Türkiyədəki zəlzələ BTC-yə və digər enerji strukturlarına necə təsir edib? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Türkiyədəki zəlzələ BTC-yə və digər enerji strukturlarına necə təsir edib? – İlham Şabanın ŞƏRHİ

119815

Bu həftə türk dünyası üçün üzücü xəbərlə gəldi. Qardaş Türkiyə bazar ertəsinə keçən gecəni Cümhuriyyətin 1939-cu ildən bu yana yaşamadığı təbii fəlakətlə - çoxsaylı insan tələfatı ilə müşayət edilən zəlzələ ilə qarşılaşdı.

Türkiyəni 3 metr cənub-qərbə doğru hərəkət etdirə bilən zəlzələnin enerjisini seysmoloqlar trotil ekvivalentində 50 meqaton qiymətləndiriblər. Bu isə 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücündən 3300 dəfə böyük bir enerjidir.

Zəlzələnin ziyan vurduğu 10 bölgə Türkiyə iqtisadiyyatının 10%-ni, ixracatın isə 11%-dən çoxunu təmin edir. Ölkə üzrə ən böyük 1000 sənaye şirkətinin 150-dən çoxu bu bölgədədir.

Zəlzələnin sadəcə bu 10 bölgənin iqtisadiyyatına birbaşa təsiri nəticəsində Türkiyədə iqtisadi artım tempinin 2 faiz azalacağı proqnozlaşdırılır. Ona görə də 6 fevral faciəsi tək bir dövlətin və onunla həmsərhəd olanların deyil, dünyaya təsir gücündə olacaq bir hadisədir.
Zəlzələnin enerji infrastrukturuna təsirləri. Türkiyənin boru kəmərləri şirkəti BOTAŞ İraq neftini nəql edən Kərkük-Ceyhan və Xəzər neftinin axdığı Bakı-Tiflis-Ceyhan boru kəmərinin heç bir zədə almadığını bildirib. bp şirkətinin Bakı ofisindən isə bildirilib ki, Türkiyədə baş verən zəlzələlərə baxmayaraq BTC ilə neftin nəqlində fasilələr baş verməyib.

Türkiyə ərazisi ilə şərqdən qərbə uzanan TANAP boru kəməri isə zəlzələ zonasından xeyli aralıda yerləşdiyindən hansısa neqativ təsirlərlə üzləşməyib.

BTC boru kəmərinin Türkiyədəki operatoru olan Botaş International Anonim Şirketi bir qədər sonra bildirdi ki, Ceyhan terminalında tankerlərin yüklənməsi üzrə əməliyyatlar təhlükəsizlik məqsədi ilə müvəqqəti olaraq dayandırılıb.

Bu da başa düşüləndir. Çünki Ceyhanın yaxınlığında yerləşən İskəndərun yük terminalında olan təqribən 1500-ə qədər konteyner zəlzələnin elə ilk günündəcə güclü təkanlardan bir birlərinə dəyərək içərilərində olan maşınlardan yanacaq və yağların daşması nəticəsində alova büründü.

Türkiyədə isə 2 gün ərzində zəlzələlərin gücü azalsa da, amma təkanlar davamlı olaraq baş verirdi. Bu baxımdan tankerlərə neftin yüklənməsi baş verərdisə, onda hansısa ləngər tankerlə doldurma avadanlığı arasında toqquşmaya və hətta yanğına da gətirib çıxara bilərdi. 

Ceyhandan tankerlərin yük daşımalarını müvəqqəti dayandırması xəbəri bazar iştirakçıları arasında əvvəlcə bir narahatlıq hissi yaratdı, çünki bu terminal vasitəsi ilə bazara gündəlik olaraq 900 min bareldən çox neft çıxarılır, ona görə də neft qiymətlərində müəyyən artım oldu.

Amma sonradan fevralın 8-də Ceyhan terminalına zəlzələdən sonra ilk tankerin daxil olması xəbəri ictimailəşəndən sonra qara qızılın qiyməti yenidən əvvəlki səviyyəyə qayıtdı.  Qeyd edək ki, həftə sonuna qədər Azərbaycan neftinin Ceyhan limanından ixrac edilməsinə dair heç məlumat verilməyib.

BTC kəməri 2022-ci ildə necə işləyib. BP şirkətinin bu həftə Azərbaycandakı fəaliyyətinə dair 2022-ci ilin yekunları üzrə açıqladığı hesabatda isə ötən il Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft nəqlinin 224 milyon barel təşkil etməsi haqda xəbər yayıb.

Bu isə 2021-ci illə müqayisədə nəqlin 13,6% artması deməkdir. Məlumatda bildirilir ki, kəmər istifadəyə verildikdən sonra - 2006-cı ilin iyun ayının 4-dən 2022-ci ilin sonunadək BTC ilə ümumilikdə 4 milyard barel həcmində xam neft nəql edilib və Ceyhanda dünya bazarlarına indiyə qədər 5244 tanker yola salınıb.

Onu qeyd edim ki, 2022-ci ildə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql edilən maye karbohidrogenlərin 84%-i neft, 16%-i isə kondensat olub. Sonuncu Şahdənizdən qazla birgə hasil edilən neftdən daha yüngül olan karbohidrogendir.

Daha maraqlı bir məlumatı diqqətinizə çatdırım: 2022-ci ildə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 38 milyon barel Xəzər hövzəsinə məxsus ölkələrin tranzit nefti daşınıb. Yəni BTC ilə daşınan neftin 17%-i tranzit həcmlər hesabına formalaşıb.

AÇG nefti haqda. Ötən il Azəri-Çıraq-Günəşli yataqları ilə bağlı hasilatın 16 milyon barel azalması bildirilir. Belə ki, 2022-ci ildə müqavilə sahəsindən 151 milyon barel neft çıxartmaq mümkün olmuşdusa, bir il əvvəl bu göstərici 167 milyon barel idi.

BP hesabatındakı maliyyə göstəricilərindən istifadə edərək Azərbaycanın ən böyük yatağındakı neftin quyu ağzında neçəyə başa gəlməsini hesablayaq. 2022-ci ildə AÇG üzrə əməliyyat xərcləmələri 470 mln dollar təşkil edib.

Bir il əvvəl isə xərcləmələr bundan 17,6% artıq idi, yəni 553 mln dollar. Mən neftin neçəyə başa gəlməsində kapital xərcləmələrini nəzərə almayacağam. Çünki bu faktordan istifadə etdikdə gəldiyimiz nəticədə xəta daha yüksək ola bilər, qeyd edim ki, hazırda bp və təfdaşları Azəri Mərkəzi Şərqi adında yeni bir platforma tikirlər və kapital xərcləmələrinin yüksək olması da məhz  bu amillə bağlıdır.

Onun neftin qiymətindəki payını dəqiqliklə ancaq konsorsiumun maliyyə və investisiya qurumları açıqlaya bilər. Bu baxımdan da, ancaq əməliyyat xərcləmərinin tətbiqi zamanı ortaya çıxan göstəriciləri müqayisə edəcəyik.

Bunun üçün sadəcə illər üzrə olan əməliyyat xərclərini hasil edilmiş neft həcmlərinə bölmək lazımdır. Beləliklə, 2021-ci ildə AÇG-dən 1 barel neftin çıxarılması üçün çəkilən xərclər quyu ağzında 3,31 dollar, 2022-ci ildə isə 3,11 dollar təşkil edir.

Ancaq AÇG səhmdarları üçün neft bazarda, yəni Ceyhan terminalında alıcıya təhvil verilənədək, o cümlədən neftin sahilə nəql edilməsi, onun təmizlənməsi və əmttəlik hala çevrilmə xərcləri nəzərə alınmaqla, həmçinin BTC ilə nəqletmə və Ceyhanda tankerlərə yükləmə xərcləri nəzərə alınmaqla təxminən 10 dollar ətrafında olan bir göstərici olur. 

Onu deyim ki, dənizdə çıxarılan, dünya bazarından kifayət qədər uzaqda yerləşən bir neft üçün həddən ziyadə yaxşı nəticədir. Buna görə də dünya bazarında Azərbaycan üçün kifayət qədər rəqabətədavamlı məhsul məzh onun neftidir. 

Nefitimizə bazarda tələbin yüksək olması ona gətirib ki, bir ildə AÇG-də hasilatın 16 milyon azalmasına baxmayaraq, bu layihədən dövlətə çatan mənfəət, yəni Neft Fonduna AÇG-dən daxil olan gəlirlər 3 mlrd 920,6 milyon dollar artaraq 9 mlrd 889 milyon dollar təşkil edib.

Varmı Azərbaycanda ikinci belə bir gəlir gətirən mal? Yoxdu, ancaq ikinci yerdə gəlirliyinə görə təbii qazımızdır.

Azərbaycan qazının şahı. Diqqəti elə bu yerdə təbii qazımızın üzərinə yöməltmək istərdim ki, onun şahı da “Şahdəniz” qazıdır. Bir ilə yataqdan qaz hasilatını 2 mlrd kubmetr, kondensat hasilatını isə 2 mln barel artırmaq olub və bu artım bu il də davam edəcək. Bu da Azərbaycana imkan verir ki, ixrac həcmlərini də yüksəltsin.

“Şahdəniz” yatağından ötən il 25 milyard kubmetrdən çox qaz hasil edilibsə, bu il proqnozlara görə hasilat layihə gücünə - 26 milyard kubmetrə çatmalıdır.

Soyuğun qazımıza olan təsirləri. Fevralın 9-da Azərbaycand hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq ölkədə qaz istehlakı da artıb. “Azəriqaz”dan verilən məlumata görə, gün ərzində abonentlərə 42,3 milyon kubmetr qaz nəql edilib.

Əvvəlki günlərlə müqayisədə qazın istehlakı 24% artıb. İstehlak edilən qazın 58%-i Bakı şəhəri və Abşeron yarımadasının payına düşüb.

Qeyd edək ki, qaz istehlakına dair açıqlanan bu həcmlər 2023-cü il üçün qeydə alınan ikinci ən böyük göstəricidir: İlk belə göstərici yanvar ayının 11-də qeydə alınıb. Həmin gün ölkə üzrə “Azəriqaz” vasitəsilə abonentlərə 46,6 milyon kubmetr qaz çatdırılıb.

Bildirmək istəyirəm ki, bu həcmlərə “Azərenerji” ASC-nin istilik elektrik stansiyalarına verilən qaz həcmləri daxil deyil. Çünki “Azərenerji” qazı “Azəriqaz”dan deyil “Azərkontrakt” ASC-dən alır. İl ərzində “Azərenerji” 5 mlrd kubmetrə qədər qazı yandırmaqla ondan təqribən 25 milyard kVtsaat elektrik elektrik enerjisi hasil edir.

Azərbaycan-Rusiya qaz danışıqları. Azərbaycan özünün ətrafında yerləşən dünyanın iri qaz ölkələri ilə (Rusiya, İran və Türkmənistan) əməkdaşlıq münasibətlərinə xüsisi həssaslıqla yanaşır. Çünki iki onillikdir davam edən bu əməkdaşlıqda qarşılıqlı faydanı heç zaman diqqətdən kənar qoymur.

Bu dəfə söhbət SOCAR və “Gazprom” arasında uzun illərdir mütamadi aparılan dialoqun fevralın 7-də Rusiyanın qaz nəhənginin mənzil qərargahında davam etdirilməsindən gedir. Bununla bağlı “Gazprom” şirkəti məlumat yayıb ki, Aleksey Miller və SOCAR prezidenti Rövşən Nəcəfin görüşü olub.

Onu deyim ki, Azərbaycanla Rusiyanın qaz əməkdaşlığı 2000-ci ilin oktyabrından başlayır. Ümumən münasibətlərimiz daim işçi şəkildə normal olub. İndiyə qədər bircə dəfə “Gazprom”la ziddiyyət yaşamışıq: o da, 2006-cı ilin noyabrında Azərbaycan üçün qiymətləri kəskin bahalaşdırması təklifi ilə çıxış edəndə.

Bu da qəribə idi, çünki “Gazprom” bilə bilə ki, artıq "Şahdəniz-1 layihəsi üzrə ölkənin daxili bazarına və xaricə ilk qaz həcmləri gələcək" niyə belə düşünülməmiş addım atırdı? Nəticəsi isə o oldu ki, Azərbaycan nəinki öz bazarını mavi yanacaqla özü təmin edə bildi, həmçinin Gürcüstanı da “Gazprom”un əlindən aldı.

“Gazrom” və SOCAR rəhbərlərinin əvvəlki görüşü isə 2022-ci il noyabrın 22-də baş tutmuşdu. O zaman görüş Azərbaycanın Rusiyadan qısamüddətli müqavilə çərçivəsində qaz alması məsələlərinə həsr edilmişdi. 

Amma Aleksey Millerlə Rövşən Nəcəfin ilk tanışlığı daha əvvələ təsadüf edir. 2021-ci ilin 29 oktyabr tarixində Gazpromun Sankt-Petrburqdakı mənzil gərargahında Miller SOCAR rəhbərliyini qəbul edir. Görüşdə vitse-prezident Elşad Nəsirov və o zaman AR İqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü olan Rövşən Nəcəf də iştirak edirdi.

SOCAR rəhbərinin 1 ili. Soruşa bilərsiniz ki, nədən Rövşən Nəcəfə bu qədər diqqət yetirdim. İş burasındadır ki, 2022-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf  Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib və eyni zamanda ona SOCAR prezidenti vəzifəsinin müvəqqəti icrası tapşırılıb.

Rövşən Nəcəf bu vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə, ötən ilin 21 iyul tarixli sərəncamı ilə dövlət başçısı onu SOCAR-a rəhbər təyin etdi.

Bəs bir il ərzində SOCAR-da nə dəyişdi? İş burasındadır ki, Azərbaycanın istər sosializmdə, istərsə də kapitalizmdə dövlətin nəzarətində olan neft sənayesi ölkə üçün strateji əhəmiyyət daşıyan bir sahədir.

Özü də çoxşahəli, xeyli sayda müxtəlif təyinatlı böyük müəssisələri özündə birləşdirən bir qurumdur.

Həmçinin bu qurum 24 saat bütün il boyu fasiləsiz işləyən bir şirkətdir. Ona görə də orada aparılan islahatlar hansısa kommersiya qurumunda midirin dəyişməsi ilə tam fərqli bir görkəmə gətirilən ab-havadan uzaqdır.
İslahatlar isə hələ yekunlaşmayıb, şirkət üzrə istehsal göstəricilərini ictimailəşdirmək ötən ildəkindən daha gec baş tutsa da, əsas odur ki, onlar geriləməyib. Çünki ənənəvi enerji sahəsində artıq geriyə yol yoxdur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin