Üzən məzənnəyə keçid üçün YENİ ZƏMİN – Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək?

Hazırda oxunan: Üzən məzənnəyə keçid üçün YENİ ZƏMİN – Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək?

139785

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə, Mərkəzi Bankın iqtisadi müstəqilliyinin artırılması ilə bağlı müddəalar öz əksini tapıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, AMB bundan sonra dövlətin pul və məzənnə siyasətini müstəqil müəyyən edəcək və həyata keçirəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB  


Digər yenilik, nağd pul dövriyyəsinin təşkil edilməsi ilə bağlıdır.

Belə ki, AR Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq Mərkəzi Bank pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirəcək. 

Bundan başqa, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsini sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsini, beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsini təmin edəcək, eləcə də məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edəcək. 

Yeni qaydalara görə, AMB maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin edəcək, maliyyə bazarlarında tənzimləmə və nəzarət, o cümlədən makroprudensial tənzimləmə və nəzarət həyata keçirəcək. Həmçinin, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətini təmin edəcək, inkişafına dəstək verəcək, maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlər görəcək və maliyyə bazarları sahəsində maarifləndirmə işlərini aparacaq.

AMB-yə verilən yeni səlahiyyətlərə, “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi, əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi və bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi də nəzərdə tutulub.

Layihə ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert Eyyub Kərimli, Azərbaycanda 2030-cu il üçün “Milli Piroritetlər Proqramı”nda da bu müddəaların əks olunduğunu bildirib. 

Bu proqrama əsasən Mərkəzi Bankın qarşısında, növbəti illərdə üzən məzənnəyə hazırlanması ilə bağlı öhdəlik qoyulduğunu söyləyən ekspertin sözlərinə görə, bu quruma daha geniş müstəqilliyin verilməsini üzən məzənnəyə hazırlıq prosesi kimi qiymətləndirmək olar:

“Ümumiyyətlə, beynəlxalq təcrübədə də, mərkəzi bankların dövlətdən asılılığı azdır və əsasən müstəqil monetar-maliyyə siyasəti həyata keçirdirlər. Növbəti illərdə Mərkəzi Bankın ölkənin maliyyə sabitliyini təmin edilməsində və maliyyə dövriyyəsinin təkmilləşdirilməsində rolu daha da artacaq. Qanun layihəsində göstərildiyi kimi, dövlət AMB-nın maliyyə əməliyyatlarına cavabdehlik daşımayacaq.

Əgər qanun layihəsi qəbul olunarsa, ölkədə üzən məzənnəyə keçid üçün zəminin formalaşdırılmasını, həmiçinin manatın və digər valyutaların məzənnələrinin inzibati üsulla deyil, AMB-nın müstəqil siyasəti kimi həyata keçiriləcəyini müşahidə edəcəyik”. 

Müsahibimiz belə hesab edir ki, monetar və valyuta tənzimlənməsi siyasəti daha müstəqil olacaq: 

“Bu siyasət dünya iqtisadiyyatının çağırışlarına cavab verəcək. Eyni zamanda, manatın real məzənnəsinə və daha real əks olunmasında böyük rol oynayacaq”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin