Bolqarıstana ixrac olunan Azərbaycan qazının dəyəri AÇIQLANDI

Hazırda oxunan: Bolqarıstana ixrac olunan Azərbaycan qazının dəyəri AÇIQLANDI

128857

2023-cü ilin yanvar ayında Azərbaycandan Bolqarıstana ixrac olunmuş qazın dəyəri 30 706 761 avro təşkil edib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Avropa İttifaqının statistika idarəsi olan "Eurostat" yayıb.

Mənbə yazır ki, bu ilin yanvar ayında Azərbaycandan Bolqarıstana 77,2 milyon kubmetr qaz ixrac olunub.

Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.
Hesabat dövründə Aİ ölkələrinin Azərbaycan qazının idxalına çəkdikləri ümumi xərc 1 006 939 047 avro, tədarüklərin həcmi isə 972,9 milyon kubmetr olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində ölkədə qaz hasilatı 8 milyard kubmetr təşkil edib. "Azəri-Çıraq-Günəşli" yatağından 2,2 milyard kubmetr, "Şahdəniz" yatağından isə 4,4 milyard kubmetr qaz hasil edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 1,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 4 faiz, yəni 319 milyon kubmetr artıb.

Hesabat dövründə qaz ixracı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azdır. Bu ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz nəql olunub. Bu dövr ərzində TANAP vasitəsilə Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz tədarükünü 31 dekabr 2020-ci il tarixindən başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqdan etibarən ümumilikdə 22 milyard kubmetr qaz tədarük olunub. Azərbaycan bu il Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin