2023-cü ildə dünya iqtisadiyyatını nə gözləyir?

Hazırda oxunan: 2023-cü ildə dünya iqtisadiyyatını nə gözləyir?

115536

Yaxın keçmişə nəzər salsaq, 2020-ci ildə Covid-19 pandemiyasının başlaması və buna görə qlobal təchizat zənciri ilə bağlı ciddi problemlərin yaranması istehsal imkanlarını azaldıb.

İqtisadiyyatların dəstəklənməsi məqsədilə görülən tədbirlər isə qlobal inflyasiyanı sürətləndirərək 2021-ci ildə 3.1%-ə qədər artırıb.

Bu da 2008-ci il maliyyə böhranından sonra ən böyük göstərici idi. Eyni zamanda, 2020-ci ildə dünya iqtisadiyyatı 3.4% kiçilib. Pandemiya həm də dünyada qeyri-bərabərliyin artmasına və borclanmanın yüksəlməsinə gətirib çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Bürosu araşdırma aparıb.

Bildirilib ki, 2021-ci ildə dünya iqtisadiyyatı müəyyən qədər bərpa olunsa da və 5.7%-lik artım qeydə alınsa da pandemiya ilə əlaqəli bəzi iqtisadi problemlər öz mövcudluğunu davam etdirib və 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması əlavə problemlər yaradaraq bərpa prosesinin bitməsinə imkan verməyib.
Müharibənin təsiri ilə qazın qiyməti rekord səviyyədə artdı (martda 1000 kubmetri $3900), qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər formalaşdı və bunların təsiri ilə qlobal inflyasiya rekord səviyyəyə, 7.2%-ə çatdı. İqtisadi artım tempi isə 2022-ci ildə 2.9%-ə qədər azalıb.

2023-cü ildə isə əvvəlki illərdən qalmış bir sıra iqtisadi problemlər və Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə bağlı yaranmış problemlər iqtisadi inkişafa ciddi şəkildə təsir edəcəkdir.

Dünya Bankının 2023-cü ilin yanvarında çap edilən hesabatına əsasən ilin sonuna dünya üzrə iqtisadi artım tempi 1.7%-ə qədər azalacaqdır. Halbuki, 6 ay əvvəl Dünya Bankı dünya iqtisadiyyatının növbəti ildə 3%-ə qədər artacağını proqnozlaşdırıb.

Bu azalma son 30 ildə 2008-ci ildəki maliyyə böhranında və pandemiyanın təsiri ilə formalaşmış böhranda qeydə alınmış geriləməni nəzərə almasaq ən böyük azalma olacaqdır.

Qlobal azalma inkişaf etmiş ölkələrin 95%-nə, inkişaf etməkdə olan ölkələrin isə 70%-nə ciddi təsir edəcəkdir və bu dünyanın bəzi regionlarında yoxsulluğun kəskin artmasına yol aça bilər. Azalma nəticəsində dünya üzrə adambaşına düşən ÜDM-in 2010-cu illərin əvvəli ilə müqayisədə daha az olacağı gözlənilir.
Dünya iqtisadiyyatının artım proqnozunun əsaslı sürətdə azalmasına təsir edən əsas amillər kimi inflyasiyanın yüksək olması və buna görə də qlobal səviyyədə, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi tərəfindən aparılan sərt pul siyasəti (faiz dərəcələrinin artırılması), maliyyə vəziyyətinin pisləşməsi, maliyyə resurslarına çıxış imkanlarının zəifləməsi, yüksək borclanma səbəbindən investisiya imkanlarının məhdudlaşması və Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünya iqtisadiyyatında yaşanan  pozuntular (disruptions) göstərilir.

2023-cü ildə inflyasiyanın daha da sürətlənməsi, pul siyasətinin daha da sərtləşdirilməsi, maliyyə sektorunda gərginliyin daha da artması və geosiyasi qarşıdurmanın daha da güclənməsi dünya iqtisadiyyatını resessiyaya apara bilər və korporativ defoltların şahidi ola bilərik.

Ümumiyyətlə, dünya iqtisadiyyatının 2023-cü ildə ressiya ilə qarşılaşması ehtimalı kifayət qədər yüksəkdir.

Ölkə qrupları üzrə baxdıqda isə ən az iqtisadi artım İnkişaf Etmiş Ölkələrdə qeydə alınacaqdır. Dünya Bankının proqnozlarına görə bu qrupa aid olan ölkələrdə 2023-cü ildə orta iqtisadi artım 2022-ci ildəki 2.5%-dən 0.5%-ə qədər azalacaqdır.

İnkişaf Etməkdə Olan ölkələr qrupunun orta iqtisadi artımı isə 2023-cü ildə 3.4% səviyyəsində olacaqdır. Çini nəzərə almasaq bu ölkələr qrupunda orta illik iqtisadi artım 2022-ci ilədki 3.8%-dən 2.7%-ə qədər azalacaqdır.

Az gəlirli ölkələrin 65%-nin də 2023-cü il üçün proqnozları azaldılmışdır və bu qrup ölkələrin orta artım səviyyəsinin 5.1% səviyyəsində olacağı gözlənilir.

2023-cü ildə Qlobal inflyasiya 2022-ci ildəki rekord göstərici ilə müqayisədə azalsa da özünün yüksək səviyyəsini qoruyacaqdır və orta hesabla 5.2% təşkil edəcəkdir. Yalnız 2024-cü ilin sonuna 3.2%-ə qədər azalacağı gözlənilir.
Bu səviyyə belə 2015-2019-cu illərdəki 2.3%-lik orta səviyyədən yüksək olacaqdır. Ona görə də qarşıdan gələn illərdə də bizi yüksək inflyasiyalı iqtisadi mühit gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin