Son istifadə tarixi yaxınlaşan məhsullarla NƏ ETMƏLİ? – Yandırmaq, yoxsa ucuz qiymətə satmaq...

Hazırda oxunan: Son istifadə tarixi yaxınlaşan məhsullarla NƏ ETMƏLİ? – Yandırmaq, yoxsa ucuz qiymətə satmaq...

128706

"Versace", "Louis Vuitton" və s. kimi məşhur firmalar növbəti ilə qalan məhsullarına endirim etməkdənsə, zərərsizləşdirməyə üstünlük verirlər. Nəticədə dəyəri 5-10 min manat olan paltolar, ayaqqabılar zavodda yandırılır. Və bu, tanınmış firmaların müştərisinə qoyduğu hörmətin göstəricisi hesab olunur…

Bu barədə məlumatı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu açıqlamışdı. 

Nə qədər təəccüblü olsa da, milyonların ehtiyacını qarşılayacaq vəsaitlər kül edilir. Bu tendensiya ərzaq məhsullarını da əhatə edir. 

Lakin burada məsələ bir az fərqlidir. Əslində, guya əhalinin sağlamlığı üçün atılan bu addım düzgün hesablamaların aparılması ilə əhalinin xeyrinə dəyişə bilər. Amma proses göstərir ki, burada istehsalçı ilə satışı həyata keçirənlərin doğru olmayan qərarları insanların ehtiyacı olan məhsulun məhvi ilə nəticələnir. 

Məlumdur ki, son illər ərzaq qiymətləri sürətlə artır. Əhali hər gün ərzaq qiymətlərinin bahalığı ilə bağlı şikayət edir. Belə bir atmosferdə tonlarla ərzaq məhsulunun yandırılması xəbərləri insanları, əlaqədar qurumları düşündürməlidir və buna bir çıxış yolu tapılmalıdır. 

Ölkənin Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq yandırılan ərzaqlarla bağlı məlumatlar açıqlayır.  

Məsələn, bir neçə gün öncə paylaşılan bir məlumata nəzər salaq: “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib”.

Və yaxud başqa bir xəbər: “İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 38.54 ton müxtəlif növ qida məhsulu, “AZ FP CO LTD” MMC-yə məxsus 68 adda 10.275 ton müxtəlif növ süd və süd məhsulu, 5 adda 15.52 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib”.

Bu qədər məhsulu məhv olmaqdan necə qorumaq olar? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, bu sahədə ciddi problemlərdən biri malın istehsalçıdan istehlakçıya çatdırılması zamanı yaşanır: 

“Məhsulu istehlakçıya çatdıran zəncirin mühüm həlqələrindən biri marketlərdir. Marketlərdə bu məsələdə dəhşətli vəziyyət hökm sürür. Məhsulu marketə yerləşdirmək üçün istehsalçıdan, qəbz filan vermədən, külli miqdarda pul alınır. Başqa “oyunlar” da var. Alıcıların çox gəlməsi üçün endirim kampaniyası edirlər. Bu prosesdə ilk növbədə istehsalçı, son nəticədə isə alıcı zərərə düşür. Yaxud da, satılan malla görə istehlakçıdan bonus alınır və s. Yəni, istehsalçılar marketlərdən “tükdən sallanan” kimi sallanıb. Qorxularından dillənə bilmirlər”. 

Marketlər məhsulları nə üçün artıq alır? 

AİB sədri bildirib ki, marketlər vitrin boş qalmasın deyə, 70 çörək satılacağı halda istehsalçıdan 100 çörək tələb edir. Nəticədə, axşam 30 çörək geri qayıdır: 

“Sahibkarlar Konfederasiyası, İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamışam və marketlər üçün müəyyən qaydaların hazırlanmasının vacibliyini qeyd etmişəm. İstehsalçıların izafi mal istehsal edib marketlərə doldurmasının qarşısının alınması üçün qaydalar olmalıdır. Amma hələ ki, bu sahədə heç bir tədbir görülmür. Başqa bir məqam da odur ki, marketlərin istehsalçılara külli miqdarda borcu var. Elə market şəbəkəsi var ki, istehsalçıya 28 milyon dollar borcludur”.  

AİB sədrinin sözlərinə görə, vaxtı keçən malın satışı birmənalı olaraq qadağandır. Amma bu sahədə də ciddi problemlər var. Vaxtı keçən hər məhsul məhv edilmir: 

“30-ilə yaxın olan təcrübəmiz göstərir ki, vaxtı keçən mallar dükkandan yığışdırılır və qaytarılır distributerə. Onlar isə istehsalçıya qaytarır. Özünə hörmət etməyən istehsalçı qiyməti dəyişib, təkrar bazara çıxarır. Bu alqoritm dəyişməlidir. Mallar vaxtı keçirsə, birbaşa tullantıya getməlidir”. 

Vaxtına az qalan malların istifadəsinə gəlincə isə, AİB sədri deyib ki, Avropada belə məhsullar üçün ayrıca mağazalar olur: 

“Avropada malların istifadə tarixinə az qalanda  keçirilir ayrı bir mağazaya və daha aşağı qiymətə satılır. Bəzi ölkələrdə isə vaxtı keçən mallar yandırılmır. Toplanır və ondan başqa məhsullar-heyvan yemi və s. hazırlanır. Hazırki şəraitdə bizdə vaxtına az qalan malların başqa bir şəbəkədə yerləşdirilməsi oxşar mal istehsal edənlərin baykotuna səbəb olur. Onlar bazarda haqsız rəqabət mühitinin yaranmasından şikayətlənir. Belə bir vəziyyətdə isə vaxtı keçən mallar utilizasiya olunmalıdır. Bu sahədə də problemlər var. Bəzi böyük şirkətlər bunu etsə də, onlarla şirkətlər var ki, onlar məhsullarını “ölməz” edirlər”.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin