Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 20 milyard kubmetrə çatacaq - FOTO

Hazırda oxunan: Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 20 milyard kubmetrə çatacaq - FOTO

116308

İtaliyanın nüfuzlu mətbuat orqanlarından olan “il Messaggero” qəzetində Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəmərinin əhəmiyyətinə dair məqalə dərc edilib.

Bizim.Media xəbər verir ki, yazıda İtaliyanın illik təbii qaz istehlakının təxminən 72 milyard kubmetr səviyyəsinə çatdığı, yerli ehtiyatlarının isə 50-80 milyard kubmetr arasında olduğu bildirilir.

İki ildən çoxdur ki, istifadə verilən TAP boru kəmərinin hazırda İtaliyanın ikinci təbii qaz təchizatı mənbəyi olduğu vurğulanır.

Qeyd olunur ki, Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP kəməri vasitəsilə bir neçə ildən sonra Azərbaycandan İtaliyaya gələn qazın həcmi iki dəfə artaraq 20 milyard kubmetrə çatacaq.
Bunun üçün mövcud boru kəmərinin ötürücülük qabiliyyəti artırılmasına və infrastrukturun gücləndirilməsinə sərmayə qoyulmalıdır. TAP perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıra, həmçinin İtaliyanın qitədə qaz nəqli üçün tranzit mərkəzə çevrilməsinə şərait yarada bilər.

Vurğulanır ki, hazırda İtaliyanın Azərbaycan, Əlcəzair və Liviyadan aldığı qaz həcmləri tələbatın 80 faizdən çoxunu ödəyir. Bir il əvvəl isə İtaliya təbii qaz tədarükündə 40 faiz təkcə Rusiyadan asılı idi.

Qeyd edək ki, indiyədək TAP ilə İtaliyaya 17 milyard kubmetrədək qaz nəql edilib. Bu həcmin 9,6 milyard kubmetri yalnız keçən ilin payına düşüb.

TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır.

TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.
Boru kəmərinin Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin