Düyünün qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Düyünün qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA 

144542

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı son məlumata görə, cari ilin 5 ayı ərzində Azərbaycanda 2 325,9 hektar sahədə çəltik əkilib. 

Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda isə göstərilir ki, bu ilin 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 29 milyon 768.94 min ABŞ dolları dəyərində və 33 184.39 ton həcmində düyü idxal olunub.

Ötən ilin eyni dövründə isə bu idxal 20 milyon 342.73 min dollar dəyərində və 24 722.36 ton həcmində olub. Bu da göstərir ki, 1 il ərzində dəyərdə 9 milyon 426,21 min dollar və ya 31,66 faiz, həcmində isə 8 462,03 ton və ya 25,50 faiz artım baş verib.
Hesabatda göstərilməsə də, ölkəmizə düyü əsasən Hindistan, Çin və Pakistandan idxal olunur. Həm KTN-nin, həm də DGK-nin məlumatlarına baxdıqda, aydın olur ki, ölkədə istehsal azaldıqca, idxala üstünlük verilir və bu, ildən ilə daha da artır. 

Onu da qeyd edək ki, bir neçə gündür, marketlərdə əsasən Hindistandan gətirilən düyü məhsullarının qiymətində artımların olacağı ilə bağlı məlumatlar yayılır. Bunu da həmin ölkə tərəfindən düyü ixracının azaldılması ilə əlaqələndirilir. Hətta bu ölkədən gələn məhsulun həcminin də azaldığı göstərilir ki, bu da düyünün qiymətinin artmasına səbəb olur.  

Yayılan informasiyalar nə qədər doğrudur? Həqiqətənmi, düyünün qiymətləri bahalaşır? 

Bu və digər sualları cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında, bu informasiyanın yanlış olduğunu diqqətə çatdırdı:

“Hazırda Hindistanda düyü bahalaşmayıb və bu barədə yayılan informasiya yanlışdır. Əksinə bu il Hindistanda çəltik və digər dənli bitkilərdə yüksək məhsuldarlıq əldə edilib. Belə olan halda, nəyə görə ixracı azaltmalıdır? Burada heç bir məntiq yoxdur. 

İdxalçı şirkət və ya sahibkar bahalaşmaya getmək və əhalinin nəbzini yoxlamaq üçün bu cür informasiyalara əl atır. Əhaliyə çatdırır ki, idxal etdiyimiz ölkədə məhsul bahalaşdığı üçün biz də qiymətləri qaldırmağa məcbur oluruq. Kiçik bir araşdırma aparsaq, görərik ki, həmin ölkədə qiymətlə onun dediyinin əksinə, bir qədər ucuzlaşıb”. 

Azərbaycanda son illər çəltik istehsalının azaldığını, amma idxalının artdığını təsdiq edən müsahibimiz bunun səbəbini ölkəmizdə düyünün istehsal olunmaması ilə əlaqələndirib:

“Buna görə də ölkəmizdə düyüyə olan tələbat tam ödənilmir və nəticədə həm iqtisadiyyatın xaricdən asılılığı, həm də valyutaya olan daxili tələbat artıb, yəni ölkədən xaricə valyuta axını kəskinləşib. Bundan başqa, çəltik zəhmətli və böyük əmək tələb edən məhsuldur. Əgər bu sahə stimullaşdırılmasa, inkişaf etdirmək də çətin olacaq və ildən-ilə geri gedəcək”. 

Müsahibimizin sözlərinə görə, həm düyünün, həm də digər ərzaq məhsullarının qiymətində artımın bir səbəbi, gömrük rüsumları ilə əlaqədardır:

“Son illər gömrük sahəsində aksizlərin və gömrük rüsumlarının məbləği qeyri-qanuni şəkildə artırlır. Bu da məhsulun maya dəyərinin artmasına səbəb olur. Son illər ərzində ölkədə inhisarçı bazar formalaşdırılıb. Bu bazarı yaradan sahibkar gömrük rüsumlarının artdığını  bəhanə edərək bahalaşmaya gedir və bundan yararlanaraq xərclərinin artmasını bəhanə edir. Əslində isə belə deyil, yəni əgər xərclər bir faiz artırsa, sahibkar qiyməti 10 dəfə qaldırır”. 

Son dövrlərdə dünya bazarında çəltik qiymətlərində artımların olmadığını söyləyən ekspert düşünür ki, bunun da məhsulun maya dəyərinə hər hansı bir təsiri ol bilməz:

“Qiymətlər 3 ay əvvəl necə idisə, hazırda da sabit şəkildə qalmaqdadır. Üstəlik bir qədər ucuzlaşma müşahidə olunur. Ona görə ki, yay aylarında düyüyə və digər paxlalı məhsullara tələbat az olur”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin