Sığortalanan meyvə bağları və əkin sahələrinə dəyən zərərə görə ÖDƏNİŞ EDİLƏCƏK

Hazırda oxunan: Sığortalanan meyvə bağları və əkin sahələrinə dəyən zərərə görə ÖDƏNİŞ EDİLƏCƏK

133746

Həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondu rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermerlərin müraciətləri müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır.

Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək. 

Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb.

Eyni zamanda, Fond indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edib. 

“Fermerlərə əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə Fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizi dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edirik” - deyə Aqrar Sığorta Fondundan bildirilib. 

Qeyd edək ki, fermerlər təsərrüfatlarına dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin