“Kəpəz”in baş məşqçisi ƏSƏBİLƏŞDİ: “Əsas heyət üçün Rauf Əliyev mövzusu bağlanıb”

Hazırda oxunan: “Kəpəz”in baş məşqçisi ƏSƏBİLƏŞDİ: “Əsas heyət üçün Rauf Əliyev mövzusu bağlanıb”

95899

“Nə olur olsun nizam intizamı olmayan heç kimi bağışlamaq fikrində deyiləm. Rauf Əliyev əvəzedici heyətdə də oynayacaq, ya yox, bilmirəm. İstər futbolçu olsun, istər köməkçi, istər digər texniki işçi. Bu komandanın məsuliyyətini hamımız bir yerdə daşıyırıq. Bu gün idarə heyətinin sədri İlqar Nadiri imkan daxilində vacib olan infrastrukturu, şəraiti yaratmağa çalışır ki, klubda yüksək əhval ruhiyyə olsun. Bizim də işimiz nizam-intizamla meydançada öz bacarığımızı ortaya qoymaq, bütün var qüvvəmizlə komandanın qələbələri üçün çalışmaqdır”.

Bu açıqlamanı Bizim.Media-ya eksklyuzuv müsahibəsində “Kəpəz” futbol klubunun baş məşqçisi Tərlan Əhmədov verib. Onun sözlərinə görə klubda nizam-intizam bir nömrəli şərtdir:

“Əlbəttə komanda da təcrübəli futbolçuların olması vacibdir. Onlarla gənclərin tandemi çox yaxşı nəticə verə bilər. Peşəkarlar yeni futbolçulara çox şey öyrədə bilərlər. Oyunda baş məşqçi meydançadan kənarda olur. Təcrübəli futbolçular oyunu idarə etmək imkanına malikdirlər. Lakin istənilən peşəkar, təcrübəli futbolçu baş məşqçini eşitməli, onun verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməlidır. Nizam-intizamsız istənilən futbolçu ilə yolumuza davam etmək fikrində deyilik”.

- Tərlan müəllim, komanda 6 turdan sonra ilk dəfə qalib gəldi. Hazırda vəziyyət necədir?

- Komanda nəhayət ki, məğlubiyyət sindromunu qırdı. Hazırda çox yüksək əhval ruhiyyə var futbolçülar arasında. Klubun rəhbərliyi bütün vacib olan şəraiti komanda üçün yaratmağa çalışır.

“Turan”la oyunda məğlub olsaq da futbolçuların meydanda oyunu mənə düşünməyə imkan verdi ki, komandaya ümid var. Sonrakı turda Qəbələdə “Şamaxı” ilə oyunda geri durumda ola ola “Kəpəz”in qələbə qazanması artıq komandanın potensialının olduğunu, gələcəkdə birgə görülən işlər nəticəsində yaxşı nəticələrə nail olmağa ümid verdi.

Komandaya yeni nəfəsə ehtiyac var. Hazırda bir neçə mövqeyə yeni futbolçuların cəlb olunması istiqamətində işlər gedir. Təbii klubun büdcəsinə uyğun hərəkət edəcəyik. Əslində bütün mövqelərə rəqabət olsun deyə yeni futbolçular lazımdır. Lakin yenə də deyirəm ki, klubun maddi imkanı daxilində işlərimizi quracıq.

- Əsasən hansı mövqelərə daha çox ehtiyac var? Hər hansı danışıqlar gedirmi?

- Klubun idarə heyətinin sədri İlqar Nadiri ilə söhbətimiz olub. Bir neçə futbolçu ilə danışıqlar aparmışıq. Əsasən hücum, yarımmüdafiə xəttinə oyunu dəyişə biləcək futbolçu cəlb etmək istəyirik. Yaxın günlərdə bu transferlər bağlı ətraflı məlumat verəcəyik.

- İlk müsahibənizdə qeyd etmişdiniz ki, sehirbaz deyilsiz. Amma komanda da bir çox məsələri həll etməklə nələrəsə nail olmaq mümkündür. Təyinatınızdan sonra nələri dəyişə bilmisiniz?

- Mən yenə də deyirəm ki, sehirli çubuğum yoxdur. Amma artıq iş prinsipində bir çox yeniliklərə nail ola bilmişik. Artıq klubun idman akademiyasının inkişafı istiqamətində əməli addımlar artırıq. Əsas komanda ilə bərabər həm əvəzedici heyətin, həm də aşağı yaş qrupundan olan komandaların məşqlərini mütəmadi izləyirik.

Bu gün əvəzedici heyətdən 3 futbolçu əsas heyətlə məşqlərə qatılıb. Yaxın günlərdə 15 yaşlılardan ibarət komandadan 3 yeniyetmə futbolçunu əsas komanda ilə məşqlərə dəvət etmişik. Mütəmadi olaraq bütün yaş qruplarından olan komandalarda ən yaxşı fərqlənən futbolçular əsas komandanınməşqlərinə cəlb ediləcəklər.

Bu həmin yeniyetmələr arasında bir stimul yaradacaq. Gəncə həmişə Azərbaycan futboluna peşəkar idmançılar yetirib. Bu şəhərin gözəl potensialı var.

Biz “Kəpəz”-in möhtəşəmliyini qaytarmaq istəyiksə mütləq uşaq futbolunu inkişaf etdirməliyik ki, gələcəkdə komanda yerli peşəkar futbolçularla təmin olunsun. Bu istiqamətdə ilk addımlarımız atmışıq. Ümidvaram ki, həm Gəncə ictimaiyyəti, həm keçmiş peşəkar gəncəli futbolçular, həm də futbol veteranları bu işləri həyata keçirməkdə bizə dəstək olacaqlar.

- Tərlan müəllim. Dəstəkdən söz düşmüşkən. Bu yaxınlarda Futbolun İnkişafı Fondu və "Kəpəz" klubu tərəfindən “Kəpəz100k” layihəsi start götürüb. Artıq ianələr edənlər də az deyil. Estafet Sizə də çatmışdı. Amma sanki çox sürətlə irəliləmir bu proses?

- Bu çox yaxşı bir layihədir. Komandasına dəstək durmaq istəyən hər bir “Kəpəz”i sevən azarkeş həm ölkəmizin istənilən yerindən, həm də dünyanın istənilən nöqtəsindən kluba ianə etmək imkanı yaranıb.

Hesab edirəm ki, “Kəpəz”in sadiq azarkeşləri, komandanın inkişafını dəstəkləyən, həm ölkəmizdə, həm də xaricdə yaşayan kəpəzsevərlər doğma komandalarına dəstək olacaqlar. Mən isə öz növbəmdə estafeti Gəncə futbolunun yetirmələri Yunis Hüseynova, Mahmud Qurbanova və Vəli Qasımova, başda Mehman Allahverdiyev olmaqla bütün veteran futbolçulara ötürürəm. Bütün kəpəzsevərləri bu layihə vasitəsilə komandaya dəstək olmağa çağırıram.

- Tərlan müəllim. Gəncəli azarkeşlər doğma arenada “Kəpəz”i dəstəkləyə biləcəklərmi?

- Biz bunu hamıdan çox arzu edirik. Çünki güclü azarkeş stadionda 12-ci oyunçü deməkdir. Hesab edirəm ki, əgər bu vaxta kimi komanda doğma meydanda oynasaydı bu 3 deyil daha çox xalları ola bilərdi. Məndə olan məlumata görə klubun rəhbərliyi bu istiqamətdə əməli işlər görürlər.

Ümidimiz var ki, yaxın zamanlarda bu vacib məsələ öz həllini tapacaq və “Kəpəz” doğma azarkeşlər önündə çıxış edəcək. Gəncə böyük futbol üçün darıxıb. Biz də öz növbəmizdə çalışacağıq ki, yaxşı oyunlarla, qələbələrlə azarkeşlərimizi sevindirək.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin