Bu ərazilərdəki evlərin qiymətində KƏSKİN BAHALAŞMA

Hazırda oxunan: Bu ərazilərdəki evlərin qiymətində KƏSKİN BAHALAŞMA

138124

Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur. Çünki bu aylarda bağ evlərinə  kütləvi təlabat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. Qiymətin kəskin şəkildə artması isə bəzən ciddi narazılıqlara səbəb olur. 

Rayonlarda yerləşən bağ evlərini kirayə verərkən də bəlli qiymət dəyişimi nəzərə çarpır. Səbəb isə qış aylarından fərqli olaraq bu yerlərə turist axının güclənməsidir. Buna görə də, bəzi turistik zonalarda kirayə ev qiymətlərində 2 dəfəyə yaxın artım müşahidə edilir.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bizim.Media ilə fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Sığortası olmayan ev sahibləri CƏRİMƏLƏNƏCƏK – 5 gün qaldı...


Onun sözlərinə görə, qiymət artımı ənənə halını alaraq hər il bu vaxtlarda başlayır və yayın sonuna qədər davam edir. Buna görə də insanlar daha çox ev kirəyə götürməyi optimal yol hesab edirlər:

“Mövsümi olaraq bağ evlərinin həm satış qiymətləri, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər baş verir. Yay mövsümündə tətilə çıxan ailələr, məktəblilər istirahət üçün xüsusilə bağ evləri ilə maraqlanırlar. Bu da həmin evlərin qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Yəni qiymətlər tələbat olduğu üçün artır. 

Artıq neçə ildir ki, insanlar bağ evlərinə külli miqdarda pul sərf edib almaqdansa, kirayə götürməyi üstün tuturlar. Çünki bir neçə ay üçün insanlar artıq xərc çəkməkdənsə, müvəqqəti kirayə tutmağı əlverişli hesab edirlər. Belə olan halda bağ evlərinin qiymətləri yalnız yay ayları yekunlaşdıqdan sonra əvvəlki vəziyyətinə qayıdır”.

Ekspert bildirir ki, qiymətlərin qalxması təkcə mövsümü xarakter daşımır, həm də bir çox siyasi və iqtisadi faktorların da buna təsiri var:

“Qiymət artımı təkcə mövsümi xarakter daşımır, həm də manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir. Bu tip evlər yerləşməsindən və komfort səviyyəsindən asılı olaraq aylıq 1000-3500 manat arasında dəyişə bilir. Bəzi evlərdə  istirahət üçün əlavə tikililər olduğu üçün, onlar daha yuxarı qiymətə təklif edilir. Həmçinin bu proses siyasi hadisələrlə də bağlı olaraq dəyişır.

Belə ki, qardaş ölkə Türkiyədə zəlzələnin baş verməsi  və hələ də təkanların olması ehtimalının qalması insanların  bağ evlərinə daha çox müraciət etməsinə səbəb olur. Hazırda bazarda qiymətlər ötən illə müqayisədə 7-8 faiz artıb”.

Vüqar Oruc rayonlardakı kirayə mənzillərin qiymətlərinin artmasından da söz açıb: 

“Rayonlara gəlincə isə daha çox müvəqqəti kotejlər, villalar və kiçik fərdi yaşayış evləri hal-hazırda gündəmdədir. Onların təhlilini apardıqda isə görürük ki, hər il qiymətlər yüksəlir. Əvvəllər bu qiymətlər gündəlik 30-40 manat arası dəyişirdisə, hazırda yerindən asılı olaraq 60-150 manat arası və daha yüksək ola bilir. 

Bu həmçinin xarici investisyaların, turistlərin ölkəmizə gəlişi ilə də bağlıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra xarici investorların, kapital sərmayəçilərinin bölgəyə diqqəti artıb. Bu da ölkəmizin iqtisadi cəhətdən inkişafına səbəb olmaqla yanaşı, bir sıra sahələrdə qiymətlərin həddən artıq bahalaşmasına da gətirib çıxarır”

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin