“QARABAĞ”ın forması niyə bahalaşıb? – SƏBƏBLƏR AÇIQLANDI 

Hazırda oxunan: “QARABAĞ”ın forması niyə bahalaşıb? – SƏBƏBLƏR AÇIQLANDI 

94337

Ötən mövsümü 69 xalla başa vuran Ağdam təmsilçisi “Qarabağ” futbol klubu tarixində 9-cu dəfə Azərbaycan çempionu oldu. Çempionlar liqasında ard-arda keçirdiyi uğurlu oyunlardan sonra isə komandanın yerli azarkeşlərinin sayı artdı.  

Komandanın uğurlu oyunlarına artan maraq özünü “Qarabağ FK” yazılmış “t-shirt”lərə olan tələblərin də artması ilə biruzə verib. Sözün əsl mənasında artan tələblər, bu sahədə çalışan iş adamlarını da daha yaxşı pul qazanmağa sövq edib.  

“Qarabağ FK” azarkeşlərindən Bizim.Media-ya daxil olan məlumata görə, Qarabağ futbol klubunun nişanələri və futbolçuların soyadı qeyd olunmuş köynəklərin qiyməti 35 manatdan – 90 manata yüksəlib.  

Bakı sakini Zemfira Kərimova bildirib ki, oğlunun 15 yaşı var və 5 ildən çoxdur ki, “Qarabağ”a azarkeşlik edir. Artan qiymətlər valideyn olaraq onu da məyus edir:  

“Əvvəllər övladlarımız bizə Şevçenko, Ronaldo, Messi yazılı “futbolkalar” aldırırdısa, indi Qarayev, Zubir, ən əsası isə “Qarabağ” yazılmış futbol geyimləri almağımızı istəyirlər. Uşaqlarımızın milli futbola həvəsləndiyi bir vaxtda geyimlərin qiymətlərinin bu cür artması heç bir əndazəyə sığmır”.
Qarabağın oyunlarına uzun müddət azarkeşlik edən Fərid Ağayevin sözlərinə görə o, “Qarabağ FK” nişanəli “futbolkaların” süni bahalaşmasının aradan qaldırılması üçün hətta AFFA-ya da məktub yazıb:

“Gündəlik zəruri olan ərzaq məhsullarının qiymət artımı zamanla cüzi fazilələrlə baş verir. Hətta brend geyimlərin qiymətinin də bir ayda bu cür artdığını görməmişəm. Qarabağın oyunlarına yeni “futbolka” ilə getmək hamı kimi mənim də arzumdur. Amma indiki bahalaşma fonunda bunu etməyim mümkün deyil”.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, “Qarabağ” “futbolkalarının” satış qiymətinin bahalaşmasına həm süni qiymət artımının, həm də inflyasiyanın təsiri var:  

“Adi “futbolkaların” qiyməti nə qədər artıbsa, inflyasiya “Qarabağ”ın “futbolkalarının” dəyərinin artmasına da, məhz o qədər təsir etməlidir. Qiymətin bu qədər qalxmasının səbəbi isə “Qarabağ”ın brendə çevrilməsidir.  

Məsələn, “Barselona” klubunun köynəklərinin real qiyməti bundan ən azı 10 dəfə bahadır. Başqa cür belə izah edərdim ki, eyni parçadan hazırlanmış və eyni qədər vəsait xərclənmiş normal bir çanta ilə “Şanel” brendi ilə satılan çantanın satış qiyməti eyni deyil, çünki orada “Şanel” markasının adı var.

Ağdam təmsilçisinin son günlər göstərdiyi uğurlu performanslar bazarda onun köynəklərinə olan sifarişləri də artırıb. Bunun fonunda da qiymətlər artıb”.  

Sosioloq Elçin Bayramlı isə qiymət artımını bəzi işbazların xalqın milli hisslərindən öz məqsədləri naminə istifadə etməsi kimi dəyərləndirib:  

“Son illər Azərbaycanın Qarabağda keçirdiyi uğurlu hərbi əməliyyatlar fonunda “Qarabağ”ın möhtəşəm oyunlar nümayiş etdirməsi bu mənada komandanın “t-shirt”lərinə olan sifarişləri xeyli artırıb. Bəzi biznes adamlarının bundan şəxsi mənafeyi naminə istifadə etməsi isə yolverilməzdir.
Azarkeş kütləmizin milli ruhda yetişməsi baxımından bu “futbolkaların” satışının artması bir növ milli ruhun, milli futbolun təbliğat vasitəsidir. Bu təqdirdə qiyməti 3 dəfəyə yaxın artırmaq heç bir məntiqə uyğun deyil. Əgər köynəklərin maya dəyəri bahalaşmışdısa, məbləğ ən çox 10-15 manat civarında artmalı idi. Bunu bir növ Azərbaycan azarkeşlərinə hörmətsizlik kimi dəyərləndirirəm”.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin