Avtomobillər 2 dəfə BAHALAŞIB - 12 ildir sığorta ödənişlərinin həcmi niyə dəyişmir?

Hazırda oxunan: Avtomobillər 2 dəfə BAHALAŞIB - 12 ildir sığorta ödənişlərinin həcmi niyə dəyişmir?

119389

12 ildir ki, avtomobillərin icbari sığortasında maksimum ödəniş həddi dəyişməz olaraq qalır. Bu da istər-istəməz suallar yaradır. Çünki, son 12 ildə bir devalvasiya və çoxlu sayda infilyasiya yaşamalı olmuşuq. Məsələn, 2011-ci ildə 20 min manata olan avtomobil hazırda 40 min manatdan bahadır.

Üstəlik, avtomobillərin ehtiyat hissələri və servis xidmətləri də xeyli bahalaşıb. Ona görə də tez-tez ziyan görən tərəflə sığorta şirkəti arasında mübahisələr yaranır.

Çünki, avtomobil vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta kompensasiyası bir hadisə üzrə əmlaka dəymiş ziyana görə maksimum ödəniş 5 min manatdır. Reallıqda isə bəzən hansısa avtomobilin bir detalı elə 5 min manat olur. Belə vəziyyətdə sığorta şirkətləri dəymiş ziyanı tam həcmdə ödəməkdən boyun qaçırır.

Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında məsələnin xeyli qarışıq olduğunu bildirdi:

“Ötən müddət ərzində həm avtomobillərin ehtiyat hissələri, həm avtomobillər xeyli bahalaşıb. Üstəlik, pul xeyli dəyər itirib. Bundan əlavə sığorta şirkətləri bonus-malus sisteminə keçib. Nəticədə, son 10 ildə sığorta haqları ən azı 15 faiz artıb. Əslində sığorta haqları ilə yanaşı sığorta ödənişləri də artmalıdır. Burda bir məsələ var. Sığorta ödənişlərinin maksimum həddinin artması üçün birinci növbədə qanun dəyişməlidir. Qanuna dəyişiklik edilən zaman təkcə sığorta ödənişləri deyil, həm də sığorta haqqı artacaq”.

Ekspert qeyd etdi ki, 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” qanuna əsasən avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğləri-bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min, ümumi olaraq sağlamlığa dəyən zərər üzrə 50 min, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə isə 5 min manatdır. Bir hadisə üzrə maksimum ödəniş isə 55 min manatdır. Və son 12 ildə bu ödənişlərin heç birinin həcmi artırılmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin