Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi” konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər - FOTO
Bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib.
Şərqlə Qərbin kəsişməsində strateji mövqedə yerləşən Azərbaycan çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir. Xidmətlər sektorunun önəmini vurğulayan iqtisadiyyat naziri ölkəmizin nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verdiyini diqqətə çatdırıb.
Bu baxımdan, Azərbaycanda həyata keçirilən layihələr, Ələt Azad İqtisadi Zonasının imkanları xüsusi əhəmiyyətə malikdir.
Nazir işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası prosesində innovasiyaların və ağıllı texnologiyaların tətbiqinə əsaslanan birgə layihələrin icrası imkanlarını qeyd edib.
Tədbirdə Çinin kommersiya naziri Van Ventao ölkəsinin investisiya imkanları, xidmət sənayesi, həmçinin bu sahələrdə əməkdaşlıq potensialı barədə məlumat verib.
Konfransda Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin dövlət naziri Dominik Conson, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktorunun müavini Doroti Tembo və digər rəsmi qonaqlar çıxış ediblər. Tədbir sessiyalarla davam edib, müzakirələr aparılıb.
Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivlərini nəzərdən keçiriblər.
Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə tanış olub. Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə beşinci dəfə iştirak edir.
Bizim.Media