“Dolların yaxın zamanlarda ucuzlaşacağı real deyil”.
Bizim.Media-ya açıqlamasında bunu maliyyə-bank eksperti Əkrəm Həsənov dolların yaxın dövrdə ucuzlaşacağı ilə bağlı bəzi ekspertlərin açıqladığı proqnozlara münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ
“Dollar prinsipcə vaxtaşırı digər valyutalara nisbətdə gah qalxır, gah da düşür. Bu da normal haldır. Burada söhbət onun heç də böyük dərəcədə ucuzlaşması və yaxud bahalaşmasından getmir. Dolların yaxın zamanlarda ucuzlaşacağı isə indiki halda elə də inandırıcı deyil. Ona görə də ki, hazırda avro zonada yaşayan ölkələrin problemləri Amerikada olduğundan daha çoxdur. Avropa ölkələri isə Rusiya Ukrayna müharibəsi fonunda hər baxımdan, o cümlədən avronun məzənnəsi baxımından çətin duruma düşüblər. Avropanın iqtisadi vəziyyəti indi elə də yaxşı deyil. Bu müstəvidə dolların avroya nisbətdə ucuzlaşması da hazırda real görünmür”.
Ə. Həsənov qeyd edir ki, dollar ucuzlaşsa da belə, onun Azərbaycan manatına heç bir təsiri olmayacaq:
“Ona görə ki, manat dollara bağlanılıb. Dollar bahalaşanda manat da digər dünya valyutalarına nisbətdə bahalaşır, dollar ucuzlaşanda isə ucuzlaşır. Amma manatla dollar arasında nisbət olduğu kimi saxlanılır”.
Həmsöhbətimiz bildirir ki, ölkəmizdə perspektivdə dollar bahalaşa bilər, amma onun ucuzlaşması mümkün deyil:
“Onun manata nisbətdə ucuzlaşması ehtimalı isə demək olar ki, yoxdur. Hətat neftin qiyməti 200 dollar olsa da, dollar milli valyutamıza nisbətdə ucuzlaşmayacaq. Çünki ölkəmizin neft hasilatı azalmaqda davam edir. Dollar Azərbaycanda ümumiyyətlə ancaq bahalaşa bilər, onun ucuzlaşması isə mümkünsüzdür”.
Rüfət Sultan, Bizim.Media