16 oktyabr - Ümumdünya Ərzaq Günüdür. 1954-cü ildən bu yana Ərzaq Günü beynəlxalq aləmdə qeyd edilir. Bu günlə əlaqədar keçirilən tədbirlər bütün dünyada ərzaq çatışmazlığının qarşısını almaq üçün dövlətləri və təşkilatları səmərəli əməkdaşlığa çağırır.
Bəs, Azərbaycan öz ərzaq təhlükəsizliyini necə təmin edib?
Məlumat üçün qeyd edək ki, hazırda istehlak etdiyimiz hər 5 məhsuldan 4-ü idxal malıdır. Ərzaq sahəsində də oxşar vəziyyət hökm sürür. Hazırda ərzaqlıq buğdaya olan ehtiyac əsasən idxal hesabına ödənilir. Hər il ölkəmizə ən azı 1 milyon 200 min, 1 milyon 400 min ton ərzaqlıq buğda idxal olunur. Bu da ümumi ehtiyacın 50 faizi deməkdir.
MÖVZU İLƏ BAĞLI:
Ölkədə bir sıra məhsullar BAHALAŞIB - RƏSMİ
İkinci çörək hesab edilən düyü ehtiyacımızın 70 faizi, tərəvəzin-soğan və kartofun 60 faizi, heyvan ətinə olan ehtiyacımızınsa 30 faizdən çoxu idxal hesabına ödənilir. Hazırda yalnız yumurtaya olan ehtiyacımız 100, toyuq ətinə olan ehtiyacımızsa 90 faiz yerli istehsal hesabına ödənilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti şərh edib:
“Ən yaxşı halda ərzaq ehtiyaclarımızın ancaq 25 faizini daxili istehsal hesabına ödəyirik. Ərzaq buğdası və digər qida məhsullarının əsas hissəsini xaricdən alırıq. Bu mənada Azərbaycanın bu sahədə görməli olduğu işlər xeyli çoxdur. Elə ərzaq məhsulları var ki, biz onun 100 faizini də xaricdən alırıq. Bəzi məhsullarınsa 80-90 faizini idxal edirik.
Ən yaxşı vəziyyət meyvə-tərəvəz sahəsindədir. Orda yerli istehsalın payı daha çoxdur. Qırmızı ətlə bağlı vəziyyət pis deyil.
Amma bir sıra ərzaq növləri üzrə əsasən idxaldan asılıyıq. Bunun da həll imkanları var. Sadəcə təşəbbüsləri artırmalı və yerli istehsalı stimullaşdırmalıyıq”.
Surxay Atakişiyev, Bizim.Media