19 dekabr 2022-ci il tarixdə Bizim.Media-da “2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? – AÇIQLAMA” başlıqlı yazı dərc olunmuşdu. Yazıda tenderin qalibi olan şirkət barədə qaranlıq məqamlardan söhbət açılmışdı.
Ən əsası qalib şirkətin 2 milyon manata yaxın vergi borcu olduğu qeyd eilmişdi.
Yazı dərc edildikdən sonra adı hallanan “Alov-Mühafizə” MMC-dən Bizim.Media-ya məktub daxil olmuşdu. Məktubda Cəmiyyətin sədri Xalis Talıbov bildirmişdi ki, şirkətin heç bir vergi borcu yoxdur. Və məktuba DVX-nin arayışının foto surəti də əlavə edilmişdi.
MÖVZU İLƏ BAĞLI:
2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - AÇIQLAMA
Maraqlıdır ki, bu günlərdə İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı da var.
Məsələ ilə bağlı ilkin olaraq “Alov Mühafizə” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Lakin telefon zənglərimiz davamlı şəkildə qapadıldı. Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyevlə əlaqə saxladıq.
Bizim.Media-ya açıqlamasında direktor bildirdi ki, tender keçirilib:
“Lakin tenderin qalibinə heç bir vəsait ödənilməyib. Çünki hələlik 2023-cü ilin vəsaiti hesabımıza oturmayıb. Tenderin taleyi ilə bağlı heç nə deyə bilmərəm. Çünki, məsələ hələ tam aydınlaşdırılmayıb”.
Surxay Atakişiyev, Bizim.Media