Dünya Bankı Azərbaycanla bağlı narahatlıq doğuracaq fikirlər səsləndirib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus deyib ki, Azərbaycanın ixrac bazarlarını genişləndirmək üçün beynəlxalq təşkilatlara, ilk növbədə, ÜTT-yə üzvlüyü mühüm aspektdir.
Onun sözlərinə görə, uzunmüddətli artım üçün daha məhsuldar qeyri-neft sektorunun formalaşdırılması lazımdır:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycandakı inflyasiyadan Mərkəzi Bank məşğul olmalıdır” – Dünya Bankı rəsmisi
“Bunun üçün də bir neçə şərt var. Dövlət müəssisələrinin özəl sektorun sahibkarlığını və yaradıcılığını əngəlləmədiyindən və ya sıxışdırmadığından əmin olmalısınız. Yeni bazarlara çıxış, şübhəsiz ki, rəqabətqabiliyyətli və ölkənin irəliləməsinə kömək edə biləcək daha məhsuldar qeyri-neft sektorunun olmasını təmin etmək üçün vacibdir”.
Beynəlxalq ekspertlərin də fikrindən aydın olur ki, iqtisadiyyatın və ixracatın şaxələndirilməsindəki problemlər Azərbaycana yaxın gələcək üçün yaxşı heç nə vəd etmir. Bu gün xarici ticarətdə ilk beşlikdəki dövlətlərin payı yerdə qalan onlarla ölkənin payından qat-qat çoxdur.
Məsələn, İtaliyanın neft-qaz ixracatımızdakı payı qalan ölkələrin ümumi payı qədərdir. Və yaxud aqrar sektorda ixracımızın 80 faizi Rusiyanın payına düşür. Belə hallar isə istər-istəməz asılılıq yaradır. İstənilən asılılıq isə infilyasiyanın hərəkətverici qüvvəsidir.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu gün neft-qaz ehtiyatlarının alternativ bazarlara çıxardılmasına çox ciddi ehtiyac var:
“Bildiyimiz kimi qeyri-neft sektorunda əsas yeri kənd təsərrüfatı tutur. Təəssüf ki, bu sahədə bizim ixracın çox böyük hissəsi Rusiyanın payına düşür. Bəlkə elə buna görədir ki, Rusiya zaman-zaman müxtəlif bəhanələrlə bizim ixracımıza əngəl törədir.Bu da əlavə problemlər yaradır.
Ona görə də alternativ bazarların axtarışı bu gün çox aktualdır. Bunun üçünsə Ümumdünya Ticarət Təşkilatına üzvülük ölkəmizə əlavə və fərqli imkan yarada bilər. Çox təəssüf ki, Azərbaycanın qurumla 25 il danışıqlar aparmasına rəğmən hələ də ÜTT-na üzv olmamışıq”.
Ekspert ÜTT təşkilatına üzvlüyün bəzi qurumların və inhisarçı şirkətlərin işinə yaramır:
“İnhisarçılıq bəzi adamlar üçün rahat gəlir mənbəyinə çevrildiyi üçün ticarətin şaxələndirilməsinə maraq azdır. Bu gün alternativ bazarlara çıxış yolu ÜTT-ə üzvlükdən, Aİ ilə əməkdaşlığın genişləndirilməsindən keçir. Bundan əlavə, ölkədə rəqabət mühitinin yaradılması artıq qaçılmazdır. Yoxsa, infilyasiyanı durdurmaq mümkün olmayacaq”.
Surxay Atakişiyev, Bizim.Media