etmək istərdik ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin 2022-ci il üzrə maliyyə hesabatında həmin məbləğ öz əksini tapıb”.

Məlumatda həmçinin bildirilir ki, ”Şahdağ Turizm Mərkəzi” QSC Qusar rayonu ərazisində qeydiyatdan keçdiyi üçün Dövlət Vergi Xİdməti tərəfindən 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınıb:

“Bundan əlavə,“Şahdağ Turizm Mərkəzi” QSC-nin hər il maliyyə vəziyyəti haqqında geniş hesabat hazırlanaraq açıq məlumat kimi Mərkəzin rəsmi veb saytında “Maliyyə hesabatları” səhifəsində yerləşdirir (//www.shahdag.az/az/financial-reports). Qeyd olunan bölməyə daxil olaraq mərkəzin fəaliyyətinə dair məlumatları əldə edə bilərsiniz”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin