Azərbaycan hidrogen bazarına girməyə hazırlaşır – PLANLAR NƏDİR?

Hazırda oxunan: Azərbaycan hidrogen bazarına girməyə hazırlaşır – PLANLAR NƏDİR?

12780

Hazırda dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri qlobal istiləşmə ilə mübarizə çərçivəsində alternativ enerji mənbələrindən istifadəni genişləndirmə siyasətini həyata keçirirlər.

8 iyul 2020-ci ildə Avropa Birliyi (AB) Hidrogen Strategiyasını qəbul edib və Avropa Təmiz Hidrogen İttifaqının yaradılmasını bəyan edib.

Bu strategiyaya əsasən, 2050-ci ilə qədər AB-də hidrogen ekosisteminin yaradılması, elektrik və hidrogen istifadəsinin artırılması ilə növbəti 30 il ərzində karbon emissiyalarının tamamilə azaldılması nəzərdə tutulur. 

AB-də hidrogen istehsalı hazırkı 0,1 GW istehsal səviyyəsindən 2024-cü ilə qədər 6 GW, 2030-cu ilə qədər 40 GW və 2050-ci ilə qədər isə 500 GW istehsal həcminə keçid hədəfə alınıb.

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya miqyasında enerji mənbəyi kimi hidrogen istehsalı üçün maya dəyəri baxımından əlverişli bölgələr geniş təbii qaz potensialı və müvafiq neft-qaz emal müəssisələri olan, habelə günəş, külək potensialının mövcud olduğu ölkələr hesab edilir:

“Bu baxımdan, Azərbaycanda da hidrogenin energetik xammal qismində istehsalı üçün geniş potensial mövcuddur. Ümumiyyətlə, qaz ixracatçısı olan ölkələr üçün boz hidrogen (yəni neft-qaz sektorunda istehsal edilə bilən hidrogen) istehsalının maya dəyərinin nisbətən aşağı olmasına baxmayaraq, uzaq perspektivdə yaşıl hidrogen istehsalının daha rəqabət qabiliyyətli olması mütəxəssislər tərəfindən proqnozlaşdırılıb”.

F.Hümbətov onu da vurğulayıb ki, yaxın perspektivdə SOCAR və digər şirkətlər tərəfindən qeyd olunan enerji məhsulunun istehsalında iştirak etməsi, ölkəmizin hidrogen bazarının formalaşması və ixracat yönümlü iqtisadiyyatın inkişafı baxımından əlverişli görünür:

“Belə ki, SOCAR nəzdindəki neft-emalı müəssisələrində yanakı məhsul (by-product) qismində hidrogen ehtiyatlarının istehsalı imkanları da mövcuddur.

Azərbaycanın Avropa Təmiz Hidrogen İttifaqına qoşulması yaşıl hidrogen istehsalı potensialının araşdırılması əsasında həmin yeni növ enerji mənbəyinin istehsalına başlaması həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır”.

Sektor müdiri onu da qeyd edib ki, “Dağlıq Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərimizdə, xüsusən də dağ çaylarının (elektroliz yolu) su ehtiyatlarından da istifadə edilə bilər: 

“Göstərilən istiqamətdə görüləcək bu tədbirlər, AR Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunmuş 5-ci Prioritetin implementasiyasına, yəni AR-in təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə böyük töhfə verəcək”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin