Şəkər idxalındakı kəskin artımın səbəbi nədir? – AÇIQLAMA

Hazırda oxunan: Şəkər idxalındakı kəskin artımın səbəbi nədir? – AÇIQLAMA

139840

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın bu ilin yanvar-aprel aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 68 milyon dollar dəyərində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon dollar və ya 23,6% çoxdur. Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 55 milyon dollar xərcləyib. Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,29%-ni təşkil edib.

Şəkər idxalının bu qədər artması xeyli narahatlıq və suallar doğurur. Çünki, İmişlidə regionun ən böyük şəkər zavodu fəaliyyət göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

Çayımız niyə ŞİRİN olmur? – “Pesok”a qatılan “ağ ölüm”


Üstəlik, ölkəmizdə şəkər çuğundurunun yetişdirilməsi üçün unikal imkanlar var. Bütün bu imkanlara rəğmən idxaldan asılılığın artması heç də yaxşı hal deyil. Bu birinci halda ərzaq təhlükəsizliyimizə təhdid yaradır. İkinci halda isə külli miqdarda valyutanın xaricə axmasına və aqrar sektorun ciddi şəkildə geriləməsinə səbəb olur.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki. İmişlidəki Şəkər zavodu əslində Azərbaycanın ehtiyaclarını tam ödəmək imkanındadır:

“Zavod tam gücü ilə işləsə, hətta xaricə də şəkər sata bilərik. Lakin zavod rəhbərliyi öz işini günün tələbləri səviyyəsində qura bilmir. Ona görə də uzun illərdir ki, özünün xam mal bazasını tam formalaşdıra bilməyib. Baxmayaraq ki, Azərbaycan şəkər çuğundurunun yetişdirilməsi üçün əlverişli təbiətə və yer quruluşuna malikdir. 

Xatırladım ki, bu zavod inşa edilənə qədər Mərkəzi Aran rayonları hər il çox böyük ölçüdə şəkər çuğunduru yetişdirirdi. Və bu məhsullar İrana satılırdı. Lakin, Şəkər zavodu tikiləndən sonra bu proses pozuldu. Baxmayaraq ki, fermerlər sərfəli şərtlərlə “Azərşəkər”i keyfiyyətli xam malla təmin edə bilərdi. Lakin müxtəlif proseslər baş verdi, fermerlər aldadıldı, süründürməçilik artdı. Nəticədə fermerlər çuğundur əkməkdən vaz keçdilər. Və yerli xam mal istehsalı dayandı”.

Akif Nəsirli təəssüflə qeyd etdi ki, hazırda “Azərşəkər” xam malı idxal edir:

“Bu da o deməkdir ki, hər il külli miqdarda valyuta xaricə axır. Bu mənada demək olar ki, şəkər Azərbaycana yüz faiz xaricdən idxal edilir. Bunun bir hissəsi hazır məhsul, bir hissəsi də yarımfabrikat kimi ölkəmizə gətirilib, emal edildikdən sonra  qablaşdırılır. Lakin, hər iki halda biz idxaldan asılıyıq.

“Azərşəkər”in ildən-ilə zəifləyən istehsalı hesabına şəkər idxal artır. Bu isə ölkə iqtisadiyyatı və ərzaq təhlükəsizliyimiz üçün yaxşı hal deyil. Çox təəssüf ki, bu qədər resurslar müqabilində biz ötən 30 ildə şəkərə olan tələbatımızı yerli istehsal hesabına ödəyə bilməmişik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin