İyunun 15-dən etibarən Azərbaycanda bütün ali təhsil müəssisələri bağlanmağa başlayıb və Bakı şəhərində kirayələrdə yaşayan tələbələrin əksəriyyəti, hətta ilboyu paytaxtda müxtəlif işlərlə məşğul olan və kirayədə yaşayan əhalinin çoxu da yay mövsümündən istifadə edərək yaşadıqları bölgələrə geri qayıdırlar ki, bu da Bakı şəhərində kirayə mənzillərinin çoxunun boşaldığını göstərir. Ancaq buna baxmayaraq, kirayə mənzil bazarında qiymətlər ucuzlaşmaq əvəzinə, günü-gündən daha da bahalaşır.
Bəs bu qiymət artımının əsas səbəbləri nədir? Qiymətlər nəyə görə ucuzlaşmır?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov, əsas səbəbləri hazıra kirayə mənzil bazarında təklif qıtlığının olması ilə əlaqələndirib.
MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdəki mənzillər BAHALAŞACAQ – AÇIQLAMA
Bazarda tələbin təklifi üstələdiyini deyən ekspertin sözlərinə görə, ölkədə digər sahələrdə baş verən qiymət artımları da bazara mənfi təsir edir:
“Vətəndaş mənzilini ona görə kirayəyə verir ki, maddi problemlərini qismən də olsa, həll etsin. O, həm də ölkədəki bahalaşmanı görərək, kirayə qiyməti qaldırmağa çalışır. Bu səbəbdən də qiymətlərin aşağı düşməsi onlara sərf etmir”.
Hazırda bazarın da öz qiymət tənzimləmə siyasətinin olduğunu söyləyən müsahibimiz qeyd edib ki, digər tərəfdən də əhalinin alıcılıq qabiliyyəti artıb:
“Yəni alıcılıq qabiliyyəti onun real gəlirləri və banka əlçatanlılığı ilə qiymətləndirilir. Əgər vətəndaşın banka əlçatanlılığı varsa, deməli, real gəlirləri və ödəmə qabiliyyəti də artır. Buna görə tədricən artan qiymətlərlə razılaşmalı olur. Əvəllər insanlar kredit götürmək üçün nadir hallarda banklara müraciət edirdilər. Amma hazırda əhalinin 90 faizi kreditlərlə yaşayır”.
Bakı şəhərinin mənzil bazarındakı qiymət artımlarının son illər daha da artdığını söyləyən N.İbrahimov, bu prosesin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb:
“Bu gün insanın fiziki tələbi iki cürdür. Bunlardan biri qidalanma, digəri isə yaşayış sahəsi ilə bağlıdır. Hər ikisi də bir-biri ilə sıx bağlı olduğu üçün qiymətlər artır”.
Müsahibimizin bildirdiyinə görə, kirayə mənzil bazarına xarici amillərin də təsiri böyükdür:
“İlk növbədə dünya miqyasında baş verən inflyasiya təsir edir. Çünki, Azərbaycan idxalçı ölkədir. Bu gün Rusiyadan taxta və dəmir məhsulları idxal edirik. Əgər bu ölkədə nəqliyyat, gömrük və digər xərclər artırsa, bu zaman biz inflyasiyanı ixrac edirik.
İkinci amil miqrasiya ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hə iki ölkənin vətəndaşları müvəqqəti və ya daimi yaşamaq üçün ölkəmizə üz tuturlar və yaşamaq üçün mənzili ya kirayəyə götürürlər, ya da birdəfəlik satın alırlar. Bu da təbii şəkildə daşınmaz əmlak bazarına təsir edir”.
Qeyd edək ki, bəzi ekspertlər son illər paytaxtda yaşayış binalarının və mənzillərinin sökülməsi prosesinin də daşınmaz əmlak bazarında həm alqı-satqı, həm də kirayə qiymətlərinə mənfi təsir etdiyini bildirirlər.
Bu fikri təsdiq edən ekspert, bu prosesin əsasən kirayə qiymərlərinə təsir etdiyini söyləyib:
“Ona görə ki, evləri sökülən vətəndaşlar əsasən kirayə mənzillərə müraciət edirlər ki, bu da kirayə qiymətlərinə təsir edir. 2018-2019-cu illərdə həyata keçirilən pilor layihələrin kütləvi xarakter alması kirayə bazarına böyük təsir etdi. Amma bu gün həmin təsirlər elə də ciddi xarakter almır”.
Rövşən Ziya, Bizim.Media