İran Milli Bankının Bakı filialı niyə bağlanır? – SENSASİON DETALLAR 

Hazırda oxunan: İran Milli Bankının Bakı filialı niyə bağlanır? – SENSASİON DETALLAR 

138150

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün 1993-cü ildən Azərbaycanda  fəaliyyət göstərən və nizamnamə kapitalı 73,611 milyon manat olan İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı filialdan məlumat verilib. 

Açıqlamada qeyd olunur ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.

Bununla bağlı Bizim.Media-ya açıqlama verən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər AMB tərəfindən banklara belə məhdudiyyətlər qoyulursa, deməli, həqiqətən də həmin bankın fəaliyyətində ciddi problemlər var:

“Həmin bank müvafiq qanunların tələblərini pozub. Bank bundan sonra əmanət qəbul etməyəcək və vətəndaşlara xidmət göstərə bilməyəcək. Bu qərar göstərir ki, Bakı filialı bir müddət sonra bağlanacaq. Bu da təbiidir. Çünki, əmanət qəbul edə bilməyən bank gec-tez fəaliyyətini dayandırmalıdır”

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda, filialın bağlanmasını Azərbaycanla İran arasında yaşanan siyasi gərginliklə əlaqələndirirlər.

Bu fikri təsdiqləyən Ə.Həsənov bildirib ki, bu məsələnin arxasında daha çox siyasi amillər dayanır:

“İranın agent şəbəkəsi bu gün Azərbaycanda çox güclüdür. Hətta bu bankdan maliyyələşməsi barədə də məlumatlar dolaşmaqdadır. Bununla belə, bankın çox ciddi maliyyələşmə problemi var. Burada məni narahat edən başqa bir məsələ var. AMB əgər əmanətlərin qəbulu ilə bağlı belə bir məhdudiyyət qoyursa, qanunvericiliyə əsasən, ictimaiyyətə geniş şəkildə açıqlama verməyə borcludur”. 

Müsahibimiz, bankların bağlanması tendensiyasının bundan sonra da davam edəcəyini diqqətə çatdırıb:

“Bu da ölkənin bank sektorunda inhisarçılıq meyllərinin artması ilə bağlıdır. Mərkəzi Bank kredit təşkilatlarının sayını azaltmaqla, bu sahədən gələn gəlirlərin daha az banklar arasında paylaşmağa çalışır. Beləliklə də, ölkədə az kapitallı banklar sıradan çıxacaq, böyük kapitallı və güclü banklar fəaliyyətini davam etdirəcəklər”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin