Unun və çörəyin qiyməti qalxacaq? – AÇIQLAMA

Hazırda oxunan: Unun və çörəyin qiyməti qalxacaq? – AÇIQLAMA

135599

Mayın 18-də “Taxıl sazişi”nin müddəti başa çatır. 

Bəs, sazişin növbəti müddətə uzadılması ehtimalı nə qədərdir? Əgər bu saziş uzadılmasa, onda dünya birjalarında ərzaqlıq buğdanın qiyməti qalxcaqmı? Ən başlıcası, hadisələrin neqativ istiqamətdə inkişafı ölkəmiz üçün nə vəd edir?

Suallara Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. 

Ekspert Bizim.Media-ya açıqlamasında bildirib ki, “Taxıl sazişi”ndə əsas tərəf Rusiyadır:

“Rusiya da son vaxtlar müxtəlif vasitələrlə Qərbi təhdid edir. Məqsədi də odur ki, hər vasitə ilə Qərbin sanksiyalarının yumşaldılmasına nail olsun. Amma bütün bunlara baxmayaraq “Taxıl sazişi”nin uzadılması ehtimalı böyükdür. Rusiyanın inadı daha çox onun özünü pis vəziyyətə sala bilər. Çünki, Qara dənizdəki humanitar dəhlizdən Rusiya da kifayət qədər bəhrələnir. Və hətta öz taxılını da dünya bazarlarına bu dəhliz vasitəsi ilə çıxara bilir. Nəticədə, sanksiyalardan bir qədər yayınır”.

Akif Nəsirli qeyd edib ki, “Taxıl sazişi” uzadılmasa, bunun dünyanın taxıl bazarına təsiri çox az olacaq:

“Çünki, 2022-ci ildə dünyanın digər ölkələrində kifayət qədər ərzaqlıq buğda istehsal edilib. Bu il də məhsuldarlığın yüksək olacağı gözlənilir. Üstəlik, Ukraynadakı ərzaqlıq buğda ehtiyatı dünyanın ərzaq ehtiyaclarının yalnız 7-8 faizi həcmindədir. Buna rəğmən ötən il ərzaqlıq buğdanın həcmi 20 faiz böyüyüb. Bu il də həmin göstəricinin təkrarlanacağı ehtimal edilir. Yəni, Ukrayna taxılı dünya bazarına çıxmasa da qiymətlərdə elə bir dəyişikliklər olmayacaq. Rusiya da bunun fərqindədir. Ona görə də əminliklə demək olar ki, “Taxıl sazişi” uzadılacaq”.

Mərkəz sədri ən neqativ ssenarinin ölkəmizə təsir ehtimalından da danışıb:

“Azərbaycan ərzaqlıq buğdanı əsasən Rusiyadan, bir qədər də Qazaxıstandan alır. Ona görə də dünyada baş verən proseslərin ölkəmizə birbaşa təsiri çox azdır. Amma istənilən informasiya bazardakı oyunçuları hərəkətə gətirir. Və qiymətlərdə dəyişikliklər olur. 
 

Nəzərə alaq ki, ötən il ərzaqlıq buğdanın tonu 400 dollara idxal edilirdi. Ona görə də daxili bazarda unun və çörəyin qiymətində bahalaşma oldu. Lakin hazırda dünya bazarlarında ərzaqlıq buğdanın qiyməti 2 dəfə ucuzlaşıb.


Amma bizdə unun kisəsi 3 manat, çörək isə 5 qəpik ucuzlaşıb. Bu da onu göstərir ki, Azərbaycanda qiymətlər dünya birjalarındakı qiymətlərə görə yox, daxili maraqlara uyğun dəyişir. Ona görə də yaxın gələcəkdə ölkəmizdə unun və çörəyin qiymətinin qalxma ehtimalı yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin