SOCAR-ın Vardanyana vurduğu ZƏRBƏ – Enerji siyasəti İlham Şabanın TƏQDİMATINDA 

Hazırda oxunan: SOCAR-ın Vardanyana vurduğu ZƏRBƏ – Enerji siyasəti İlham Şabanın TƏQDİMATINDA 

123784

“Bizim Barel”in başına gələnlər 

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında 

Yola saldığımız həftə enerji bazarlarında, istər qlobal bazarlarda, istərsə də yerli bazarda xeyli yadda qalan hadisələr baş verib.  

Qlobal bazarlar. Çox nadir hallarda yazın gəlişi belə olur. Yəni təqvim yazının onun mülayim ab-havası ilə üst-üstə düşməsini deyirəm. Düzdür, bu il Şimal yarımkürəsində qış da son 30 ildə üzləşmədiyi mülayimliklə keçdi. Amma yazın ertən gəlişi dünya enerji bazarına əməlli-başlı təsir edir.  

Təbii ki, bu, ilk növbədə özünü qaz bazarlarında göstərir. Yola saldığımız həftə ərzində London birjasında qazın minimal qiyməti 489 dollara qədər ucuzlaşdı. Bu həddə qaz bilirsiniz Avropada nə zaman satılmışdı? 2021-ci ilin iyununda. Ancaq bir il əvvəl martın geridə qalan ilk həftəsində qazın qiyməti Avropada 3892 dollara qədər yüksəlmişdi. Bəs nədən indi qiymətlər belə ucuzlaşdı?  

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (GIE) məlumatlarına əsasən, Avropa İttifaqı cari qışı yeraltı anbarlarda rekord qaz ehtiyatları ilə başa vurdu, martın əvvəlinə keçən illə müqayisədə anbarlarda iki dəfə çox qaz ehtiyatı var.  
Martın 1-dəki məlumatlara görə, Avropa İttifaqında yeraltı qaz obyektlərinin doldurulmasının ümumi səviyyəsi 60,64% (təxminən 66,1 milyard kubmetr) təşkil edib. Qeyd edək ki, Aİ-nın yeraltı qaz anbarlarındakı ehtiyatlar doluluq səviyyəsinə görə 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.  

Rusiya qazının Avropada kəskin zəifləyən mövqeyi. Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson həftə əvvəli Avropa İttifaqının Stokholmda keçirilən Telekommunikasiya, Nəqliyyat və Enerji üzrə Şurasının qeyri-rəsmi tədbirində çıxışı zamanı son 1 ildə Avropanın Rusiyanın enerji mənbələrindən asılılığının əhəmiyyətli dərəcədə azaldığını bəyan edib. 

Avrokomissar bildirib ki, Rusiya artıq Avropanın əsas qaz tədarükçüsü deyil, onun yerini ABŞ və Norveç tutub. Son bir ildə Rusiya boru kəməri ilə qaz tədarükü 155 milyard kubmetrdən 62 milyard kubmetrə qədər azalıb. Rusiya qazının yerini isə Avropa maye qazın idxalını artırmaqla əvəzləyə bilib. Onun idxalı 2021-ci ildəki 80 milyard kubmetrdən 2022-ci ildə 135 milyard kubmetrə qədər artıb. 
Simsonun sözlərinə görə, eyni zamanda, Aİ-yə üzv dövlətlər avqust-yanvar ayları arasında qaz tələbatını 19% azaldıblar ki, bu da istehlakın 38 milyard kubmetr azalması deməkdir. Aİ ölkələrinin anbarlarında qaz ehtiyatları fevralın sonuna 62% təşkil edir. Həmçinin ötən il təmiz enerjiyə keçidin sürətlənməsi ilə müşayiət olunub. 2022-ci ildə Avropada demək olar ki, 50 GVt yeni bərpa olunan enerji gücü, əsasən günəş və külək hesabına quraşdırılıb. 

SOCAR-ın Özbəkistandakı iri layihəsi. Bakıdakı bu həftə keçirilən mötəbər bir beynəlxalq tədbirə bir neçə dövlət və hökumət başçıları qatılmışdı, amma Özbəkistan prezidentinin Azərbaycanda yüksək səviyyədə qəbulu xüsusilə diqqəti cəlb edənlər sırasında idi.     

Bakı və Daşkənd həyata keçirmək üçün 800 milyon dollar dəyərində layihələr üzərində işləyir. Belə bir bəyanatla  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə çıxış edib. 

Eyni zamanda, Mirziyoyev Özbəkistanın Azərbaycan Dövlət Neft Şirkəti ilə aparılan layihəsini vurğulayaraq, bunu ölkələr arasında böyük layihə adlandırıb. 

"Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək", - deyə Özbəkistan prezidenti bildirib. 

Qeyd edim ki, SOCAR və “Özbəkneftqaz” arasında son illər bir sıra əməkdaşlıq memorandumu imzalanıb ki, bu sənədlər Özbəkistan yataqlarında karbohidrogenlərin geoloji-seysmik kəşfiyyatı, habelə karbohidrogenlərin hasilatı, eləcə də neft və qaz hasilatının artırılması üçün yeni texnoloji üsulların tətbiqi nəticəsində istismar olunan quyulardan daha çox xammalın əldə edilməsi üzrə birgə fəaliyyəti nəzərdə tutur. 

Dinc atom və regional siyasət. Bu həftə Prezident İlham Əliyevin daha bir yadda qalan görüşü olub. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən Dövlət başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla Beynəlxalq agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib. 

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun bütün regiona potensial risk yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu da vurğulayıb. 

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib. 

İrana ünvanlanmış mesaj. Sonuncu mesajda ad çəkilməsə də, amma hansı qonşumuza ünvanlandığı yəqin ki, aydındır. İran İslam Respublikasına çevrildikdən sonra təqribən 30 ildən çox bir zaman özünün enerjisini ona xərclədi ki, Körfəz ölkələri içərisində atoma malik ilk ölkə olsun. Düzdür onun açıqladığı hədəf dinc atom olub, amma onun dinc variantından nadinc formasına keçid elə də böyük bir problem deyil axı, sadəcə istəyə bağlıdır.

Ona görə də İranın atoma sahibliyi ona gətirib çıxartdı ki, “ərəb baharı” əməliyyat başlayan zaman İslam Respublikası sanksiyaların tətbiqi nəticəsində nəinki dünya bazarlarına gündəlik olaraq milyon barel az neft çıxartmaqla yanaşı həm də dünya maliyyə sistemindən təcrid edilmiş ilk ölkə oldu. Nəticədə, 1000 MVt gücündə bir atom enerjisi eşqi ilə yanan İran cəmi 5 ildə 400 milyard dollardan çox halal qazana biləcəyi gəlirdən məhrum oldu.

Ona görə də qlobal əhəmiyyət daşıyan belə məsələlərdə “yüz ölç, bir biç” məsəli daha vacibdir, nəinki prinsip xatirinə nəyəsə sahib olub kimə və ya kimlərəsə “bax elədim” təsdiqini qabartmaq.

Petkimdən başlanan enerji yolu. Azərbaycan üçün əsas məsələ bir işin nəticəsidir. Necə ki, 2008-ci ildə Türkiyənin dövlətə məxsus qos-qoca Petkim neft-kimya kompleksinin nəzarət paketinə sahib olması ilə bunun ölkələrimizin qarşılıqlı maraq doğuran neçə neçə yeni layihəsinin həyata vəsiqə qazanmasına gətirib çıxartdı.   

Niyə Petkim diqqətimi çəkdi. Məhz bu şirkətdəki fəaliyyət nəticəsində SOCAR Türkiyə bazarına daxil olmaq imkanı qazandı və Petkim SOCAR üçün Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin yeni bir müstəvidə yaradılan körpüsünün əsasını qoydu. 

Və artıq bu il 1965-ci ildən fəaliyyətdə olan Petkim 15-ci illiyini qeyd edəcək ki, SOCAR-ın rəhbərliyi altında yaşayır, yaradır və inkişaf edir. İnkişafını isə ildən ilə artırdığı qazancı sübut edir.   

Bu günlər 2022-ci ilin maliyyə yekunlarını açıqlayan Petkim Holdinqi 6,5 milyard TL və ya ortalama 396 milyon dollar mənfəət əldə edib. Petkimin əsas səhmdarı kimi bölüşdürülən mənfəətin 51%-i SOCAR Enerji Türkiyə şirkətinə çatacaq, hansı ki, Azərbaycan Dövlət Neft Şirkətinin qardaş ölkədəki törəmə qurumudur. 
Petkimdən başlayan yol bu gün ona gətirib ki, hazırda SOCAR Enerji Türkiyə çətiri altında fəaliyyət göstərən 15 şirkət var. Onların fəaliyyət sahəsi isə çoxşajəlidir. Bu gün SOCAR Türkiyə bazarında neft emal edir, neft məhsulları və qaz satır, kimya məhsullarının istehsalçısıdır, qazın nəinki nəqlini, hətta onun Türkiyənin iki böyük bölgəsində satışını da həyata keçirir. SOCAR-ın özünün yük terminalı var, SOCAR təkcə Türkiyədə TANAP magistral qaz kəmərinə sahiblik etmir, həm də kəmər boyunca çəkdiyi fiber-optik kabellə data-informasiya ötürülməsi bazarına da daxil olub. Və SOCAR Azərbaycanda yaşıllaşmazdan öncə İzmirdə özünün külək turbinlərinə malik olub, ildən ilə onların sayını artırıb və bu gün alternativ enerji bazarının bir oyunçusuna çevrilib.  

Enerji və siyasət. Hərdən fikirləşirəm ki, SOCAR-ı Türkiyə bazarında qısa müddətdə bu enerji ilə yaratmağa sövq edən nə olub? Təbii ki, bir xeyli faktorlar var. Amma hesab edirəm ki, onun impulsu, qığılcımı milli hislərdən, bizə düşmən gözü ilə baxan qonnşumuzla əzəli mübarizəmizdən doğan bir baxış olub. 
İndi isə Sizləri yaxın tarixdə olanlarla, amma çoxları üçün yaddan çıxmış bir sövdələşmənin incəlikləri ilə tanış etmək istərdim. 2007-ci ildə Türkiyə hökuməti dövlətə məxsus Petkim neft-kimya kompleksinin özəlləşdirilməsi üçün beynəlxalq tender elan edir. Tenderdə 18 şirkət iştirak edir. Və tenderin qalibi Rusiya-Qazaxıstan kapitallı “TransCentralAsia” adlı yeni yaradılmış bir konsorsium olur. Və nəticələrə görə, Petkimin yeni sahibləri “Troyka Dialog” investisiya şirkətinin rəhbəri Ruben Vardanyan və Qazaxıstan vətəndaşı olan milləyətcə yəhudi Aleksandr Maskeviç olmalı idilər, hansılar ki, nəzarət paketinə sahib olmaq üçün 2,05 mlrd dollar təklif etmişdilər. Amma Türkiyə hökuməti 2007-ci ilin noyabrında yerli həmkarların tenderin nəticələrindən olan narazılıqları və Petkimin Türkiyə iqtisadiyyatında oynadığı strateji rolu nəzərə alaraq tenderin nəticələrini ləvğ edir və ikinci ən yüksək təklifi vermiş – 2,04 mlrd dollar məbləği irəli sürmüş SOCAR-ı qalib seçir.  

O zaman Rusiyanın işgüzar mətbuatında bu haqda dərc edilmiş bir fakt indiki kimi yadımdadır.

Qeyd edilirdi ki, Türkiyə hökuməti ona görə Rusiyaya bağlı şirkətlə işləmək istəmədi ki, Vardanyanın erməndir, o, hələ o zaman Ermənistan-2020 layihəsi işləyib hazırlayıb, xarici mütəxəssislərlə Ermənistanı regionun ən güclü dövlətinə çevrilməsi algoritmini irəli sürüb. 

Bu gün artıq gün kimi aydındır ki, vaxtı ilə SOCAR-ın endirdiyi nokautun təsirlərlərinin Ruben Vardanyanın təfəkküründə buraxdığı iz ona gətirib çıxartdı ki, 2023-cü ildə rəsmi Bakının diplomatik təpkilərindən sonra auta çıxarılması ilə barışmalı oldu.  

Artan neft-qaz gəlirlərimiz. Azərbaycanda neft hasilatının aşağı düşməsinə baxmayaraq, onun yerini artan qaz həcmləri doldurur. Xarici bazarlarda qiymətin yüksək həddə olması isə Azərbaycanın gəlirlərinin artımına təsir edir.  

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qaz satışından $1 milyard 858,751 milyon məbləğində gəlir əldə edib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,1% çoxdur.  
Neft Fondunun rəsmi açıqlamasına görə, yanvar-fevral aylarında ARDNF-in AÇG blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlir $1 milyard 324 milyon (artım 1,3%) təşkil edib. 

Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $534,751 milyon məbləğində gəlir (artım 2,3 dəfə) əldə edib. Fondun kondensat satışından gəlirləri $58,069 milyon (artım 2,6 dəfə), qaz satışından gəlirləri isə $476,682 milyon (artım 2,3 dəfə) təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin