2023-cü il QAZ BAZARINI necə alovlandıracaq? - İlham Şabanın yeni il üçün İLK PROQNOZLARI

Hazırda oxunan: 2023-cü il QAZ BAZARINI necə alovlandıracaq? - İlham Şabanın yeni il üçün İLK PROQNOZLARI

113743

2023-cü ilin gəlişi əvvəlki illərə heç bənzəmirdi. Avropanın səkkiz ölkəsində temperatur rekordu qeydə alınıb. Müsbət temperatur hələ ötən ilin sonlarından demək olar ki, bütün Avropanı bürüyüb. Qarlı və şaxtalı qışın adiləşdiyi Polşada temperatur 19 dərəcəyə qədər yüksəlib.

İspaniyanın cənubunda deyil, şimalında yerləşən Bilbao şəhərində isə yanvarın 1-də termometr +25 dərəcəni göstərib.

Qaz bazarı. Avropanın bir çox ölkələrində havaların xeyli mülayim keçməsi mavi yanacağa olan tələbatı da azalıb, bu da öz növbəsində qiymətlərin xeyli ucuzlaşmasına təsir edib.

Yanvarın 5-də London Əmtəə Birjasında 2021-ci ilin 10 sentyabr tarixindən sonra ilk dəfə min kubmetr qazın qiyməti 700 dollardan aşağı həddə düşdü və 696 dollara satıldı. Düzdür sonra hərraclar bağlanarkən qiymət 754 dollara qədər artsa da, amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 7 mart tarixində qeydə alınmış 3892 dollarlıq qiymətin fonunda çox ucuz bir dəyər təsiri bağışlayırdı.
 

MÖVZU İLƏ BAĞLI:

“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ


Gözlənilməz müharibə bazarları da, ticari əlaqələri də, insanların baxışlarında da çox şeyi dəyişdi. Və indi qışın ilk ayını arxada qoyan avropalılar bilirsiniz nəyə təəccüb edirlər? İqlimə yox, çünki artıq gələn həftə arktik soyuq hava kütlələri Şimal yarımkürəsini ağuşuna alacaq və əsil qış başlayacaq. Elə Azərbaycanın paytaxtı üçün də Yeni ilin ilk qarı proqnoz edilir.       

Sual isə bundan ibarətdir: Avropa niyə Rusiya qazı olmadan donmadı! 

Avropa işığa və istiliyə qənaət etməyə başladı, fabrik, zavodların və hətta krematoriyaların sobalarını belə qənaət rejiminə keçirdi, küçələrin və vitrinlərin işıqlandırılmasını müvəqqəti dayandırdı. Və son statistikaya diqqət yetirdikdə görmək olur ki, 450 milyon əhalisi olan Avropa Birliyi qaz istehlakını təqribən 25 faiz azaltmağa nail oldu. Bundan əlavə Avropa Birliyi yeraltı qaz anbarlarına rekord həddə qaz toplaya bildi. 

Qeyd edək ki, Avropa Konissiyasının qəbul etdiyi qərarlardan biri də 2022-ci il noyabrın 1-dək qaz anbarlarının 80%-dən az olmamaq şərti ilə doldurulması idi.

Bununla belə, artıq noyabrın 2-də Avropa Qaz İnfrastruktur Assosiasiyasının (GIE) məlumatına görə, yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatları 95% və ya 103 milyard kubmetrə qədər dolduruldu. 2021-ci ilin eyni dövründə anbarların qazla doldurulma səviyyəsi cəmi 76,8%-ə çatırdı. Noyabrın 15-dək isə Avropa İttifaqı qaz anbarlarındakı ehtiyatları 95,6%-ə qədər artıraraq 104 milyard kubmetr qaz tədarükü görə bildi.

Dekabrın 31-i tarixinə olan məlumata görə, Avropada qaz anbarları 83,26% dolu olub və qazın ümumi həcmi təxminən 90,5 milyard kubmetr təşkil edib.  

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bununla bağlı belə deyib:

"İndi bizim əsas vəzifəmiz qışa hazırlıqdır. Növbəti qış üçün. Çünki biz bu qış artıq təhlükəsizik".

10 il əvvəl yaşananlar. Və Avropada başlayan bu hazırlıq Azərbaycandan yan keçməyəcək. Bu ili mən Azərbaycanın enerji tarixində 10 il əvvəl yaşadıqlarımızın təkrarı kimi görürəm, amma daha masştablı şəkildə. Tarixə ekskurs etsək, 2013-cü ilin iyununda Azərbaycan Avropa bazarına öz qazının hansı marşrutla çıxarılmasını müəyyənləşdirmiş, daha sonra Transadriatik boru kəməri səhmdarları ilə müvafiq saziş imzalamış, bundan sonra Azərbaycan qazının Avropada alacaq şirkətlərlə həmin ilin sentyabrında 25 il müddətinə alqı-saqtı müqavilələri imzalamış və nəhayət, Azərbaycan hökuməti Avropa bazarı üçün nəzərdə tutulan qaz resursu olan “Şahdəniz-2” layihəsinin işlənməsi üçün hüquqi öhdəlikləri rəsmiləşdirmişdi. 

İndi biz getdiyimiz o yolu bir daha keçməliyik ki, Avropaya bir zamanlar açdığımız çığırı magistral yola çevirə bilək: yəni Azərbaycanın 10 milyard kubmetrdən az olmayan əlavə qaz həcmlərini Avropa bazarında 2027-ci ildən etibarən ticarətinə başlayaq. 

Açıqlanan məlumatlara görə, hazırda bu istiqamətdə ciddi işlər aparılır, istər qazın sahibi olan Azərbaycan tərəfindən, istərsə də ötən ildən yaranmış mürəkkəb hərbi-siyasi münasibətlər çərçivəsində Avropadan bizim qaza ümidli olan ölkələr tərəfindən. Bununla bağlı Yeni ildə ilk xəbərlər də Avropadan gəldi. 
Azərbaycan qaz layihəsinin təqdimatına hazırlaşır. Bolqarıstan prezidenti Rumen Radev bəyan edib ki, fevralın 3-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı ölkələrin energetika nazirlərinin görüşü zamanı Avropaya Azərbaycandan əlavə təbii qaz tədarükü layihəsi təqdim ediləcək.

Bolqarıstan lideri yanvarın 3-də Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən bildirib ki, bu layihə Azərbaycandan əlavə təbii qaz həcmini Avropaya minimum vəsaitlə və tez bir zamanda nəql etməyə imkan verəcək. 

“Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulacaq”, - deyə “Bolqarıstan milli radiosu” Radevin sözlərindən sitat gətirib.

Layihə nədən ibarət ola bilər? Təbii ki, onun resurları. Yəni Azərbaycan hansı mənbələr hesabına Avropaya əlavə qaz həcmlərini çıxarmağı planlaşdırır. Bu məsələ bazar iştirakçıları üçün hansısa yenilik deyil. Çünki Azərbaycanın dövlət başçısı İlham Əliyev bir neçə dəfə beynəlxalq səviyyəli görüşlərdə Azərbaycanın qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu və Avropa bazarı üçün hazırda “Abşeron” qaz kondensat yatağının işlənməyə hazırlandığını bəyan edib. 

Qeyd edim ki, 2023-cü ilin planında artıq “Abşeron” yatağından ilk qazın hasil edilməsi hökumətin planına salınıb. Yəni yeni bir meqa layihənin reallaşması üçün satıcı və alıcılar arasında əminlik körpüsünün məhz fevraldakı beynəlxalq tədbirdə ictimailəşdirilməsini 2022-ci ilin 18 iyul tarixində Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış anlaşma memorandumunun praktiki icrası yolunda atılmış mühüm bir addım kimi qiymətləndirmək olar.

Bundan əlavə həmin tədbirdə Azərbaycan tərəfi Cənub Qaz Dəhlizi üzrə fəaliyyət göstərən 3 boru kəməri - Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP səhmdarları ilə qaz infrastrukturunun genişləndirilməsi məsələlərini təfsilatı ilə müzakirəyə çıxarda bilər. Çünki “Abşeron-2” layihəsi üzrə yatağın işlənməsi ilə paralel boru kəmərləri üzərində nasos-kompressor stansiyalarının tikintisi də həyata keçirilməlidir ki, Avropadakı istehlakçılar zamanında istədikləri qaz həcmlərini ala bilsinlər. 
Amma bu o demək deyil ki, borunun genişləndirilməsi məhz “Abşeronun” növbəti mərhələsi üzrə mavi yanacağın çıxarılması məsələsinə bağlı olmalıdır. Çünki Azərbaycanın daxili bazarında digər mənbələr də var ki, onun ixrac imkanlarını müəyəyn qədər artırmağa qadirdir. Buna görə də borunun mərhələli şəkildə buraxıcılıq gücünün artırılması həm Azərbaycan üçün əlavə qazanc imkanları yaradar, həm də Avropada müəyyən ölkələrin enerji təhlükəsizliyini daha da dayanıqlı edər. 

Avropaya qaz ixracının yeni marşrutu. Amma Bolqarıstan prezidentinin açıqlamasındakı “Azərbaycandan əlavə təbii qaz həcmini Avropaya minimum vəsaitlə və tez bir zamanda nəql etmə imkanı” ifadəsi zənnimcə tam başqa layihəyənin imkanlarına yönəlib. 

Söhbət Bolqarıstan və Türkiyə arasında olan infrastrukturun imkanlarından yararlanmaqdan gedə bilər. Hazırda iki ölkə arasında 1987-cı ildən istismarda olan və 2020-ci ildən fəaliyyətsiz qalmış Transbalkan qaz kəmərinin bir xətti və Rusiya qazının axdığı Türk axını kəməri mövcuddur. 

Təbii ki, Türkiyə energetika nazirinin ilin başlanğıcında Balkan ölkələrinə səfəri təkcə kəşfiyyat xarakteri daşımır, həm də rəsmi Ankaranın özünün qaz ixracatçısına çevrilməsi imkanlarını qiymətləndirməsidir. Bir tərəfdən Türkiyə cari ilin fevralında İstanbulda “Yeni qaz qovşağı” yaradılması üzrə beynəlxalq konfrans çağırır, digər tərəfdən isə öz ölkəsinin məhz 2023-cü ilin yazında qaz hasil edən ölkəyə çevrilməsinin reallıqlarını ortaya qoyur. 

Türkiyənin qaz planları. Fatih Dönməz Balkan ölkələrinə səfərindən sonra TvNet telekanalına geniş müsahibəsində Türkiyədəki “qaz qovşağının” işlək hala gəlməsi üçün bir ilə qədər zamanın gərək olduğunu söyləyib. Və əlavə edib ki, Türkiyənin təkcə Qara dənizdəki təsdiqlənmiş qaz ehtiyatları 710 milyard kubmetrdir. Daha sonra bildirib ki, Türkiyənin Avropa bazarlarına qaz çıxarmaq imkanları ildə 100 milyard kubmetrə qədərdir, hazırda infrastruktur yalnız 30-40 milyarda qədər qaz həcmləri ilə məhdudlaşır. 

Fatih Dönməz “biz qaz satan və alanların işlərinə əsla qarışmaq fikrində deyilik” desə də, amma vurğulayıb ki, qazın Avropaya ixracı üçün məhz qovşaqda yeni bazar mexanizmləri formalaşacaq. Necə, nə cür, bu kimi məsələlərə hələ aydınlıq gətirilməsə də, amma bir şey aydındır ki, Türkiyə diplomatikcəsinə vurğulayır ki, bundan sonra Avropa ilə qaz ticarətində bu ölkə sadəcə tranzit ölkəsi kimi qalmaq niyyətində deyil. 
Onun bu fikrinin təsdiqi isə yanvarın 3-də BOTAŞ və “Bulgargaz” arasında ildə Transbalkan kəməri vasitəsi ilə ildə 1,5 mlrd kubmetr qazın Bolqarıstana satılması mərasimində söylədiyi “Lazımi şərait yaranarsa, Türkiyə Bolqarıstan vasitəsilə qaz ticarətini təşkil edə, yəni üçüncü ölkələrin qaza olan tələbatını ödəyə bilər", - bəyanatından doğur.              

Yəqin ki, rəsmi Ankaranın Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya nəqlinə dair razılaşmanı ötən il yubatması da müəyyən dərəcədə bu məsələlərə bağlıdır. Təbii ki, istənilən mürəkkəb məsələlər belə qarşılıqlı maraqların qorunması prinsipi ilə həllini tapır, əgər ki, ortada prinsipial mövqe və məsələnin çözülməsi üçün istək varsa.

Azərbaycan özünün neft və qaz layihələrinin gerçəkləşdirilməsində siyasi iradə və anlamlı mövqe ortaya qoymaqla neçə-neçə düyünə düşmüş problemlərin həllinə nail olub.

İstər Xəzərin hüquqi statusu olsun, istər Bakı-Tiflis-Ceyhan kimi əsas ixrac kəmərimizin marşrutunun seçilməsi olsun, istərsə də “Şahdəniz” kimi mürəkkəb yatağın işlənilməsi zamanı Fransa və Norveçin enerji nəhənglərinin qəfil aradan çıxmaq istəyi ilə üzləşdiyi zaman. 
Ona görə də hesab edirəm ki, Azərbaycanı yenicə başlamış bu ildə bir birindən maraqlı olacaq enerji hadisələri gözləyir və həmişəki kimi ölkəmiz bu sınaqlardan üzü ağ, alnı açıq çıxacaq və bir zamanlar üfüqdə görünən arzular artıq gerçəkliyə çevriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin