İcbari Tibbi Sığorta Agentliyinin 7,9 milyonluq tenderinin qalibi haqqında SENSASİON İDDİALAR – FOTO

Hazırda oxunan: İcbari Tibbi Sığorta Agentliyinin 7,9 milyonluq tenderinin qalibi haqqında SENSASİON İDDİALAR – FOTO

142510

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsinin cari ilin martın 27-də elan etdiyi “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması” tenderinin nəticələri və qalibi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 7 milyon 852 min 864 manat olan tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC (VÖEN - 1701688171) elan olunub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət Dövlət Agentliyi üçün 500 ədəd adenozin-nikotinamid-sitoxrom preparatı, 7000 ədəd “Alloxor-N 10”, 1000 ədəd aluminium hidroksid+maqnezium hidroksid, 6000 ədəd aminofillin, 10 min 500 ədəd amlodipin, 30 min ədəd ampisillin-natrium, 10 min ədəd  askorbn turşusu, 10 min ədəd difenhidramin hidroxlorid, 12 min ədəd desmopressin, 20 min ədəd enalapril, 14 min ədəd pankreatin 3500 BV və digər 83 adda dərman preparatlarının satın alınmasını həyata keçirəcək.

Qeyd edək ki, Bakının bir çox metro stansiyalarında fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  tərəfindən dövlət qeydiyyatına alınıb. 

Yenə də eyni şirkət...

Əldə etdiyimiz məlumata görə, şirkətin qanuni təmsilçisi olan Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptekə malik olduğu bildirilir.

Qeyd edək ki, təkcə 2021-ci ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.

2022-ci ilin fevral ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması” üzrə tenderin qalibi nədənsə məhz "Zeytun Pharmaceuticals" MMC olub və 1 milyon 518 min 166 manat dəyərində satınalama müqaviləsinə sahib olub. 

Həmin ilin iyulun 15-də İnnovasiya və Təchizat Mərkəzinin profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması üzrə 1 milyon 851 min 424 manatlıq tenderini qazanıb. 

İki ay sonra, yəni sentyabr ayının 9-da şirkət yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “dərman vasitələrinin satınalınması” üzrə tenderinin qalibi olub və aralarında 3 milyon 399 min manatlıq müqavilə imzalanıb.

Şirkətin bitmək bilməyən məhkəmə çəkişmələri

2022-ci ilin sentyabrında şirkət barəsində sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozması iddiası ilə məhkəmə iddiası qaldırılıb və İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.

İnzibati protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və işə hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılıb. Məhkəmə şirkətin 5 min manatdan 7 min manatadək cərimə ilə cəzalandırıb.

Xatırladaq ki, “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, bizim bu MMC-nin də adı keçirdi.

Görünür, 2023-cü il şirkət üçün məhkəmə çəkişmələri və cərimələnmə ili kimi yadda qalacaq. 

Belə ki, cari ilin aprel ayında şirkət barəsində yenidən məhkəmə iddiası qaldırılıb. Belə ki, “Zeytun Pharmaceuticals” MMC-yə ticarət qaydaları əleyhinə olan (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması) və inzibati xəta protokolu tərtib olunub. 

Protokol İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi ilə irəli sürülüb. İş Bakı şəhər Nizami Rayon Məhkəməsində Nigar Qədirlinin icraatına verilsə də, şirkətin cərimə olunub-olunması barədə heç məlumat yoxdur. 

Bu ilin may ayının 12-də və 17-də şirkətə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması və fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) iki inzibati xəta protokolu tərtib olunub.  



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin