Serbiya prezidenti dekabrda Bakıya niyə gəlir? – İlham Şabandan son həftənin təhlili və PROQNOZLAR

Hazırda oxunan: Serbiya prezidenti dekabrda Bakıya niyə gəlir? – İlham Şabandan son həftənin təhlili və PROQNOZLAR

106646

Yola saldığımız həftə dünyanın enerjisi heç də neft və qazın üzərində cəmləşmədi. Bu da səbəbsiz deyildi, çünki Qətərdə futbol üzrə 22-ci Dünya çempionatı artıq maraq baxımından ətrafda baş verən çox şeyi üstələyib. Axı necə də üstələməsin? Dünya neft bazarının birinci skripkası sayılan Səudiyyə Ərəbistanı heç kəsin gözləmədiyi halda dünyanın ən titullu futbol komandalarından biri olan Argentina millisini məğlub etdi. Özü də o komandanı ki, sadəcə ikiqat dünya çempionu deyildi, həm də son 3 ildə məğlubiyyət nədir bilmirdi. 

Səudiyyənin futbol qələbəsi və neft bazarının reaksiyası. Böyük auditoriya toplayan idman artıq çoxdan təsir sərhədlərini xeyli genişləndirib, bu, təkcə komandalar arasında yarışma deyil, həm də siyasətdir, özü də böyük siyasətin ayrılmaz bir hissəsi kimi. Ona görə də Azərbaycanın siyasi rəhbərliyinin istər Qarabağın işğal altında olan torpaqlarının geri qaytarılması, istərsə də Azərbaycan qazının böyük bazarlara çıxması öncəsi idmana verdiyi önəm heç də yarışların yekunu olaraq Azərbaycan bayrağının dövlətimizin himni altında qaldırılmasına hesablanmamışdı. İndi əminliklə demək olar ki, Azərbaycan əzəldən daha ciddi oyunlara hazırlıq məqsədi güdürdü. 
 

Səudiyyənin qələbəsi zamanı, yəni noyabrın 22-də London birjasında Brent markalı neft həftənin rekord qiymətini vurdu: neftin ən bahalı partiyası 89 dollar 90 sentə satıldı. Həmin gün Avropada qazın spot qiyməti isə 1000 kubmetr üçün 1323 dollara qədər yüksəldi. 


İndi isə neft qiymətləri 85 dollar ətrafında ticarət edilir. Buna səbəb isə Səudiyyə Ərəbistanı energetika naziri Əbdüləziz bin Salman Əl Səudun ölkəsinin 2031-ci ilədək neft layihələrinə 769 milyard dollarlıq sərmayə yatırması ilə bağlı bəyanatı oldu. Nazir izah edib ki, məqsədyönlü layihələr ölkədə neft hasilatının gündəlik olaraq 13 milyon barrelə çatdırılması planına hədəflənib. Rusiya neftinin bazardan sıxışdırıldığı bir zaman Ər-Riyaddan gələn belə bir açıqlamanı həm bazarı sakitləşdirən mesaj kimi, həm də ABŞ-la münasibətlərin mülayimləşdirilməsinə doğru atılan addım kimi də qəbul etmək olar.  

Avropa Birliyinin Rusiyaya qarşı 9-cu sanksiya paketi. Amma istənilən halda hələ dünya enerji bazarlarında qiymətlər stabillikdən çox uzaqdır və ani bir an içərisində bazarda kəskin dəyişikliklər yarana bilir. 

Ursula fon der Leyen bu günlərdə Finlandiyada çıxış edərkən bəyan edib ki, Rusiyanın Ukrayna ilə müharibə aparmaq qabiliyyətini daha da zəiflətmək üçün onun iqtisadiyyatı üçün həssas olan sektoruna zərbə endirilməsi planlaşdırılır. “Mən elan edə bilərəm ki, biz doqquzuncu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik.

Və əminəm ki, tezliklə G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qiymətlərinin qlobal məhdudlaşdırılmasını təsdiqləyəcəyik", deyə Avropa Komissiyasının rəhbəri bildirib. 

Gündəlikdə isə Avropa Birliyi ölkələrinin kollektiv şəkildə qaz almaq planları var. Bütün bunlar isə təbii ki, Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Axı bizi qarşıda Avropaya əlavə qaz həcmləri çıxarmaq kimi yeni bir meqa layihə gözləyir.   

Serbiya Azərbaycandan qaz və elektrik idxalına çalışır. Bizim Avropa ilə enerji ticarətimizlə bağlı məsələlər elə bu həftə Azərbaycan prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərində əsas müzakirə obyekti kimi yadda qaldı. Rəsmi Bakı və Belqrad energetika sahəsində layihələri geniş müzakirə etdiklərini bəyan etdilər. 

Azərbaycan Prezidenti bu səpkidə geniş danışmadı, amma çox ciddi məqamlara toxundu.
 

Əvvəla bildirdi ki, təbii qaz, elektrik enerjisi sahələrində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açılır. İkincisi, Azərbaycanın zəngin qaz resurslarının bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynadığını vurğuladı və Azərbaycanın bu istiqamətdə rolununun getdikcə artacağını dilə gətirdi. 


Öz növbəsində Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin enerji təhlükəsizliyini artırmaq yolunda Azərbaycana, xüsusilə Prezident Əliyevə minnətdarlığını ifadə etdi. O, daha sonra ortada təkcə təbii qazın idxalı deyil, həmçinin Azərbaycandan birbaşa elektrik enerjisinin alınması layihəsin də olduğunu vurğulayıb.  

“Biz elektrik enerjisinin Serbiyaya ötürülməsi məsələsini müzakirə etdik. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Burada elektrik xətti suyun altından çəkilməlidir. Bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə uğurla qoşulduqdan sonra Serbiya gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini Azərbaycandan idxal edə bilər və ölkəmizin enerjisi təhlükəsizliyi tam şəkildə təmin edilər”, deyə Serbiya prezidenti bildirib. 

Serbiya prezidenti dekabrda Bakıya niyə gəlir? Çıxışının finalında isə Serbiya prezidenti medianın faktiki diqqət yetirmədiyi bir hadisənin anonsunu edib. “Biz müzakirələri davam etdirəcəyik. Bizim üçün olduqca əhəmiyyət kəsb edən bir neçə məsələni müzakirə etmək üçün qarşıdakı 20 gündə mənim Bakıya, Azərbaycana qeyri-rəsmi, lakin mühüm səfərim gözlənilir.

Məni bu gün əsası qoyulmuş strateji tərəfdaşlığı çox konkret razılaşmalar və əməli addımlarla dərinləşdirmək üçün Serbiya hökumətinin bir neçə naziri müşayiət edəcək”, deyə Vuçiç bildirib. 

Serbiya prezidentinin İlham Əliyevə diqqəti və qayğısı Azərbaycan prezidentinin təyyarəsi bu ölkənin hava məkanına daxil olan zamandan hiss edilirdi. Amma yola salma mərasimində İlham Əliyevi təyyarəyə qədər müşayət etməsi və səmimi hislərini nümayiş etdirməsi ona dəlalət edə bilər ki, Azərbaycan bu ölkənin gələcək həyatında iz buraxacaq bir layihənin gerçəkləşməsinə HƏ deyib. Qalıb texniki və hüquqi məsələlərin başa çatdırılması.  
 

Mənim bu qənaətə gəlməyim isə Serbiya prezidentinin “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq” fikrindən qaynaqlanır.


Hesab edirəm ki, Azərbaycan və Serbiya arasında qazın alqı-satqısına dair sənəd imzalanacaq. Serbiya prezidenti də Bakıya “Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya ixracı ilə əlaqədar imzalanacaq ilk kommersiya Sazişi” mərasiminə qatılmaq üçün səfər edəcək. Ona görə də səfərini qeyri-rəsmi adlandırıb.   

Azərbaycanın Qərbi Balkan ölkələri ilə qaz danışıqları. Elə bu həftə “LGP News” jurnalına müsahibəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov hazırda Qərbi Balkan ölkələrinə Azərbaycan qazının çatdırılması üzrə danışıqlar aparıldığını açıqlayıb. "Bir müddət əvvəl biz Qərbi Balkan ölkələri ilə bu regiona mümkün qaz tədarükü ilə bağlı dialoqa başlamışıq. Avropa Komissiyası da bu dialoqda iştirak edir ki, bu da Qərbi Balkanlarda yeni enerji siyasətinin tərkib hissəsidir”, deyə nazir müavini bildirib. 

Elnur Soltanovun açıqlamasında maraqlı bir məqam var:  Nazir müavini bildirib ki, bəzən hətta kiçik həcmdə əlavə qaz müəyyən bir ölkə üçün böyük şaxələndirmə ola bilər”.

Azərbaycanın ayrı-ayrı Avropa ölkələrinin enerji həyatında oynadığı və oynayacağı rol isə kifayət qədərdi.

Azərbaycan İtaliya kimi iri bir ölkənin qaz təminatında bu il iştirakını 14%-ə qədər yüksəldəcək, bu göstərici Yunanıstanda 25%-ə, Bolqarıstanda isə 35%-ə qədər artacaq. Amma Qərbi Balkan ölkələrində ola bilsin 50% səviyyəsinə çatsın. Elə isə Azərbaycanın bu ölkəlıərin enerji təhlükəsizliyində olan roluna bilərəkdən kölgə salmağın mənası nədir?   

TAP-la ixrac həcmləri. Trans Adriatik Boru Kəməri konsorsiumunu idarə edən TAP AG şirkətinin açıqlamasına görə, artıq Avropa bazarlarına 22 aydan bir qədər çox müddətdə 18 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Qeyd edim ki, TAP istismara verilməklə öz marşrutu boyunca və ondan kənarda yerləşən, amma Azərbaycan qazının alıcısı olan ölkələrə iş yerləri, yerli icmalara investisiyalar və gəlirlər şəklində iqtisadi fayda gətirir. O, iştirakçı ölkələrin enerji sistemlərini daha sabit və təhlükəsiz edib, daha səmərəli rəqabət vasitəsilə vətəndaşlar və biznes üçün qiymətlərin əlçatanlığını mümkün edib. 

Yaşıl enerjidən ağılla istifadə edəndə. Bizim qaz həcmlərimizin ixracının artırılması isə birbaşa daxili tələbatın azaldılması məsələlərinə bağlıdır. Özü də fərq etməz, bu ya təbii qaz olsun, ya da elektrik enerjisi istehsalı. Çünki Azərbaycanda istilik elektrik stansiyalarında qazdan istifadə edilməklə yaradılan elektrik enerjisinin xüsusi çəkisi bəzi hallarda 94%-ə qədər çatır. Ona görə də ölkədə bərpa olunan və alternativ enerji mənbələrindən alınan elektrik orta və uzaq perspektivdə ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edəcək. 

Bu həftə Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda təşkil edilən beynəlxalq konfransda "Ernst & Young" beynəlxalq audit şirkəti maraqlı məlumatlar açıqlayıb. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində salınmış "Ağıllı kənd"də alternativ enerji mənbələri hesabına artıq 1 milyon 298 min manat həcmində qənaət qeydə alınıb. 

Bura kənddəki binaların isidilməsi üçün, mənzillərin isti su ilə təchizat, küçə işıqlandırılması üzrə alternativ mənbələrdən alınan enerji, həmçinin enerji istehsal edən qurğu və avadanlıqların qənaətcil texnologiyalar əsasında istismar edilməsi smart sistemlərdən istifadə nəzərdə tutulur. 
 

Layihə icra edilərkən alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin həcmi 5,99 milyon kVt/saat, istifadə edilmiş elektrik enerjisinin həcmi isə 3,14 milyon kVt/s olub. Qənaət 2,85 mln kVtsaata çatıb. Üstəlik, 657 min kubmetr təbii qaza qənaət edilib. 


Bu məlumatlar olduqca vacibdir. Çünki “enerjinin yaşıllaşdırılması” təkcə onun idarə edilməsində tətbiq edilən süni intellektdən asılı olmur. Bu texnologiyaların tətbiqinin sürətləndirilməsi, onun əlçatanlığına nail olunması, istehlak coğrafiyasının genişləndirilməsi işıqlı insanlardan asılı məsələdir. Arzu edək ki, enerjimiz yaşıllaşdıqca, işıqlı insanlarımız da çoxalsın.  

İlham Əliyev SOCAR və BP haqqında. Və nəhayət, həftənin sonuncu iş günü də enerji məsələləri ilə bağlı maraqlı fikirləri yenə Prezident İlham Əliyev səsləndirdi. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edərkən İlham Əliyev enerji mövzusunda aşağıdakı məsələlərə diqqət yetirdi:

- SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik Azərbaycana əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək;
 

- BP Azərbaycanda strateji sərmayədardır. BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var.    


-  “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da aktualdır. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin