“Tarif (qiymət) Şurasının son qərarı ölkədə qeydiyyatdan keçdikdən sonra satılan dərman preparatlarının yeni qiymətlərini müəyyən edir. Eyni zamanda, bu qərar Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatına icazə verilmiş və qiymətləri yeni tariflə müəyyən edilmiş preparatlara şamil edilir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Dərman qiymətləri UCUZLAŞACAQ - Tarif Şurasından QƏRAR
Onun sözlərinə görə, hazırki dərman qiymətləri çox yüksəkdir:
“Son qərara qədər bütün dərman vasitələri əvvəlcədən müəyyən edilmiş qiymətlər əsasında satılırdı. Bu da bəzi əczaçılıq şirkətləri üçün rəqabətlilik baxımından əlverişli olsa da, əhali üçün çox əlverişsiz idi. Buna görə də cəmiyyətin bütün təbəqələri tərəfindən bu məsələ davamlı şəkildə müzakirə olunur və tənqid edilirdi. Üstəlik, qiymətlərin istehsalçı ölkələrdən 3-4 dəfə baha olması ilə bağlı iradlar səsləndirilirdi. Bu da şirkətlər arasında rəqabətlilik mühitini xeyli aşağı salırdı”.
Yeni dəyişiklikdən sonra ölkədə fərqli rəqabət mühitinin yaranacağını deyən M.Məmmədli qeyd edib ki, artıq dərman vasitələrinin qeydiyyatı da sürətlənəcək:
“Gömrükdə prossedurları da asanlaşdırılacaq ki, bu da ixracatın daha çevik həyata keçirilməsinə dəstək verəcək. Nəticədə isə yaxın vaxtlarda hansısa dərman vasitəsinin bazarda itməsi, şirkətlərdə olmaması kimi neqativ halları da aradan qaldıracaq. Bu gündən etibarən istər ölkədə istehsal olunan, istərsə də idxal olunan dərman vasitələrini həm topdanşatış məntəqələri, həm də apteklər indikindən də aşağı qiymətə sata biləcəklər. Bu proses şirkətlər arasında sərbəst rəqabətin formalaşmasına da şərait yaradacaq və ölkə vətəndaşların bu cür dərmanlara əlçatanlılığı təmin olunacaq”.
Xatırladaq ki, sentyabrın 15-də Tarif (qiymət) Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul etdi.
Rövşən Ziya, Bizim.Media