“İran Naxçıvana qaz nəqli üçün Azərbaycandan 3 dəfə artıq xidmət haqqı İSTƏYİRDİ

Hazırda oxunan: “İran Naxçıvana qaz nəqli üçün Azərbaycandan 3 dəfə artıq xidmət haqqı İSTƏYİRDİ

157355

“Azərbaycanda qurulan böyük günəş stansiyalarından biri də Naxçıvan ərazisindədir. Burada hətta külək stansiyalarının, o cümlədən hidroelektrik potensialının artırılması ilə bağlı layihələr hazırlanıb. Üstəlik, burada daha bir günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulub”.

Bu sözləri Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, qurulacaq alternativ enerji mənbələri yaxın gələcəkdə Muxtar Respublikanın enerji ixracı potensialını artıracaq:

“Düzdür, bu sahədə vəziyyət stabil olmasa da, düzəlməyə doğru gedir. Bu da onu göstərir ki, biz bu stansiyalardan əldə edəcəyimiz enerjini qonşu ölkələrə də sata biləcəyik. Hazırda Naxçıvanın enerji tələbatı Araz çayı üzərində qurulan hidroelektrik stansiyasından və İrandan gələn qazdan asılı vəziyyətdədir”.

Müsahibimiz iki gün əvvəl Naxçıvanda təməli qoyulan 80 kilometrlik Naxçıvan-İğdır qaz boru kəmərinin məqsədini də açıqlayıb:

“Bu kəmərin çəkilməsi məhz Muxtar Respublikanı stabil təbii qazla təmin etmək, eləcə də iqtisadiyyatının enerjiyə olan tələbatının yaxın gələcəkdə tam ödənilməsinə xidmət edir. Bu təminat 2005-ci ilin noyabrın 25-dən etibarən Astara üzərindən İran vasitəsilə həyata keçirilir.

Ancaq Tehran bu illər ərzində xidmət haqqını bir neçə dəfə artırdı, üstəlik, öz xidmət haqqı kimi Azərbaycandan 15 faiz həcmində natural qaydada qaz almağa başladı. Dünyanın istənilən nöqtəsində bu həcm 5 faizdən də aşağıdır”.

Ekspert İğdır-Naxçıvan qaz-boru kəmərinin istənilən halda, Azərbaycan üçün daha sərfəli olduğunu qeyd edib:

“Bu layihəni rəsmi Bakı həm də kommersiya baxımından rentabelli etmək üçün işə salır. İran vasitəsilə Naxçıvana verilən qaz təkcə məişətdə istifadə olunmur. Bunun böyük bir hissəsi Naxçıvan Su Elektrik Stansiyasında elektrik enerjisinə çevrilir”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında, Naxçıvanda həm günəş, həm elektrik, həm də su elektrik stansiyalarının qurulması üçün böyük potensialın və planların olduğunu bildirdi.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin