Azərbaycan Fransa və İtaliyanı qabaqladı - İrs Fondunun hesabatı

Hazırda oxunan: Azərbaycan Fransa və İtaliyanı qabaqladı - İrs Fondunun hesabatı

13981

Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir.

Bizim.Media-nın məlumatına görə, dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.

Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabərdir, lakin dünya ortalamasından yüksəkdir.

Reytinq üzrə Azərbaycanın qonşuları Belçika (70,1 balla 37-ci yer) və İspaniya (69,9 balla 39-cu yer) olub. Hesabatda ölkəmiz Avropanın Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələrini qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb.

İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir.

Qeyd edək ki, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğu ilə fərqlənir. Belə bir əlverişli mühit iqtisadi artım və ictimai rifahın yüksəlməsinə əhəmiyyətli dəstək verən amil kimi çıxış edir. “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.

“Doing Business” hesabatında Azərbaycanın mövqeyi yaxşılaşır

Ötən ilin dekabr ayında Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatındakı mövqeyi daha da yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

Xatırladaq ki, ilkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.

Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Neft Fondu 64 suveren fond arasında 5-ci yerdədir

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Nüfuzlu reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin proqnozlar verir

“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin kredit reytinqi müəyyənləşdirirlər və bu, investorlarda inamı gücləndirir.

“S&P Global Ratings” reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1 faiz, Dünya Bankı 1,9 faiz, Birləşmiş Millətlər Təşkilatı isə 2 faiz artacağını proqnozlaşdırır.

“Moody's Investors Service” şirkəti 2021-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır. Bu proqnoz əsas beynəlxalq təşkilatlarının (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərinin ("Standard and Poor’s" və "Fitch Ratings") gözləntilərindən daha yüksəkdir. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin