Mərkəzi Bank 2023-cü ildə pul siyasətinə 8 dəfə müdaxilə edəcək - SƏBƏB

Hazırda oxunan: Mərkəzi Bank 2023-cü ildə pul siyasətinə 8 dəfə müdaxilə edəcək - SƏBƏB

112457

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, AMB  gələn il də pul siyasətinə 8 dəfə baxmağı nəzərdə tutub.

Qeyd edilib ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarları fevralın 1-i, martın 29-u, mayın 3-ü, iyunun 21-i, iyulun 26-sı, sentyabrın 20-si, noyabrın 1-i və dekabrın 20-də açıqlanacaq. 

Maraqlıdır AMB hansı kriteriyalara əsasən, gələn il üçün pul siyasətinə 8 dəfə baxmağı nəzərdə tutur və tarixləri niyə əvvəlcədən bəlli edir? 

Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, bu addım bazar iştirakçılarına öz fəaliyyətlərini daha yaxşı planlaşdırmağa xidmət edəcək bir addımdır:

“Fikir vermisinizsə, Amerikanın Federal Ehtiyat Sisteminin il ərzində nə vaxt qərar verəcəyi qabaqcadan bəlli olur. Azərbayan Mərkəzi Bankı da bu yolu tutub.

Bu da bazar iştirakçılarının öz fəaliyyətlərini daha yaxşı planlaşdırmasına xidmət edir. Yəni bazar iştirakçıları mərkəzi bankların ilin hansı günündə bu və ya digər istiqamətdə qərar verəcəklərini bilir və ona uyğun da əvvəlcədən plan qururlar. Düzdür, fövqəladə hadisə baş verərsə, mərkəzi bankların plandankənar toplantı və qərarları da olur. Amma fövqəladə toplantının səbəbini də əsaslandırmalıdırlar.
O mənada, hamının əvvəlcədən öz  işini müəyyənləşdirməsi, planlaşdırması baxımından Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı verəcəyi qərarların tarixini qabaqcadan bəyan etməsi prosesdə müsbət haldır. Bu Mərkəzi Bankın yeni rəhbərinin atdığı müsbət addımdır.

Azərbaycanda hələlik buna alışmalıblar. Əslində isə qanunvericilik təkcə bu sektorda deyil, bir sıra digər məqamlarda da bunu nəzərdə tutur.

Məsələn, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə, artıq ilin sonundan xeyli əvvəl bütün dövlət qurumları gələn il üçün nəyi, nə vaxt alacaqlarının siyahısını indidən portala yerləşdirməli idilər. Bu, dövlət orqanlarına xidmət göstərən, mal satanların qabaqcadan öz işlərini planlaşdırması üçün vacibdir. Amma təəssüf ki, dövlət orqanlarının 99 faizi həmin portalda dediyim məlumatları yerləşdirmirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin