Azərbaycan İran məhsullarından İMTİNA EDƏ bilərmi? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan İran məhsullarından İMTİNA EDƏ bilərmi? – AÇIQLAMA 

118051

Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasındakı siyasi və diplomatik əlaqələr gərginləşib. İndi isə İran-Azərbaycan arasındakı iqtisadi münasibətlərin bundan sonrakı aqibəti müzakirə olunur.

Yaranmış vəziyyət indiyədək İrandan gətirilən ərzaq və qeyri-ərzaq məhsullarından imtina edilməsinə gətirib çıxarıb.

İctimaiyyətdə bununla bağlı həm etibarsızlıq, həm də ikrah hissi yaranıb. Əksər vətəndaşlar isə hökumət səviyyəsində İran məhsullarına embarqo qoyulmasını istəyir. Hətta İrandan ölkəmizə idxal edilmiş ərzaq məhsulları ilə bağlı düşünülmüş təhlükənin olacağı ilə bağlı da narahatlıq yaranıb.

Məlumat üçün bildirək ki, qonşu ölkədən Azərbaycana yüzlərlə adda məhsul gətirilir. Bura ərzaq, meyvə-tərəvəzdən tutmuş, tikinti materialları, sənaye məhsulları, mebellər, geyim əşyaları, kosmetik və gigiyenik vasitələr aiddir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, İran-Azərbaycan iqtisadi münasibətlərinin gərginləşəcəyi halda itirən tərəf təbii ki, İran olacaq:

“2022-ci ildə Azərbaycanla İran arasında siyasi münasibətlərdə gərginlik müşahidə olunmasına baxmayaraq iqtisadi dövriyyədə və əlaqələrdə hər hansı geriləmələr qeydə alınmadı. Həmin ilin ilk 11 ayının nəticələri göstərir ki, Azərbaycan İrandan 430 milyon dollarlıq mal idxal edib.
İrana isə 25 milyon dollarlıq mal ixrac etmişik. Eyni zamanda 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 430 milyon dollar olub. Praktik olaraq 2022-ci ilin ilk 11 ayında tərəflər arasında ticarət dövriyyəsi 2021-ci ilin ümumi ticarət dövriyyəsi ilə müqayisədə daha böyük olub. Bu da ondan xəbər verir ki, bütövlükdə siyasi münasibətlərdə gərginlik ötən il iqtisadi əlaqələrə təsir göstərməyib”. 

Deputatın sözlərinə görə İran Azərbayacana daha çox ixrac edir:

“İran-Azərbaycan arasında ticarət dövriyyəsində mənfi saldo 2022-ci ilin ilk 11 ayında 405 milyon dollar olub. İran məhz həmin müddətdə Azərbayacana ixrac nəticəsində o qədər də gəlir əldə edib. Bu baxımdan İran daha çox xeyir və gəlir götürən tərəfdir.
İqtisadi əlaqələrdə gərginlik olarsa, Azərbaycan qısa bir zamanda alternativ bazarlar tapmaq imkanına malikdir. İdxal etdiyimiz məhsullar daha çox ərzaq  və gündəlik istifadə etdiyimiz sənaye mallarıdır.

Bu məhsullar qardaş Türkiyədə və Rusiyada da istehsal olunur. Alternativ olaraq daha qısa zamanda bu məhsulları gətirmək fürsətləri var. Onu da əlavə edim ki, İran-Azərbaycan arasında ticarət dövriyyəsində hər hansı azalma baş verərsə, bu ölkədə istehlak bazarındakı tarazlığa hər hansı neqativ təsir göstərməyəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin