Şimal rayonlarında fermerlər taxıl əkməkdən imtina edirlər? - SƏBƏB

Hazırda oxunan: Şimal rayonlarında fermerlər taxıl əkməkdən imtina edirlər? - SƏBƏB

101467

Şimal bölgəsi rayonlarında taxılçı fermerlər gübrənin qiymətinin bahalaşmasından narahatdırlar. Onlar bildirirlər ki, Rusiyalı istehsallı gübrələrin qiyməti bu il kəllə-çarxa çıxıb. "Amafos"un 50 kiloqramlıq kisəsi indi 89, "Hitro-amazofka"-nın isə kisəsi 67 manata satılır.

Bu isə fermerlərin taxıl becərmək imkanlarını məhdudlaşdırdığını deyirlər. 

Fermer İldırım Məmmədov Bizim.Media-ya danışarkən deyib ki, belə getsə, rayonda taxıl əkini azalacaq:

“Çünki bol məhsul üçün kəndli taxıl sahələrinə bu gübrələrdən səpməli, becərməlidir. Becərmə vaxtı taxılın hektarına mütəmadi olaraq 300 kiloqram gübrə səpilməlidir. Orta hesabla bu da hektara 400-450 manat əlavə xərc deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Kiçik fermerlər təsərrüfatlarını sığortalamaqdan niyə qaçırlar? – Ekspertin ŞƏRHİ


Bir hektardan isə maksimum 2.5 ton buğda almaq olar. Hesab edin ki, 35 faiz qazanc gedir cübrəyə. Bunun toxumu, yerin şumlanması və biçilməsini də üstünə gəlsək, fermerə heç nə qalmır. Kəndli taxıl əkməkdənsə, elə gedib bazardan alsa daha ucuz başa gəlir”. 

İldırım Məmmədov deyir ki, bir tərəfdən də subsidiya problemi var:

“Dövlət taxıl əkən fermerə subsidiya verir, amma bələdiyyə sahəsində taxıl əkən kəndli subsidiya ala bilmir. Bildiyiniz kimi, qarşıda da ərzaq problemi ilə dolu ağır illər gəlir, bu məsələ yüksək dairələrdə həllini tapsa, taxıl əkməyə həvəs bəlkə ölməzdi”.

Bölgənin ən çox taxıl əkilən rayonlarından olan Xaçmazda bu il 20 min hektara yaxın sahədə taxıl əkiləcək.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya bildirilib ki, hələlik rayonda 980 hektar taxıl səpilib, payız əkini noyabr ayının sonunadək davam edəcək. Qurumdan da Rusiya istehsallı mineral gübrələrin bahalaşmasını təsdiqləyiblər:

“Rusiyadan ölkəyə gübrə gətirən şirkətlər və iş adamları gübrənin maya dəyərinin orda yüksək olması səbəbindən burda da qiymət bahalaşdırıblar”.
Quba Dövlət Aqrar İnkişsf Mərkəzindən də eyni fikir səsləndirilib.

Qurumun sektor müdiri Tarverdi İsmayılov bildirib ki, fermerlərin gübrənin bahalığı ilə bağlı narahatçılığı Kənd Təsərrüfatı Nazirliyinə çatdırılıb:

“O ki qaldı subsidiya məsələsinə, dövlət taxıl əkən fermerə subsidiya verir.  Bələdiyyə torpağında taxıl əkən fermerin bütün sənədləri qaydasında olarsa o da subsidiyasını ala bilər”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin