İsrail-HƏMAS müharibəsi ilə bağlı XƏBƏRDARLIQ – “Neftin qiyməti 200 dollara çata bilər”

Hazırda oxunan: İsrail-HƏMAS müharibəsi ilə bağlı XƏBƏRDARLIQ – “Neftin qiyməti 200 dollara çata bilər”

160274

İsrail-HƏMAS müharibəsi uzun müddət davam etsə, dünya yeni iqtisadi böhranla üz-üzə qala bilər. Ən başlıcası neftin qiyməti kəskin şəkildə artar. Təsadüfi deyil ki, artıq bəzi ekspertlər həyəcan təbili çalır. 

Təhlükəli ssenari

Məsələn, rusiyalı iqtisadçı ekspert Maksim Kanişev deyir ki, Yaxın Şərqdə münaqişənin bəzi ssenariləri dünya bazarında neftin qiymətini 4 dəfə artmasına, yəni “Brent” markalı neftin təxminən 400 dollara qədər yüksəlməsinə gətirib çıxara bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Qüds QANA DOYMUR – III Dünya Savaşı Yaxın Şərqdə BAŞLAYACAQ?


O fikrinin belə əsaslandırır ki, 1973-cü ildə oxşar vəziyyətdə, İsrailin Suriya və Misirlə müharibəsi zamanı İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bütün neft hasil edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə, o cümlədən ABŞ, Böyük Britaniya və Kanadaya neft tədarükünə embarqo qoydular. Bunun nəticəsində, neftin qiyməti dörd dəfə artdı və böyük enerji böhranı yaşandı.

Maksim Kanışevin fikirləri maraqlı olsa da reallıqdan çox uzaqdır. Çünki, hazırda dünya iqtisadiyyatında bir zəncir var.

Ölkələrin iqtisadiyyatı bu və ya digər şəkildə başqa ölkələrdən asılıdır. O cümlədən də neft hasil edən ölkələrin iqtisadiyyatı qeyri-neft ölkələriylə sıx bağlıdır. Ona görə də heç bir təhdid neftin qiymətini 400 dollara qaldıra bilməz.

“Heç bir məntiqə sığmır”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, 1973-cü illə indiki vəziyyəti eyniləşdirmək qətiyyən mümkün deyil:

“Digər tərəfdən hər bir məhsulun maksimum satış həddi var. Məlumdur ki, bazardakı qiyməti tələb-təklif  müəyyən edir. Yəni bazara nə qədər az neft çıxarılsa, qiymət  o qədər baha olacaq. Lakin iqtisadiyyat qanunlarına görə, hər bir məhsulun müəyyən alış qiyməti var. O həddi keçəndə həmin məhsulun alışı sərfəli deyil. Bu mənada neftin qiymətinin 400 dollara qədər artması heç bir məntiqə sığmır.Bu reallıqdan uzaq bir fikirdir”. 

Müharibə uzanarsa...

Eldəniz Əmirov fikrincə , müharibənin uzanacağı və şaxələnəcəyi təqdirdə qiymətlərdə sıçramaların olması qaçılmazdır:

“200 dollardan yuxarı olan neft qiymətləri iqtisadiyyatı elə bir həddə gətirib çıxara bilər ki, dərin bir böhran yaşanar. Belə demək mümkünsə, neft qəhətə çəkilsə belə 200 dollardan yuxarı qiymət sadəcə ağılasığan deyil. Bütün bunlarla yanaşı, Qəzza bölgəsində baş verənlər neftin qiymətinə öz təsirini göstərəcək. 

Xüsusilə, İranın və Səudiyyə Ərəbistanının müharibəyə qoşulacağı təqdirdə neftin qiyməti 150 dollara qədər bahalaşa bilər. 120-130 dollar daha realdır. Əgər ABŞ da bu müharibəyə tərəf kimi qoşulsa, onda qiymətlər bir qədər də arta bilər. Bu vəziyyətdə neftin qiyməti 170-180 və hətta 200 dollara qədər yüksələ bilər. 
Amma 200 dollardan baha satılan nefti hazırkı dünya iqtisadiyyatı həzm etmək iqtidarında deyil. Onu da qeyd edək ki, əgər qiymətlər 200 dollara yaxınlaşsa, onda neft məhsullarından xam mal kimi istifadə edən müəssisələrin işində durğunluq yaranacaq. İnfilyasiya sürətlə artacaq. Beləcə dünya qlobal iqtisadi böhrana girəcək”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin