Bu gündən banklara yerləşdirilən əmanətlərdən əldə edilən qazanca görə, vətəndaşlara 10 faiz vergi tətbiq ediləcək. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Mütəxəssislər hesab edir ki, əmanət faizlərinə vergi tətbiqi iki istiqamətə ciddi təsir edəcək.
Birincisi, əmanətlərin həcmi azalacaq.
İkincisi, insanlar artıq vəsaitlərini banklara yox, daha çox gəlir gətirən sahələrə yatıracaqlar. Bu verginin tətbiqi əmlak bazarında canlanmaya səbəb ola biləcəyini düşünənlər az deyil. Çünki, daşınmaz əmlak həm aybaay bahalaşır, həm də əmlakın icarəsindən də kifayət qədər qazanc əldə edilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ilk dəfə beynəlxalq Daşınmaz Əmlak Bazarı açılıb
Digər tərəfdən vergi güzəşti əhalini banklara üz tutmağa sövq edən amil idi. Sözügedən güzəşt insanların banklara depazit yatırmasının həcmini artırdı, Yeddi il ərzində fiziki şəxslərin 8,8 milyard manat əmanəti 33 faizdən çox artaraq 11,7 milyard manata qalxdı.
Məsələyə münasibət bildirən iqtiadçı-ekspert Natiq Cəfərli Bizim-Media-ya açıqlamasında bildirdi ki, düşünmürəm ki, bu addım əmlak bazarına axın yaratsın:
“Çünki, əmanətlərin faizinə 10 faiz vergi tətbiq olunur. Beləki, qoyduğu 100 min əmanətdən 10 min manat qazanc əldə edən əmanətçi 1000 manat vergi ödəyəcək. Lakin, 100 minlik evi alıb, hər ay ondan 800 manat qazanc götürmək ehtimalı yüksək deyil. Ona görə də əmanətlərə vergi güzəştinin ləğvi əmlak bazarında kəskin bahalaşmaya səbəb olmayacaq. Amma təsirsiz də ötüşməyəcək”.
Natiq Cəfərli ümumilikdə bu verginin tətbiqinin heç də uğurlu variant kimi qəbul etmir:
“Çünki, insanlar əmanətə qoyduqları pulu qazanarkən zatən vergi ödəyiblər. Əgər kimsə pulu əyri yolla qazınıb və əmanət hesabına leqallaşdırırsa burda başqa mexanizm tətbiq edilməlidir. Üstəlik, faiz də kifayət qədər yüksəkdir. İllik qazancının 10 faizini vergi ödəmək faktı çox yüksəkdir. Əslində, bu vergi simvolik olmalıdır ki, əmanətçi daha həvəsli olsun ki, pulunu banklara etibar etsin”.
İqtisadçı ekspert Eldəniz Əmirovsa hesab edir ki, güzəştin bitməsi geri effektlər yarada bilər:
“Bankların təqdim etdiyi depozit faizlərini onsuz da infilyasiya yeyir. Digər tərəfdən də güzəştin aradan qalxması insanların öz əmanətlərini daşınmaz əmlaka yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında infilyasiya və üstəgəl vergi daşınmaz əmlakı daha səmərəli yatırım alətinə çevirir.
Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarına səbəb olacaq. Əmlak bazarında real qiymət artımını isə mart-aprel aylarına doğru hiss etdirməyə başlayacağıq”.
Surxay Atakişiyev, Bizim.Media