“Şahdəniz”ə bu il çəkilən xərclərin HƏCMİ  

Hazırda oxunan: “Şahdəniz”ə bu il çəkilən xərclərin HƏCMİ  

134314

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilib (toplam – 872 mln. dollar – red.). 

Bizim.Media BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir ki, qeyd olunan xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” (yatağın işlənilməsinin ikinci mərhələsi) layihəsinə aid olub. 

“Bu ilin birinci rübü ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir”, - hesabatda bildirilir. 
Hesabata əsasən, bu ilin birinci rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib. 

Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında İstiqlal qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanmışdır və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başlanıb. 

Bundan əlavə, birinci rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. 

“”Şahdəniz-2” layihəsi çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir. Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb.

Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir”, - hesabatda qeyd olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin