Mərkəzi Bank uçot dərəcəsini artırdı

Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini artırdı

134048

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir. 

Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb. Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.

Qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib. 

Qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. 

Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub.

Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0.4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilib. Nüfuzlu ekspertlərin fikrinə görə, mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər.

Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.

Pul siyasətinin inflyasiyaya təsirlərini gücləndirmək istiqamətində islahatlar davam etdirilir.

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcək. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq. 

Bu qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyun ayının 21-də açıqlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin