Azalan neft hasilatı, enən QİYMƏTLƏR – Rusiya şirkətləri Moskvanı necə aldadır?

Hazırda oxunan: Azalan neft hasilatı, enən QİYMƏTLƏR – Rusiya şirkətləri Moskvanı necə aldadır?

136983

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Həftənin əvvəli enerji xəbərləri baxımından necə zəngin idisə, həftə sonu da intensivlik kifayət qədər yüksək olaraq qalmaqdadır. 

Qlobal bazarlar 

Neft qiymətləri faktiki olaraq 75 dollar ətrafında stabil ticarət edilir. Bu ay neftin ən baha partiyası mayın 1-də 79 dollardan baha satılmışdı, amma sonrakı dövrdə qiymət artıma deyil, azalmağa meyli oldu. Özü də bu o zaman baş verir ki, bazara nəzərdə tutulduğundan daha az həcmdə neft çıxarılır. 

Bu həftə Beynəlxalq Enerji Agentliyinin (BEA) yaydığı aylıq hesabatdan aydın oldu ki, OPEC+ çərçivəsində səylərini birləşdirən 23 neft ölkəsi apreldə orta hesabla gündəlik 37,6 mln barel qara qızıl hasil ediblər, baxmayaraq ki, onların özlərinin təsdiq etdikləri öhdəlik 40,1 mln barel idi. Yəni plandan gündəlik olaraq 2,5 mln barel az neft çıxarıblar. Həmçinin kartel üzvləri martla müqayisədə hasilatı 400 min barel də azaldıblar. Mayın 1-dən isə götürülən öhdəliklərə görə neftin gündəlik hasilatı 1,66 mln barel azaldılmalıdır. Buna nə dərəcədə əməl edilməsini biz təqribən 3 həftə sonra biləcəyik. Amma görünən odur ki, ciddi-cəhdlə bazar bir tərəfdən “neft bolluğu”, digər tərəfdən isə “neft qıtlığı” təlatümlü informasiya müdaxilələri ilə əməlli başlı çaşqınlıq ab-havasına bürünür. 

Mavi yanacağa gəldikdə isə burada vəziyyət daha anlaşılandır, bazarın tələbi və ona yönələn təkliflər bir birinə adekvatdır. Bir tərəfdən də şimal yarımkürəsi istehlakçılar üçün yaz fəslinin ən arzuedilən dövründədir: nə sərinkeşlərə ehtiyac duyulmur, nə də qıtlıq yoxdur. Nəticə isə göz qabağındadır. Qiymətlər bütün həftə boyu azalma nümayiş etdirərək mayın 18-də Avropa bazarı üçün 2021-ci ilin 7 iyunundan sonra ən aşağı qaz qiymətləri qeydə alındı – 1000 kunmetr üçün 337 dollar. Yəqin xatırlayırsınız Rusiya-Ukraynası müharibəsi başlayandan sonra 2022-ci ilin martın 7-də tarixdə qazın ən yüksək qiyməti qeydə alınmışdı – 3898 dollar. Yəni hazırda o rekord baha həddən təqribən 12 dəfə aşağı bir qiymət! 

Antirusiya tədbirləri

Bundan sonra da mavi yanacağın qiymətləri enişə meylli ola bilərmi? Hər şey bazarın tələbindən asılıdır. Hazırda Ukrayna üzərindən Avropaya gündəlik olaraq təqribən 40 mln kubmetr qaz ixrac edilir. Mümkündür ki, Ukraynanın anons edilən mümkün əks hücumu zamanı Rusiya Avropanı bu mənbədən də təcrid edə. Ümumiyyətlə, enerji bazarı dünyada cərəyan edən çox hadisələrə həssasdır. Ona görə də güman edirəm ki, gələn həftə həm neft, həm də qaz qiymətlərində dəyişmələr baş versin. 

Çünki həftənin sonuncu iş günü, mayın 19-da Yaponiyanın Xirosima şəhərində dünyada söz sahibi olan G7 təşkilatının zirvə toplantısı öz işinə başlayıb və 3 gün davam edəcək bu görüşlərdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri bir sıra beynəlxalq əhəmiyyət kəsb edən məsələlərlə yanaşı Ukrayna mövzusuna da diqqət ayıracaqlar. 

ABŞ Maliyyə Nazirliyinin bu tədbirdən öncə, cümə axşamı dərc etdiyi hesabata görə, G7 ölkələri Rusiya neftinin qiymət həddinin məhdudlaşdırılması siyasətini davam etdirmək və bu məhdudiyyətlərdən yan keçmə cəhdlərini müəyyən etməyə çalışacaqlar. 
Qeyd edim ki, rəsmi Moskva ötən dövrdə özünü elə aparır ki, sanki kollektiv Qərbin Rusiyaya qarşı 2022-ci il dekabrın 5-dən tətbiq etdiyi neft sanksiyaları qeyri-effektivdir. Amma bu, heç də belə deyil. 

Sanksiyaların Rusiyaya təsiri 

Qərbin sanksiyaları ona gətirib çıxartdı ki, Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırdı, G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşınması zamanı onun barreli üçün 60 dollar qiymət limiti tətbiq etdilər. Bununla da Rusiyanın baha qiymətə neftini satması qarşısında böyük bir baryer quruldu. O zaman Kreml bazara belə bir fikri yeridirdi ki, bəs Rusiya neftinin bazara çıxışının məhdudlaşdırılması qara qızılın 150-200 dollara qədər bahalaşmasına gətirib çıxaracaq. Deyilənlər olmadı. Çünki “Moskvanın öz arşını ilə ölçdüyü şeylərə Qərb bir xeyli planlar biçmişdi”.

5 ay keçəndən sonra görünən odur ki, Rusiyanın dövlət büdcəsinə neft sektorundan daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% azalıb. 

Azalmaya başlıca səbəb Rusiya neftinin ixrac qiymətlərinin bazardakından daha aşağı qiymətlərlə alıcılara təklif edilməsi, ikincisi isə hasilatın da azalmasıdır. Və ortada üçüncü faktor da var: Rusiyadan çıxarılan neftin qazancı artıq tam həcmdə ölkəyə qayıtmır. Axı Rusiyada bütün şirkətlər dövlətə məxsus deyil, 100-dən artıq hasilatçı var. Onların bir qismi daha aşağı qiymət göstərilməklə xarici treyderlərə neft satışını həyata keçirir və bu məbləğdən də vergi ödəyirlər, amma gizli sövdələşmə yolu ilə onlara çatacaq məbləğin bir qismini isə oralarda, Rusiyadan kənarda gizlədilməsi üçün anlaşırlar. Neft sektorundan federal büdcəyə ödənişlərin martdan başlayaraq xeyli azalması da belə qaranlıq əməliyyatlardan qaynaqlanır. Qərb isə bunları bilir, amma özünü görməməzliyə vurur, çünki məqsəd bir tərəfdən Rusiyaya daha az kapitalın daxil olmasıdırsa, digər tərəfdən dövlətlə biznes arasında inamsızlığı gücləndirməkdir.

Avropa-Azərbaycan qaz əməkdaşlığı. Yola saldığımız həftə ölkəmizin siyasi rəhbərliyi səviyyəsində yenə də Avropa ilə Azərbaycanın qaz əməkdaşlığı məsələləri gündəmdə oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edərkən Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğunu bəyan edib. 
Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini bildirərək “Həmrəylik Halqası” layihəsi çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. 

Çünki qaz sahəsində başlanacaq əməkdaşlıq ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əlaqələrin genişləndirilməsi üçün kifayət qədər yeni imkanlar açır.

Bu baxımdan da rəsmi Bakı Avropa ölkələri ilə əlaqələrin şoxşahəli istiqamətdə inkişafında maraqlı olduğunu ortaya qoyur. O cümlədən Avropanın nəzərlərində də Azərbaycana diqqət artmaqdadır.

Azərbaycana yeni qaz marşrutu təklifi

Mayın 18-də Buxarestdə keçirilən Qara dəniz və Balkan regionunda təhlükəsizlik forumunda əsas diqqət enerji təhlükəsizliyi və Rusiya qazından asılılığın azaldılması məsələlərinə yönəlib.

Diqqətə çatdırılıb ki, artıq Moldova Rusiya qazından tam imtina edən ölkələr sırasına daxil olub. 

Öz növbəsində, Runıniyanın baş naziri Nikolae Çuke bəyan edib ki, Azərbaycan qazının Avropaya idxalı ilə bağlı yeni marşrutun öyrənillməsinə başlanılır. Belə ki, Kulevi-Konstantsa marşrutu ilə Azərbaycan qazının Qara dəniz üzərindən nəqlinin qiymətləndirilməsinin texniki-iqtisadi əsaslandırılması sifariş edilib. 

“Bu, Avropanın qaz təchizatı üçün əlavə variantdır, əgər layihə gerçəkləşərsə, o zaman Rumıniyanın qonşu dövlətləri, ilk növbədə Moldova da bundan yaralana bilər”, - deyə baş nazir bildirib.

Onu qeyd edim ki, bu layihə yeni deyil. Azərbaycan qazının tankerlərlə Avropaya daşınması ideyası ilk dəfə hələ 2008-ci ildə təklif edilmişdi. Amma 2015-ci ildə layihə qlobal bazarlarda enerji daşıyıcıları qiymətlərinin kəskin ucuzlaşmasından sonra faktiki dondurulmuşdu. 

Onun yenidən gündəmə gəlməsi isə Azərbaycan prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 1-də TAP boru kəmərinin qolu olan Yunanıstan-Bolqarıstan birləşdirici kəmərinin rəsmi açılış mərasimində iştirak etdiyi zaman Rumıniya rəhbərliyi tərəfindən Azərbaycanın gələcək qaz həcmlərinin idxalı və digər ölkələrə nəqli ilə bağlı etdiyi təklif olmuşdu. 
Az keçmədi ki, oktyabrın 19-da Buxarestdə Azəraycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu sənədin mahiyyəti Qara dəniz üzərindən mayeləşdirilmiş təbii qazın daşınması məsələlərininin kommersiya rentabelliyini ortaya çıxartmaqdan ibarət idi.

Qeyd edim ki, layihələr nə qədər çox olarsa, Azərbaycanın həm Avropa şirkətləri ilə, həm də tranzit ölkələrlə danışıqlarda manevr imkanları bir o qədər artmış olar.

Xəzərin o tayı ilə münasibətlər

Amma rəsmi Bakı Xəzərin o tayı ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini də diqqətdə saxlayır. Bu baxımdan Azərbaycanla Özbəkistan arasında artan iqtisadi əlaqələr fonunda enerji sahəsində əməkdaşlığın da gündəmə gəlməsi başa düşüləndir. 

Mayın 18-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Sözügedən saziş investisiyaların və qarşılıqlı ticarətin artırılmasına yönəldilib. 

Prezident İlham Əliyev bu sənədi imzalayan gün Daşkəndddə SOCAR rəhbərliyi “Uzbeknefteqaz” Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin yaradılması, xidmət müqavilələrinin reallaşdırılması imkanını müzakirə edib.
Özbəkistan tərəfinin açıqladığı məlumata görə, görüşdə hasilat və emal  istiqamətləri üzrə qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafın vacibliyi vurğulanıb. “Buxara NEZ-nun modernləşdirilməsi” layihəsində iştiraka, həmçinin həm Özbəkistan, həm də Azərbaycan ərazilərində yataqların birgə işlənilməsinə xüsusi maraq ifadə olunub.

O cümlədən, görüş əsnasında iki ölkənin dövlət şirkətləri arasında birgə neft-qaz ticarət şirkətinin yaradılması məsələsi də nəzərdən keçirilib. 

Ancaq Azərbaycan Dövlət Neftş Şirkəti nümayəndə heyətinin Özbəkistana səfəri təkcə bununla yekunlaşmayıb. Belə ki, Səmərqənd şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının 32-ci illik toplantısı çərçivəsində keçirilən tədbirdə SOCAR gələcək fəaliyyətinin yaşıllaşması yolunda mühüm bir addım atıb.

SOCAR Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə karbonsuzlaşdırma sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalayıb.

“Memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın sürətləndirilməsini nəzərdə tutur”, - deyə Dövlət Neft Şirkəti bildirib. 

İndi görürsünüzmü, Azərbaycan Şərqlə Qərb arasında təkcə sözlə ifadə edilən körpü deyil, həm də onun gerçəkləşdirilməsində aktiv iştirak edən bir dövlətdir. Özü də elə bir dövlətə çevrilib ki, məsələ artıq onun nə qədər həcmə malik ehtiyatlarına deyil, yürütdüyü siyasətə bağlıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin