Qaz layihələrimizin ağır maliyyə yükünü KİM QARŞILAYACAQ? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Qaz layihələrimizin ağır maliyyə yükünü KİM QARŞILAYACAQ? – İlham Şabanın ŞƏRHİ

134636

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Azərbaycanın enerjisinə maraq son zamanlar daha da artdığından, ölkəmizdən bu mövzuda çıxan hər sədaya qulaq verənlər də çoxalır, onu yozanlar da. Ona görə də mayın 3-də Azərbaycan prezidenti İlham Əliyevin ADA Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Şuşadan səsləndirdiyi bəyanatları özünün enerji spektrinə görə əvvəlkilərdən daha rəngarəng idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobillərə keçidi əngəlləyən səbəblər - İlham Şabanın ŞƏRHİ 


Şuşadan gələn enerjili sədalar. Prezident istər Qərblə, istərsə də Şərq ölkələri ilə Azərbaycanın enerji əməkdaşlığının bu günü və gələcək perspektivlərinə xüsusi nəzər yetirdi. Təbii ki, bunun ən maraq doğuracaq hissəsi Azərbaycan təbii qazının Avropaya ixracı ətrafında idi, çünki dünyada yaranmış mövcud iqtisadi-siyasi vəziyyət enerji təhlükəsizliyi məsələlərini önə çıxarıb və bu məsələdə Azərbaycana olan diqqət dəfələrlə artıb. 

Dövlət başçısı ilk olaraq diqqəti Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ilin 18 iyulunda imzalanmış “Enerji əməkdaşlığına dair” Memorandaumdan irəli gələn məsələlərin həllinə yönəltdi. 

İlham Əliyev bəyan edib ki, “Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atırıq”.

Avropa-Azərbaycan enerji dialoqu. Yəni rəsmi Bakı ötən müddətdə Avropa İttifaqı ölkələri ilə uzunmüddətli enerji əməkdaşlığını gerçəkləşdirmək üçün hökumət səviyyəsində aktiv fəaliyyətdədir. Buna bariz sübut kimi cari həftə mayın 2-də Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında baş tutan enerji dialoqunu göstərmək olar. Avropa Komissiyasının enerji üzrə Baş Direktoratlığının yaydığı məlumata görə, Brüsseldə tərəflər Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı, qaz təchizatı ilə bağlı vəziyyəti, Cənub Qaz Dəhlizinin genişləndirilməsini, “təmiz enerji”yə keçid üzrə əməkdaşlığı müzakirə ediblər. 

Avropa enerji komissarı Kadri Simson Azərbaycanla əməkdaşlıqdan məmnunluq hissi keçirdiyini ifadə edərək “Aİ bu qışı yarım dolu qaz anbarları, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla başa vurub. Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın atdığı addımlar sayəsində nail ola bildik. Biz strateji əməkdaşlığımızı reallaşdırmaq əzmindəyik”, - deyə Kadri Simson bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Şuşada beynəlxalq ekspertlərin diqqətinə bir faktı da çatdırıb ki, xanım Simson Azərbaycanı “ÜmumAvropa qaz təchizatçısı” adlandırıb. 

Azərbaycan qazına ümidlə baxan Albaniya. Bu yerdə diqqətinizi mayın 4-də Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclasına yönəltmək istərdim. Azərbaycan tərəfdən işçi qrupun həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir.

Şahbazovun sözlərindən aydın olub ki, Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsi hazırda ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan birbaşa iştirak edəcək. 

Həmçinin nazir SOCAR-ın Albaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza töhfə verəcək bir sıra yeni layihələr üzrə də hazırda intensiv məsləhətləşmələr aparıldığını söyləyib. Daha sonra isə əməkdaşlıq Protokolu imzalanıb. 
Görürsünüzmü, aprelin 25-də SOCAR-ın Sofiyada ofisi açıldı, indi isə daha bir Avropa ölkəsində SOCAR qaz biznesinin genişləmdirilməsinə dair layihələrlə çıxış edir. Azərbaycan Avropanın qaz bazarında mövqelərini möhkəmləndirmək üçün daim aktivlik nümayiş etdirir. 

Azərbaycan qazının genişlənən ixrac coğrafiyası. Azərbaycan artıq 4 ölkəyə qaz ixrac edir. Amma atdığı addımlarla onların sayını artırmaq istəyini ortaya qoyur və bunu da açıq bildirir. “Avropada interkonnektorlar, yəni birləşdirici kəmərlər vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı da qazla təmin edə bilərik”, deyə Azərbaycan prezidenti bildirib. Hədəf isə daha çox ölkəyə qaz satışını həyata keçirməkdir.

İlham Əliyev bildirib ki, “biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. “Enerji təhlükəsizliyinə gəlincə, biz həmişə planlarımızı gələcəyi nəzərə alaraq tənzimləmişik”, deyə dövlət başçısı bəyan edib.

Azərbaycanın qaz potensialı. Azərbaycan prezidentinin çıxışında diqqət çəkən bir məqam da onun uzun illər bundan əvvəl “Azərbaycanın nefti yoxdur”, “Azərbaycanın qazı yoxdur” deyənlər olub. “Biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan “Şahdəniz” yatağından əlavə qaz gözləyir. Özü də bu qaz “Şahdəniz” yatağının yeni fazasından hasil olunmalıdır. Yəni Şahdəniz-3dən. Prezident hətta bu qazın təqribən dörd ildən sonra, bəlkə də daha tez bir zamanda əldə edilməsini də dilə gətirib. 
Daha sonra dövlət başçısı diqqəti “Abşeron” yatağının resurslarına yönəldib və ümid edib ki, bu il oradan ilk qaz hasilatına nail olunacaq. Bəli, hökumət də bunu özünün cari il üçün proqnozlarına daxil edib.  

İlk mərhələdə “Abşeron” yatağından 1,5 milyard kubmetr qazın əldə olunacağını vurğulayan dövlətimizin başçısı daha sonrakı mərhələdə 300 milyard kubmetr mavi yanacağın çıxarılacağını və həmin həcmlərin ixrac üçün nəzərdə tutulduğunu bildirib. İlham Əliyev həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarında böyük qaz potensialı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və BP ilə SOCAR-ın bu qazın çıxarılması üçün nəzərdə tutulan layihədə fəal çalışdıqlarını söyləyib. Və bu da son deyil. Çünki Azərbaycanın “Ümid” və” Babək” kimi yataqları da mövcuddur. 

Yəni Prezident Avropa strukturlarına mesaj verir ki, bizim qazımız var, düzdür onun həcmləri Rusiya qazı ilə müqayisə olunası deyil, amma ildə 20 milyard kubmetr, hətta daha çox həcmi Azərbaycandan stabil olaraq bir neçə onillik ərzində ala bilərsiniz. 

Qaz layihələrinin ağır maliyyə yükü. Bunun gerçəkləşməsi üçün Azərbaycanla qazın alqı-satqısına dair uzunmüddətli müqavilələr imzalanmalı, həmin qaz həcmlərini Avropadakı istehlakçılara çatdırmaq üçün əsas infrastruktur Cənub Qaz Dəhlizi genişləndirilməli, Avropanın içərisində isə birləşdirici kəmərlər ya tikilməli, ya da mövcud olanların texniki imkanları yaxşılaşdırılmalıdır.    

Niyə Azərbaycan prezidenti bu fikirləri dönə dönə təkrarlayır. Çünki dünyada ənənəvi enerjiyə münasibət hazırda fərqlidir. Bu baxımdan ənənəvi karbohidrogen yataqlarının kəşfi, işlənməsi, nəqli və paylanması layihələrinin maliyyələşdrilməsi get gedə mürəkkəbləşir. Azərbaycan prezidenti “TANAP-ın genişləndirilməsi ilə bağlı problemin olmadığını bildirir, çünki orada söz sahibi Azərbaycan və onun strateji tərəfdaşlarıdır”. Bəs TAP? Orada isə Azərbaycanın səhmləri cəmi 20%-dir. Yəni Azərbaycan lazımi qazı çıxartdı, amma onu TAP və ya onun qolları qəbul edə bilməsə, onda qazın biznes zənciri tam olmayacaq axı. 

Görürsünüzmü məsələlər heç də düşünüldüyü qədər sadə deyil, və “Avropa qaza möhtacdır, nəyin bahasına olursa olsun, qaz alacaq” fikri heç də reallığı əks etdirmir. Ortada müxtəlif maraqlar var və bu maraqların həlli diqtədən deyil, hər tərəfi qane edə biləcək həldən keçir. 

Xəzərin o tayından gələn neft. Prezidentin Şuşada təkrarən toxunduğu bir mövzu da Xəzərin o tayından neftin Azərbaycanın infrastrukturu vasitəsi ilə dünya bazarlarına çıxarılması idi.

Görünür ki, bu məsələnin üzərinə ona görə qayıdıb ki, Qərbdə hansısa dairələr nədən Rusiya ilə neft daşımalarında vaxtaşırı problemlərlə üzləşən Qazaxıstanın böyük həcmdə neftinin Azərbaycan üzərindən həyata keçirilməməsini qabartmalarıdır. Prezident Əliyev xüsusilə bir daha vurğulayır ki, məsələ təkcə həcmdə deyil, neftin kimyəvi tərkiblərindəki fərqlilik də vacibdir, çünki Azərbaycan bir tərəfdən tranzitdən daha çox gəlir əldə edə bilər, amma daha çox aşağı keyfiyyətdə olan Qazaxıstan neftinin bizim neftlə qarışmasından itirmək riski var. Bu riskin aradan qaldırılması yolları da aranır, belə ki, Bakı-Supsanın texniki imkanları öyrənilir ki, tamamilə Qazaxıstan neftinin nəqlinə cəlb edilsin. Amma bu məsələ elə həll edilməlidir ki, həm mal göndərən, həm nəql edən şirkətlər, həm də tranzit ölkələr – Azərbaycan və Gürcüstanın maraqları qarşılıqlı şəkildə təmin edilsin.          

AÇG-dən gələn gəlirin azalması. Neftdən söz düşmüşkən. Azərbaycanın neftinin əsas xəzinəsi sayılan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın yüksək templərlə azalması davam etməkdədir. Layihənin operatoru “bp-Azərbaycan” şirkətinin rüblük hesabatından aydın olur ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə gündəlik haslat 11% azalaraq ortalama 386 min barel olub. Maraqlıdır ki, ötən ilin I rübündə də hasilat 10,3% azalmışdı. Bu göstəricilər həyacan təbili çalan bir rəqəmlərdir. 

AÇG-də hasilatın azalması ona gətirib çıxarıb ki, dövlətin bu layihədən əldə etdiyi qazanc 2020-ci ildən sonra ilk dəfə azalma nümayiş etdirib. Dövlət Neft Fondunun açıqladığı məlumata görə, cari ilin yanvar-aprel aylarında AÇG-dən gələn gəlirlər 2 mlrd 468 mln dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 14,8% və ya 430 milyon dollar azalıb. 
AÇG-dən gələn gəlirlərin pik dövrü 2011-ci ilə təsadüf edirdi, o zaman 19 milyard dolları aşan bir gəlir vardı. Ötən il isə göstərici 10 milyard dollara yaxın olub. Özü də belə bir nəticəyə AÇG-də illik hasilatın 16 milyon barel azalması fonunda nail olmuşduq. 

Neft də ucuzlaşır. Təbii ki, Azərbaycanda neft hasilatının azalması fonunda ötən il bu sahədən əldə edilən mənfəətin 2 dəfə artımı Rusiya-Ukrayna müharibəsinin enerji bazarlarında yaratdığı şok effektin nəticəsində əldə edilmişdi. 

Amma indi görünən odur ki, hasilat azalır, bunun üzərinə qiymət azalması faktoru da təsir etdiyi təqdirdə dövlətin neft qazancları get-gedə xeyli azala bilər. 

Brent markalı neft isə bu həftəki minimal qiyməti 72 dollardan da aşağı oldu. Niyə ucuzlaşır neft? Bunun bir cavabı odur ki, qiyməti 70 dolları aşan neft ucuz sayıla bilərmi? Axı neftin 50 dollarlıq qiymətinə vaxtı ilə ədalətli hədd kimi baxırdılar. İkinci cavab odur ki, dünya ümumən postkovid dövründə kasıblaşmağa başlayıb, yəni iqtisadiyyatlar zəifləyəndə enerjiyə də tələbat ona adekvar olur, nəticədə qiymət aşağı düşməyə başlayır. Üçüncüsü isə, bazarda hazırda neftin qıtlığı deyil, bolluğu müşahidə edilir, ona görə də qiymət 90-a deyil, 70 dollara meyllənib. 

Soruşa bilərsiniz ki, bəs artan qaz həcmləri və ixracı Azərbaycanın azalan neft gəlirlərini kompensasiya etməyə yetərli deyilmi? Təbii ki, qaz gəlirlərinin neft qazancımızı üstələməsi baş verəcək, amma bu, yaxın zamanlarda olmayacaq. 

Sadəcə bu zamanın dəyişməsini biz sürətləndirə bilərik. Əgər ki, yaşıl enerji hesabına istilik elektrik stansiyalarında yandırılan qazı həcmlərini xeyli azaltsaq və azad edilmiş həcmləri ixraca yönəltsək. Bununla bağlı böyük planlarımız var və onlardan tez tez eşidirk. Mən isə kiçiklərindən danışım, hansıların ki, reallaşması artıq baş verir.   

Qarabağda yaratdığımız enerji. “Azərenerji”nin rəhbəri Baba Rzayev Zəngilanda tikilən “Sarıqışlaq” SES-də görülən işlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verərkən bir sıra maraqlı məlumatlar açıqlayıb. Belə ki, qeyd edilib ki, bu günədək “Azərenerji” tərəfindən 11 ədəd ümumi gücü 53,6 meqavat olan kiçik su elektrik stansiyaları yenidən qurulub. Hazırda isə “Azərenerji” Laçın və Kəlbəcər rayonlarında ümumi gücü 76,8 meqavat olan daha 9 kiçik Su Elektrik Stansiyasının tikintisinə başlayır.

Beləliklə, görünən odur ki, Azərbaycanın təbii enerji resurslarları bir sahədə  azalırsa, digər sahələrdə artıma gedir. Ona görə də əsas məsələ, onlardan rasional istifadə etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin