Rublla köçürmələrə QADAĞA – Rusiyadakı soydaşlarımızı NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Rublla köçürmələrə QADAĞA – Rusiyadakı soydaşlarımızı NƏ GÖZLƏYİR?

155343

VTB-nın rəhbəri Andrey Kostin bir neçə gün əvvəl Rusiya hökuməti qarşısında daha sərt valyuta nəzarətin qoyulması və rublun ölkədən çıxarılmasına məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı bəzi təkliflər irəli sürüb. 

Rusiyanın artıq sülh dövründə yaşamadığını diqqətə çardıran VTB rəhbəri, limitin xarici valyuta ilə ayda 1 milyon dollar olduğunu, lakin rublla da istənilən qədər köçürmənin mümkün olduğunu söyləyib: 

“Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır. Həddi xarici valyutada olduğu kimi 100 milyon rubl müəyyən etmək olar”.

Qeyd edək ki, Rusiyada hazırda 2 milyondan çox azərbaycanlı yaşayır və onlarının azı 70 faizi hər ay Azərbaycandakı ailələrinə pul göndərirlər ki, bunun böyük hissəsi rublladır. 

Bəs, məhdudiyyət tətbiq olunarsa, bu, azərbaycanlıların pul köçürmələrinə necə təsir edəcək? 

İqtisadçı-ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında, bu məhdudiyyətin tətbiq olunması Rusiya iqtisadiyyatına dividend gətirməyəcək:

“Adətən xarici valyutanın, əsasən də dolların ölkədən çıxışına qadağanın qoyulması, rubla olan təzyiqi artırır. Artıq bu valyutaya olan təzyiqlər kifayət qədər ciddidir. Bununla bağlı problem olmadığı halda, qadağanın qoyulması doğru addım deyil. Bunun baş verəcəyini, üstəlik, bunun Rusiya iqtisadiyyatı üçün hansısa müsbət tərəfinin olacağını gözləmirəm”.

Bank-maliyyə sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov isə bu məhdudiyyətin xırda köçürmələrə aid olmayacağı qənaətindədir: 

Orada yaşayan azərbaycanlıların iri köçürmələr etmədiyini söyləyən hüquqşünasın sözlərinə görə, bu, daha çox sahibkarlıq və biznes sahələri ilə bağlı iri köçürmələrə aiddir:

“Əgər belə olsa, bir vətəndaşa müəyyən məhdudiyyətlər qoyulacaq. Orada yaşayan həmvətənlərimizin böyük  əksəriyyəti burdakı ailələrinə kiçik məbləğli köçürmələr edirlər. Bunlar da ay ərzində elə böyük məbləğlər olmur. Onlar həmin vəsaitləri bir neçə şəxs arasında da bölə bilərlər. Bu baxımdan da, bu, fiziki şəxslər və sadə vətəndaşlara aid ediləcəyini düşünmürəm. Məhdudiyyət daha çox iriməbləğli köçürmələrə tətbiq olunacaq”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin