Azərbaycanda ÇÖRƏK UCUZLAŞDI – Yenidən qiymət artımı ola bilərmi?

Hazırda oxunan: Azərbaycanda ÇÖRƏK UCUZLAŞDI – Yenidən qiymət artımı ola bilərmi?

125246

Bakıda və bölgələrdə çörəyin qiymətində ucuzlaşma müşahidə olunur. İstehsal etdikləri məhsulun qiymətlərində endirim olunub-olunmadığını çörək istehsalçılarından soruşduq.    

“Sərham” MMC çörək zavodundan Bizim.Media-ya bildirildi ki, dünəndən çörəyin qiymətini (zavod çörəyi) 70 qəpikdən 65 qəpiyə endiriblər. Səbəb kimi unun qiymətinin ucuzlaşması qeyd olunub. 

“Araz” supermarketlər şəbəkəsindən şənbə günündən başlayaraq çörəyin qiymətində 5 qəpik endirim olduğu bildilib. Ucuzlaşmanın sadəcə zavod çörəyinə şamil olunduğu vurğulanıb.  
 

MÖVZU İLƏ BAĞLI:

154 çörək istehsalı müəssisəsində yoxlama KEÇİRİLƏCƏK


N1 çörək zavodunun məsul şəxsi Rəşad Mehdiyev isə çörəyin qiymətində endirim etmədiklərini və bunun səbəbini açıqlayıb: 

“Çörəyin ucuzlaşması müvvəqqəti hal olduğu üçün biz qiymətləri stabil saxlamağa üstünlük veririk. Unun qiymətində zaman-zaman müvəqqəti dalğalanma, ucuzlaşma olur. Qiymətləri tez-tez azaldıb, təkrar bahalaşdırmaq da müsbət hal deyil. Bundan başqa, bizdə çörəyin qiymətinə təsir edən sadəcə un amili deyil. Məhsulun paketlənməsi, soyudulması prosesi çörəyin qiymətinə təsir edir. Çörək istehsalında istifadə olunan avadanlıqların yağları xaricdən yüksək qiymətə alınır, paketlənmədə istifadə olunan vasitələrin qiyməti günbəgün bahalaşır. Ona görə biz çörəyin qiymətini ucuzlaşdıra bilməsək də, sabit saxlamağa çalışırıq”.

İqtisadçı-alim, Milli Məclisin deputatı Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında çörəyin qiymətində baş verən ucuzlaşma və bu halın daimi olması üçün vacib olanlardan danışıb: 

“Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsindən sonra dünya bazarında buğdanın qiymətində artımlar müşahidə olundu. Türkiyənin də dəstəyi ilə dəhlizin açılmasından sonra buğdanın qiymətinin optimallaşdırılması, bir sıra hallarda ucuzlaşma müşahidə etdik. Hazırda buğda ixrac edən ölkələrdə qiymətlərin ucuzlaşması var. Çünki dünya bazarına çıxarılan buğdanın həcmində artımlar oldu. Bu da Azərbaycanın idxal etdiyi buğdanın qiymətinə birbaşa təsir göstərir. Yəni, ucuzlaşma birbaşa dünya bazarında bu sahədə baş verənlərlə bağlıdır”.

Vüqar Bayramov qiymətin aşağı və daha stabil olması üçün vacib olanları vurğulayıb: 

“Azərbaycan ənənəvi olaraq çörək və çörək məhsullarının çox istifadə edildiyi ölkədir. Ümumiyyətlə, qiymətlərin ucuzlaşması və daha aşağı səviyyədə qala bilməsi üçün daxili istehsalın artırılması vacibdir. Bu sahədə fəaliyyətin genişləndirilməsinə ehtiyac var”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin