Azərbaycanda südçülüyün inkişaf istiqamətləri müzakirə edildi

Hazırda oxunan: Azərbaycanda südçülüyün inkişaf istiqamətləri müzakirə edildi

12300

Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Samir Eyyubov, süd və süd məhsulları istehsalı, emalı ilə məşğul olan fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafını prioritet istiqamətlərdən biri elan edib.

Heyvandarlığın inkişafı üçün dövlətin göstərdiyi sistemli dəstək tədbirləri nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 % artım qeydə alınıb.

Müqayisə olunan dövrdə ölkədə süd istehsalı 1,9 % artaraq 2,2 milyon ton olub.

Görüşdə ölkədə südçülük sektorunun mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib.

Ölkədə südçülüyün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.

Vurğulanıb ki, heyvandarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlıq potensialının yüksəldilməsi, güclü və sabit yem bazasının yaradılması, heyvandarlıqda yarımintensiv və intensiv saxlama üsullarının daha geniş tətbiq edilməsi strateji fəaliyyət istiqamətləri kimi müəyyən edilib.

Tədbirdə süd istehsalçıları və tədarükçüləri arasında dəyər zəncirinin təşkili, südlük istiqamətli yeni cins heyvanlara üstünlük verilməsi, intensiv texnologiyalar əsasında süd məhsulları istehsalının artırılması, süd tədarükü və qəbulu məntəqələrinin yaradılması, təsərrüfatların qidalı yem təminatı, süd emalı sənayesinin məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin